AMEA ilə DGK arasında anlaşma memorandumu imzalanıb TƏDBİR

Noyabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA ilə Dövlət Gömrük Komitəsi (DGK) arasında anlaşma memorandumu imzalanıb. SİA-nın xəbərinə görə, imzalanma mərasimindən əvvəl AMEA-nın prezidenti, akademik Akif Əlizadə DGK ilə əməkdaşlığın əhəmiyyətindən danışıb.

Birgə fəaliyyətin idxal-ixrac əməliyyatlarında, əməliyyat-axtarış tədbirləri zamanı elmi araşdırmalardan istifadə edilməsi, informasiya texnologiyalarının tətbiqi, təhsil və elmi-tədqiqat məsələləri ilə əlaqədar qarşılıqlı dəstək və təcrübə mübadiləsinin aparılması, müştərək layihə və tədbirlərin həyata keçirilməsi baxımından zəruriliyini vurğulayıb.

Sonra Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev çıxış edib. Komitə sədri DGK-nın fəaliyyəti və perspektivlərindən, gömrük işi sahəsində həyata keçirilən islahatlardan, dövlətin bu sahəyə diqqət və qayğısından söz açıb.

Gömrük orqanlarında müvafiq xidmət sferalarının keyfiyyətinin yüksəldilməsi istiqamətində elmi əməkdaşlığın vacibliyini qeyd edən S.Mehdiyev AMEA ilə DGK arasında işgüzar əməkdaşlığın bundan sonra daha sıx davam etdiriləcəyinə əminliyini bildirib.

Tədbirdə digər çıxış edənlər memorandumun müştərək fəaliyyət istiqamətində atılmış uğurlu addım olduğunu, əməkdaşlığın genişlənməsinə təkan verəcəyini bildiriblər.

Sonda AMEA ilə DGK arasında anlaşma memorandumu imzalanıb. Sənəddə gömrük işi ilə əlaqədar elmi tədqiqat aparan, habelə müvafiq ixtisaslar üzrə təhsil alan magistrant, doktorant və dissertantlara şərait yaradılması, elmi araşdırmalar zamanı gömrük işi ilə əlaqədar müvafiq məlumatların daha asan və sürətli əldə olunmasına lazımi şərait yaratmaq məqsədilə informasiya texnologiyalarının tətbiqi imkanlarından geniş istifadə edilməsi və s. məsələlər yer alır.

Sənədi akademik Akif Əlizadə və gömrük xidməti general-leytenantı Səfər Mehdiyev imzalayıblar.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...