“AZAL”ın prezidenti ABŞ nəqliyyat komandanı ilə görüşüb

ABŞ nəqliyyat komandanı general Stefan Layonsun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində qonaqlar Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən "Baku Cargo Terminal" yük terminalı ilə tanış olublar.

Ümumi sahəsi 25 min kv.m olan "Baku Cargo Terminal" MDB məkanında ən böyük və texniki cəhətdən təchiz edilmiş yük terminalıdır. Bakı yük terminalı ABŞ və Asiya arasında yüklərin daşınması üzrə əsas əlaqələndirici qovşaq qismində çıxış edir. AZAL-ın prezidenti Cahangir Əsgərovla görüş zamanı tərəflər iki ölkə arasında aviasiya sahəsində möhkəm tərəfdaşlıq münasibətlərindən məmnunluq hissi duyduqlarını bildiriblər.

Cahangir Əsgərov Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında mülki aviasiya sahəsində ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Xüsusən qeyd etmək lazımdır ki, ABŞ-ın ən böyük aerokosmik korporasiyası "Boeing" "Azərbaycan Hava Yolları"nın strateji tərəfdaşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə