"Vizual olaraq əlilliyin təyin edilməsi neqativ hallara şərait yaradırdı"

“Növbəti ildə ehtiyac meyarının artırılması ilə bağlı ümumi sosial yardım proqramına 172 milyon manat ayrılıb”. SİA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında büdcə zərfinə daxil olan “2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı çıxış edərkən deyib.

Əlilliyin təyinatı ilə bağlı mövcud problemlərə aydınlıq gətirən qurum rəsmisi söyləyib ki, əlilliyin təyin edilməsi ilə bağlı məsələ narahatedicidir: “Nəzərinəz çatdırım ki, biz geriyə addım atmamalı, mütərrəqqi addımları təkmilləşdirməliyik. Əlillərin təkrar olaraq komissiyadan keçməsinə ehtiyac yoxdur. Çünki, onlar Səhiyyə Nazirliyinin tibb müəssisələrində əyani olaraq müayinədən keçirlər. Bizim tibbi sosial ekspert komissiyalarımızın heç bir avadanlığı yoxdur. Vizual olaraq əlilliyin təyin edilməsi neqativ hallara şərait yaradırdı. Hazırda əlilliyin təyinatı ilə bağlı keçid dövrüdür və müəyyən problemlər ortaya çıxır. Növbəti illərdə bunu təkmilləşdirəcəyik”.

İ.İsayev qeyd edib ki, Azərbaycanda pensiya təminatı sistemində əlillərin sayı 30 faiz təşkil edir: “Belə göstərici dünyanın heç bir ölkəsində yoxdur. Bunların sırasında II-III qrup əlillərin çəkisi daha böyükdür. Onlar bu əlliliyi pensiya təminatından istifadə etmək üçün alıblar. 2017-ci ildən edilən dəyişikliyə əsasən, artıq II-III qrup bu imkandan istifadə etmir. Həmin şəxslər minimum sığorta kartlarını yığmasalar, onlara pensiya təminatı təyin edilmir. Statistikada göstərilir ki, II-III qrup əliliklə bağlı təyinat azalıb. Lakin I qrup əlillərin sayında artım müşahidə olunur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə