Sumqayıt Kimya Sənayesinin qurucularından biri Zamin Hüseynov - 80

(Portret cizgiləri)

Onlar dörd dost, dörd yoldaş idilər. Çox vaxt da Sumqayıtda onlara kimya sənayesi adlı müqəddəs evin dörd möhkəm dirəyi deyirdilər. Onların hər biri xeyirxah, savadlı, təşkilatçı, ürəyi Sumqayıtla döyünən insanlar idilər. Bu insanlar keçən əsrin 60-90-cı illərində Sumqayıtda çox məşhur idilər. Bu şəhərin birinci katiblərindən, İcra Hakimiyyəti başçılarından tutmuş, bütün ağsaqqallarına, cavanlarına qədər hamı onlara böyük hörmətlə yanaşır, xətirlərini çox istəyirdilər. Çox vaxt el şənliklərində, bayramlarda, şəhərdə keçirilən əmək və incəsənət bayramlarında, şəhər partiya komitəsinin iclaslarında da onlar yan-yana əyləşərdilər. Bugünkü Sumqayıt Kimya Sənayesi də bu insanlara çox borcludur. Çünki onlar kimya sənayesinin dirçəlməsi, Sovetlər birliyi dağılandan sonra tənəzzülə uğramaması üçün əvəzsiz işlər görmüşdülər. Onlar daha böyük işlər görə bilərdilər, amma bədxahları, onların kölgələrini qılınclayanlar bu insanlara imkan vermədilər. Onların vaxtından tez dünyalarını dəyişməsinə səbəb oldular...

Bu şəxsiyyətlər - Nərçə Ağayev, Nurəddin Babayev, Ucal Qasımzadə və Zamin Hüseynov idi. Onlar Sumqayıtın ən aparıcı kimya zavodları olan, Superfosfat zavoduna, Üzvi-Sintez zavoduna, Məişət Kimyası zavoduna və Sintez-Kauçuk zavoduna rəhbərlik edirdilər. Bu dörd müəssisə həmin vaxtlar Sumqayıtın gəlir mənbəyi, pasportu, insanların güzəranının yaxşılaşmasında əsas qüvvə, şəhərin abadlaşmasında ən çox iş görən təşkilatlar idilər, desəm yanılmaram.

Onların dördü haqqında da Sumqayıtın 70 illiyinə həsr etdiyim və üzərində ciddi işlədiyim “Əfsanələrdən yaranan şəhər və onun insanları” kitabımda böyük portret yazıları işləmişəm və çalışmışam ki, onların böyük, geniş işlərinin heç olmasa kiçik bir hissəsini yazıya köçürüm.

Bu yazımı isə bütövlükdə, xeyirxah insan, dəyərli ziyalı, ürəyi Sumqayıt üçün həmişə məşəl kimi yanan Zamin Mirəli oğlu Hüseynova həsr edirəm. Çünki xatirələr çözüldükcə, ayrı-ayrı insanlarla söhbət etdikcə, belə fikirləşdim ki, onun haqqında lazım olan hər şeyi hələ yaza bilməmişəm. Amma belə insanlar haqqında onunla təmasda olan hər bir yazar, ziyalı əgər ürək sözlərini yazıb, gələcək nəsillər üçün saxlasa bu daha gözəl olar. Çünki biz, belə insanları yalnız yazılı ədəbiyyat vasitəsilə gələcək nəsillərə saxlaya bilərik ki, onlar da bilsinlər belə ulu babaları, millət üçün böyük işlər görən dəyərli, savadlı uluları olub.

Qısa arayış: Zamin Mirəli oğlu Hüseynov 1938-ci ilin noyabr ayının 12-də Lənkəran rayonunun Boladi kəndində anadan olub. 1961-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu əla qiymətlərlə bitirib və taleyini Sumqayıtla bağlayıb. 1961-63-cü illərdə Superfosfat zavodunun dənəvər-superfosfat sexində mexanik işləyib. 1968-ci ildən Sumqayıt Polimertikinti Kombinatının baş mühəndisi olub. Onun çox təşkilatçı insan olduğunu görüb daha cavabdehli işə keçiriblər. Belə ki, 1971-ci ildə Superfosfat zavodunun direktoru təyin ediblər. Burada da özünü yaxşı təşkilatçı rəhbər, yenilikçi insan kimi göstərdiyinə görə 1974-cü ildə Sumqayıt Kimya Sənayesi İstehsalat Birliyinin baş direktorunun birinci müavini təyin olunub. Bu, 36 yaşlı cavan kadr üçün həmin vaxtı çox böyük vəzifə sayılırdı. 1978-80-ci illərdə SSRİ Nazirlər Sovetinin yanında Xalq Təsərrüfatı Akademiyasında təhsil alıb. 1980-ci ildən ulu öndər Heydər Əliyevin əmri ilə Sumqayıt Sintez-Kauçuk İstehsalat Birliyinin baş direktoru təyin olunub. Uğurlu işlərinə görə Azərbaycan Respublikasının Dövlət mükafatına və bir neçə SSRİ miqyaslı orden-medallara layiq görülüb. O, ümumittifaq əhəmiyyətli bir neçə ixtiranın müəllifi olub və həmin ixtiralar da kimya istehsalatında tətbiq olunub. Sumqayıt şəhər Partiya Komitəsinin üzvü və dəfələrlə Sumqayıt şəhərinin deputatı seçilib.

Bizim onunla tanışlığımız 1976-cı ildən başlayır. Həmin vaxtlar Sumqayıt şəhərində keçirilən bütün əmək-incəsənət bayramlarının və dövlət səviyyəli tədbirlərin ssenari müəllifi və quruluşçu rejissoru mən olurdum. Hətta Zamin müəllimin rəhbərlik etdiyi Sintez-Kauçuk zavodunun da bir neçə tədbirini mən hazırlamışdım. Onunla tez-tez təmasda olub, maraqlı söhbətlər də etmişdik. Amma bizim ən yaxın münasibətimiz, 1989-cu ilin yanvar ayından mən Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına rəhbərlik etdiyim vaxtdan başladı. Həmin vaxtı Sumqayıtın birinci katibi, mənim kimi yüzlərlə cavanların ağsaqqalı Zülfü Salah oğlu Hacıyev məni böyük təkidlə Ağdam Dövlət Dram Teatrının direktoru - baş rejissoru vəzifələrindən Sumqayıt teatrına direktor vəzifəsinə gətirtmişdi. Baxmayaraq Mədəniyyət naziri Polad Bülbüloğlu buna razı deyildi, amma Zülfü müəllimin təkidindən sonra məcbur olub razılaşmışdı. Çünki mən Sumqayıtın kadrı idim və 1985-ci ildə Ağdama getməmişdən əvvəl səkkiz il Dövlət Teatrın aktyoru və Sumqayıt Gənclər Xalq Teatrının bədii rəhbəri işləmişdim.

Sumqayıt Dövlət Dram Teatrının direktoru yeri bir iliydi ki, boş idi və ora rəhbər təyin edə bilmirdilər. Mən, bir həftə teatrın bütün problemləri ilə tanış olandan sonra, özümün gələcək planlarımı da yazıb, Zülfü müəllimlə görüşdüm. Onun yanında şəhərin ikinci katibi Eldar İsmayılov və Humanitar məsələlər şöbəsinin müdiri Şakir Abuşov da vardı. Mən teatrın gələcəkdə böyük uğurlar qazanması ilə bağlı onlara bütün problemlər və bunların həlli yolları haqqında ətraflı məlumat verdim. Həm də Sintez-Kauçuk İstehsalat Birliyinə məxsus olan Səməd Vurğun adına Kimyaçıların Mədəniyyət Sarayında 40-dan çox otaq olduğu halda teatrın cəmi 5 otaqda yerləşdiyini, Mədəniyyət Nazirliyi tərəfindən bir il bundan qabaq teatra verilən səsgücləndirici aparatı qurmaq üçün pul olmadığını, işıq texnikasının bərbad olmasını, zaldakı oturacaqların çoxunun sınıq olduğunu, san uzellərin lazım olan səviyyədə işləməməsini və başqa ciddi məsələlər haqqında ətraflı danışdım. Həmin vaxt Zülfü müəllim təklif etdi ki, bütün bu məsələləri yalnız Sintez-Kauçuk İstehsalat Birliyinin direktoru Zamin Hüseynov həll edə bilər. Onunla telefonla danışdı və bildirdi ki, “Ağalar İdrisoğlu sabah sizin yanınıza gələcək. Teatrın bütün işlərində onlara bacardığınız qədər köməklik etmək lazımdır”.

Zamin müəllim razılıq verdi və mən səhəri günü günortadan sonra onunla görüşdüm. O, məni çox səmimi qarşıladı və bu vəzifəyə təyin olunmağım münasibətilə təbrik etdi. Onunla iki saata qədər söhbət etdik. Söz verdi ki, bütün problemlərimizi həll edəcək, təki biz yaxşı tamaşalar hazırlayaq. Teatrda baxdığı tamaşaları elə maraqlı formada təhlil etdi ki, mən onun belə teatral olmasına mat qaldım. Hətta Moskvada Xalq Təsərrüfatı Akademiyasında təhsil aldığı vaxt çoxlu tamaşalara baxdığını, klassik dramaturqlarımızın pyeslərini oxumasını, onlardan maraqlı sitatlar gətirməsi də məni valeh etdi. Mən də təklif etdim ki, sizin teatrı sponsorluğa götürməyinizin müqabilində Sintez-Kauçuk İstehsalat Birliyinin bütün tədbirlərini də bundan sonra teatr özü təmənnasız keçirəcək. Həmçinin ona təklif etdim ki, sizi teatrın bədii şura üzvü seçək və tamaşaların daxili baxışında gəlib öz ürək sözlərinizi də deyərsiniz. O isə belə təklif etdi və dedi: “Biz dörd dostuq, Nərçə Ağayev, Nurəddin Babayev, Ucal Qasımzadə və mən. Bizim dördümüzü də bədii şuranın üzvü seçin. Biz, teatrın bütün işlərində də sizə lazım olan bütün köməklikləri edərik”.

Onunla razılaşdım. Zamin müəllim qısa bir vaxtda teatra Mədəniyyət Sarayından əlavə 15 otaq ayırdı. Həmin vaxt üçün böyük pul tələb edən səsgücləndirici aparatı və işıq sistemini zavodun maliyyəsi hesabına lazım olan səviyyədə qurdurdu. Tamaşaçı zalını, foyeni, sanuzelləri və qrim otaqlarını tam təmir etdirdi. Beləliklə, həmin dörd insanla teatrın əsl dostluğu başladı. Bundan da teatr və Sumqayıt tamaşaçıları çox qazandı. Onlar teatra təkcə maliyyə ilə köməklik etmədilər, həm də teatrımızın ən böyük təbliğatçıları oldular. Hətta 1991-ci ilin noyabrında mənim ideyamla Sumqayıt Dövlət Dram Teatrı, Musiqili-Dram Teatrı olanda və teatra əlavə 80 ştat veriləndə “Azmənzilsənayetəmirtikinti” İstehsalat Birliyi ilə Sumqayıt Sintez-Kauçuk İstehsalat Birliyi bizim kirayənişin olduğumuz Səməd Vurğun adına Kimyaçıların Mədəniyyət Sarayındakı səhnədə orkestrovkanın qurulmasına, səhnənin genişləndirilməsinə, zalda əlavə səsgücləndiricilərin düzəldilməsinə də böyük maliyyə köməkliyi etdi. Həmin vaxtlar Zamin Hüseynovun rəhbərliyi ilə Sintez-Kauçuk İstehsalat Birliyi xarici ölkələrə satdığı məhsullarla Azərbaycana çoxlu valyuta gətirirdi. Hətta Zamin müəllimin kabinetində olanda o, mənə çoxlu məişət qablarının, stol, stul, şkaf, şfaner, mebel dəstləri olan modellər də göstərmişdi. Deyirdi ki, tezliklə kauçuk sexini işə salıb, etilen-polietilen, polipropilen və polistrol məhsulları da istehsal etməklə bütün bu məişət, texnika məhsullarını istehsal edəcəyik və Azərbaycana daha çox xarici valyuta gətirəcəyik. Biz də həmin günü səbirsizliklə gözləyirdik. Amma bu məqamda Zamin Hüseynovu guya “Azərikimya” Dövlət Şirkətinə daha böyük vəzifəyə gətirmək adı ilə Sintez-Kauçuk İstehsalat Birliyinin baş direktoru vəzifəsindən çıxardılar. Bu, ən böyük və bağışlanılmaz səhv idi. Bununla da həmin müəssisə tənəzzülə uğradı və Zamin Hüseynov da az bir vaxtdan sonra dünyasını dəyişdi... Onu yaxından tanıyanlar buna çox heyfisləndi…

Ümumiyyətlə bir millət kimi tarixlər boyu bizim ən böyük və bağışlanılmaz səhvimiz çox vaxt ağıllı, bacarıqlı, savadlı həmvətənlərimizə qarşı etdiyimiz ən dəhşətli haqsızlıqlar olub. Bu da millətimizin inkişafına böyük zərbə vurub…

Biz, uzun illər Zamin Mirəli oğlunu yaxından tanıyan, onunla bir yerdə işləyən, onun vaxtında Sintez-Kauçuk İstehsalat Birliyinin fəhlə-təchizat idarəsinin rəisi vəzifəsində işləyən, hal-hazırda isə Sumqayıt bələdiyyəsinin şöbə müdiri Fəxrəddin Rəhimovla oturub, çox adamın bilmədiyi bəzi məqamlara işıq salırıq. Fəxrəddin müəllimin Zamin Hüseynovla bağlı xatirələrini çözələyirik.

- Sizin tanışlığınız nə vaxtdan başlayıb?

- Mənim onunla tanışlığım, Zamin müəllim hələ Superfosfat zavodunun direktoru olandan başlayıb. Sonra da bu dostluq o, Moskvadan qayıdıb, 1980-ci ildə Sintez-Kauçuk İstehsalat Birliyinin baş direktoru təyin olunandan sonra davam elədi. O, həmin vaxtı Xalq Təsərrüfatı Akademiyasını əlaçı diplomu ilə bitirib Azərbaycana qayıdandan sonra ulu öndər Heydər Əliyev onu kabinetinə dəvət etmişdi. Çünki Zamin müəllimi Moskvaya oxumağa da dahi rəhbər özü göndərmişdi. Onu Ulu Öndər Sintez-Kauçuk İstehsalat Birliyinin direktoru təyin edib və təbrik edəndən sonra da pəncərədən Qara şəhəri göstərib və deyib: “Onu da bil ki, Sintez-Kauçuk İstehsalat Birliyinin nəzdində EP-300 qurğusu tikiləcək. Neftin istehsalının da bir hissəsi həmin EP-300 qurğusunda hasil olacaq. Daha bundan sonra bu Qara şəhər də olmayacaq. Əgər sən mənim ümidlərimi doğrultmasan qırmızı diplomla bitirdiyin Akademiya da sənə kömək edə bilməyəcək”.

Zamin müəllim də söz verib ki, ona olan bütün ümidləri doğruldacaq. Həmin vaxtı mən Sintez-Kauçuk İstehsalat Birliyi fəhlə-təchizat idarəsinin rəisi idim. Zamin müəllim ora baş direktor təyin olunanda artıq üç il idi ki, mən bu vəzifədə işləyirdim. O, elə ilk gündən həmin müəssisədə böyük dönüş yaratdı. Hər bir işi ilə insanların qayğısını çəkən, yüksək təşkilatçı bir rəhbər olduğunu sübut elədi. Mən ondan sonra 13 direktorla da işləmişəm. Amma onun kimi fəhlənin qədrini bilən, savadlı və təmiz, dünya malında gözü olmayan insan görmədim. Hətta bu gün də vaxtı ilə Zamin müəllimlə bir yerdə işləyən insanlarla rastlaşanda hamı onu böyük sevgi ilə yad edir. Onun haqqında pis söz deyən adama heç vaxt rast gəlməmişəm.

- EP-300 qurğusunun tikintisi yadınızdadırmı?

- Əlbəttə, yadımdadır. Həmin vaxtı Mərkəzi Komitənin məsul işçisi vardı, Xudaverdi Hənifəyev. O, daim Zamin Hüseynovla mübahisə edirdi. Onların da mübahisəsi onun üstündə idi ki, Xudaverdi müəllim istəyirdi ki, işlər çox tez sona yetsin. Zamin müəllim isə istəyirdi ki, EP-300 qurğusu tez tikilsin, amma keyfiyyətli inşa edilsin. Adi bir misal. Hənifəyev deyirdi ki, kabellər estakadanın üstündən getsin və bu iş çox da vaxt aparmasın. Amma Zamin müəllim deyirdi ki, belə olmaz. Kabellər latoklarda, tranşeylərdə getməlidir ki, sonra texniki təhlükəsizlikdə problemlər yaranmasın. EP-300 qurğusu da onun böyük səyi, böyük əməyi sayəsində elə vaxtında, 1988-ci ildə istifadəyə verildi. Özü də dekabr ayının 31-də ilk məhsul istehsal olundu. Həmin vaxtı Moskvadan iki nümayəndə də gəlmişdi. Zamin müəllim də onları evə aparıb və yeni ili bir yerdə qarşılayıblar. Sonra onları Qonaq evinə göndərib. Gecə saat 3-də onlara zəng vurublar ki, zavodda yanğın var. Telefonu götürən həyat yoldaşı tez onu yuxudan oyadıb və bu hadisəni ona deyib. Təsəvvür edin ki, bütün günü zavodun istehsalata buraxılması ilə məşğul olan yorğun adam necə olar. O, bu sözləri eşidən zaman tez zavoda gəlib və görüb ki, EP-300 qurğusu yanır. Bu qurğu da böyük bir zavoddur. O, çox böyük həyəcanla cəld 9 mərtəbəli bina hündürlüyündə olan estakadanın üstünə pilləkənlərlə qalxıb ki, görsün yanğın haradan başlayıb.Yanğın söndürənlərə də deyib ki, “məni alovdan qoruyun. Görüm yanğın niyə başlayıb”. O, estakadadan yanğın olan yerə diqqətlə baxıb və aşağıda olanlara deyib ki, filan vintili bağlayın. İşçilər vintili aşağıdan bağlayandan sonra alov səngiyib və demək olar ki, tam azalıb. Həyəcandan Zamin müəllim estakadadan düşə bilməyib. Elə bil ki, onun ayaqları tutulub. Yanğınsöndürənlər onu çox çətinliklə aşağı düşürüblər. Sonra məlum olub ki, hansısa vintil boş imiş, hazır məhsul 140 dərəcə ilə axırmış həmin vintilin üstünə, oradan da isti par keçirmiş və həmin məhsul alovlanırmış. Yəni hansısa bir operatorun səhlənkarlığı ucbatından bu baş vermişdi. Beləliklə, alovun qarşısı tezliklə alınıb və bütövlükdə zavoda keçməyib. Bu, Zamin müəllimin böyük ağılı və şücaəti idi. Təkcə Sumayıtda yox, respublikada hamı onun bu qəhrəmanlığı haqqında danışırdı. Ölkə rəhbərliyi onun bu işini yüksək qiymətləndirmişdi.

EP-300-lə bağlı bir hadisə də danışım. Orada böyük kalonların biri partladı. Zavoda böyük ziyan dəydi. Həmin vaxtı Zamin Hüseynov ezamiyyətdə idi. O, ezamiyyətdən qayıdandan sonra günahkarlar gözləyirdi ki, onları cazalandıracaq, kimlərisə işdən çıxaracaq. Amma o, gəlib işlə özü tam tanış olandan sonra bütün rəhbər işçiləri kabinetinə yığıb, çox sakit, təmkinlə dedi: “Artıq hadisə baş verib. Gedin istirahət edin və sabah gəlin, fikirləşək ki, bu hadisəni aradan necə qaldıra bilərik”. Bax o, belə humanist və heç bir kin-küdurəti olmayan insan idi. Həmin vaxtı Azərbaycanda böyük xaos hökm sürürdü. Moskvadan zəng vurub, dedilər ki, mütəxəssislər göndərək gəlib, orada işləri bərpa eləsin. Amma Zamin müəllim razı olmadı və dedi ki, hər şeyi özümüz qısa vaxda yoluna qoyacağıq. Elə də oldu. Hər şey çox az bir vaxtda yoluna qoyuldu. Həmin vaxtı Rusiyada olan EP-300 zavodunda da partlayış olmuşdu. Amma baxmayaraq ki, Rusiyada mütəxəssislər çox olsa da həmin zavodu uzun müddət bərpa edə bilmədilər. Bu da Zamin Hüseynovun öz işini mükəmməl bilən mütəxəssis olduğuna bir sübutdur.

- O, çox istəyirdi ki, Sintez-Kauçuk İstehsalat Birliyində məişətdə və texnikada işlədilən çoxlu məhsullar da istehsal edib, Azərbaycana daha böyük gəlirlər gətirsin. Amma bu iş həmin vaxtı alınmadı. Bunun səbəbi nə idi?

- Həmin vaxtı onun kabinetində bununla bağlı üç plakat vardı. Plakatlar etilen-polietilen, polipropilen və polistrola aid idi. O, istəyirdi ki, bu məhsulları əldə etsin. Yəni Sintez-Kauçuk İstehsalat Birliyində bunlar istehsal olunsun. Bununla bağlı bir neçə xarici ölkə ilə də müqavilələr imzalanmışdı və oradan mütəxəssislər gəlib, bu qurğuları tikəcəkdilər. Əgər bu məhsullar istehsal olunsaydı Azərbaycana böyük gəlirlər gələcəkdi. Həmin vaxtı artıq Xalq Cəbhəsi hakimiyyətə gəldi. Böyük xaos hökm sürürdü. Sonra da Zamin Hüseynov 1994-cü ildə Sintez-Kauçuk İstehsalat Birliyinin baş direktoru vəzifəsindən “Azərikimya” Dövlət Şirkətinə xarici ölkələrlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə keçirildi və bu maraqlı ideya reallaşmadı. O, 6 il bu şöbəyə rəhbərlik etdi və 2000-ci ilin mart ayının 12-də dünyasını dəyişdi. Cəmi 61 il 4 ay yaşadı. Əgər ona qarşı həmin haqsızlıqlar olmasaydı Zamin müəllim çox yaşayacaqdı. Çünki mübariz insan idi.

Onu da vurğulayım ki, Zamin müəllim ulu öndər Heydər Əliyevi çox sevirdi və həmin xaos dövründə çox istəyirdi ki, dahi rəhbər hakimiyyətə gəlsin. Bununla bağlı cəbhənin hakimiyyəti vaxtı dəfələrlə öz çıxışlarında bu haqda danışırdı. Ulu Öndər də ona çox inanırdı. Zamin Hüseynov Superfosfat zavodunun direktoru olanda kənd təsərrüfatı işçiləri ilə hansısa bir müşavirə keçiriləndə gübrə ilə bağlı məsələdə ulu öndər Heydər Əliyev onun fikirlərini də öyrənirdi və Zamin müəllimin məsləhətlərinə böyük önəm verirdi.

Zamin Hüseynovun vaxtında Sintez-Kauçuk İstehsalat Birliyində 6 min 500-dən çox insan işləyirdi. O, çalışırdı ki, bütün işçilərin əmək haqqı və evlə bağlı problemləri tam həll olunsun. Hamı yaxşı əmək haqqı alıb, ailəsinin bütün problemlərini həll etsin. Hətta həmin xaos dövründə də bizim müəssisə Zamin Hüseynovun vaxtında öz işinin öhdəsindən tam gəlirdi və orada işləyən insanların da heç bir problemi olmurdu. Hətta yadınızdadırsa həmin vaxtı Xalq Cəbhəsinin fitvası ilə zavodlarda, fabriklərdə işləyənləri məcbur edirdilər ki, tətil etsinlər, adamlar işə çıxmasınlar. Hətta işlədikləri qurğuları sındırsınlar. Amma Sintez-Kauçuk İstehsalat Birliyində hamı Zamin müəllimə inandığına görə heç kim tətilə çıxmırdı. Onun hər sözü işçilər üçün qanun idi. Hamı bilirdi ki, o, nə deyirsə işin xeyrinə deyir. Çünki bu insan çox böyük və əvəzolunmaz şəxsiyyət idi.

Baxmayaraq ki, Zamin Mirəli oğlu Hüseynov 18 ildir ki, haqq dünyasına qovuşub, biz onu heç vaxt yaddan çıxarmamışıq. Həmişə də heyifsilənirik ki, belə gözəl mütəxəssis vaxtından tez dünyasını dəyişdi. O, həqiqətən də Azərbaycan Kimya Sənayesinin çox böyük mütəxəssislərindən biri idi. Bu gün Sumqayıtda Kimya Sənayesinin həmin xaos vaxtında dağılmamasının qarşısını alanlardan biri də məhz Zamin Mirəli oğlu Hüseynov olmuşdu. Qoy bunu gələcək nəsillər də bilsin.

P. S. Fəxrəddin Rəhimovdan ayrılandan sonra və bu yazını işləyəndə də Zamin müəllimin gözəl siması, uşaq təbiətli gülüşü, kin-küdurətdən uzaq, xeyirxah əməlləri gözlərimin qabağından getmirdi. Onunla bağlı maraqlı xatirələrim beynimdə kino lenti kimi canlanırdı. Yalnız bir şeyə heyifsilənirdim ki, axı ömrünün böyük bir hissəsini Kimya Sənayesinə həsr edən belə böyük mütəxəssisin, kimya aliminin adı niyə hələ də Sumqayıtda əbədiləşməyib?.. Niyə onun haqqında xatirə kitabı yazılmayıb?.. Axı onun mənalı ömrü milyonlarla insanlar üçün çox böyük örnəkdir. Ancaq inanıram ki, tezliklə onun bu müqəddəs haqqı bərpa olunacaq və yaşadığı binaya barelyefi vurulacaq, Sumqayıtın küçələrindən birinə onun adı veriləcək. Haqqında sanballı bir kitab yazılacaq. Çünki bu, onun halalca xidmətidir və Zamin Mirəli oğlu Hüseynov bütün bunlara tam layiqdir.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə