“Milli kimliyimizin simvolu – Azərbaycan bayrağı” - KONFRANS - SƏS TV

Bu gün "Milli kimliyimizin simvolu - Azərbaycan bayrağı" adlı konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda giriş sözü ilə çıxış edən Mənəvi Dəyərlərin Təbliği fondunun icraçı direktoru Mehman İsmayılov mənəvi dəyərlər və onların mahiyyətindən danışıb. Fondun icraçı direktoru Azərbaycan bayrağının bizim mənəvi dəyərimiz kimi önəmini vurğulayıb və bayrağımızın milli kimliyimizin simvolu olduğunu qeyd edib.

Tədbirdə çıxış edən millət vəkili, Azər Badamov Azərbaycan bayrağının müstəqilliyimizin simvolu olduğundan danışaraq, üç rəngli bayrağın rənglərinin mahiyyətini də yada salıb və milli kimliyimizin simvolu olan Azərbaycan bayrağına hörmət və ehtiramını ifadə edib. Millət vəkili bayrağa hörmət etməyə hər birimizin borclu olduğunu bir daha xatırladıb.

Konfransda millət vəkili, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Şahin İsmayılov çıxış edərək Azərbaycan bayrağının tarixi barədə məlumat verib və bayrağımızın ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırıldığını yada salıb. Bayrağın simvol olduğuna diqqət çəkən natiq bunun məhz mənəvi dəyərlərə aid olduğunu söyləyib. Milli dəyərlərimizə bağlılığın vacibliyini, bayrağımızın ölkəmizin rəmzi olduğunu bildirən millət vəkili qeyd edib ki, indi vətəndaşlarımızın bayrağa olan sevgisini hər zaman, xüsusilə şəhidlərimizin xatirəsinin anım günlərində əyani şəkildə müşahidə edirik.

Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, "Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev isə çıxışında xüsusilə vurğulayıb ki, biz keçmişimizə hörmət etməli, dəyərlərimizi qorumalı və nəzərə almalıyıq ki, bayrağımız bizim qürur mənbəyimizdir. Ulu Öndər Heydər Əliyevin, "Müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub-saxlamaq, möhkəmləndirmək ondan da çətindir" tarixi fikrini yada salan Bəhruz Quliyev müstəqilliyimizi və bayrağımızı qorumağa borcu olduğumuzu diqqətə çatdırıb və xatırladıb ki, ötən əsrin sonlarında bərpa olunan müstəqilliyimiz, üç rəngli bayrağımızın yenidən qaldırılması, dalğalandırılması heç də asan başa gəlməyib: "Bu yolda şəhidlər verdik, torpaqlarımız işğala məruz qaldı, çətinliklərlə müstəqilliyi əldə etdik və o dövrdə bu müstəqilliyi qazanmaq, onu qoruyub saxlamaq üçün bir liderə ehtiyac var idi ki, bu da sözsüz öz xalqına sevgisi ilə, bağlılığı ilə özünü təsdiq etmiş bir lider - Ulu Öndər Heydər Əliyev idi ki, xalqın Ümummilli Liderə müraciət etməsi ilə hakimiyyətə gəlişi Azərbaycanın müstəqilliyini əbədiləşdirdi.

Bayrağımızın üzərində olan üç rəng Azərbaycanın siyasətini müəyyənləşdirir, Azərbaycanın müsəlman dövləti kimi, dünyəvi dövlət olduğunu təsdiq edir. Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi oyunlarına ev sahibliyi etməsi və həmin oyunlarda birinci yeri əldə etməsi də öz növbəsində bunu təsdiqləyir. Azərbaycanın böyüklüyü ondan ibarətdir ki, lazım olduğu zaman biz islam ölkələrini bir araya yığa bilirik. Bu möhtəşəm oyunlarda Azərbaycanın birinci yerə çıxması onu göstərir ki, aparılan siyasət doğrudur və bu siyasətin mərkəzində vətəndaş amili dayanır. Ulu Öndərin dediyi kimi, biz həqiqətən də fəxr edirik ki, biz azərbaycanlıyıq. Cənab Prezident İlham Əliyevin apardığı siyasət, gənclər siyasəti, keçmişinə hörmət, gələcəyə rəğbət uğurlu siyasətdir və müstəqilliyimizə öz tövhələrini verməkdədir. Bizim müstəqilliyimiz davam etdikcə bayrağımız da dalğalanacaq".

Konfransda digər çıxış edənlər də 9 Noyabr Bayraq Gününün böyük ehtiramla, hörmətlə və təntənəli şəkildə qeyd olunmasının vacibliyindən söz açıblar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə