Azərbaycanla Türkiyə birlikdə gələcəkdə də böyük uğurlara imza atacaq

“Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri təkcə ölkələrimiz üçün deyil, bütövlükdə dünya üçün böyük əhəmiyyət kəsb edir. Çünki münasibətlərimiz dünyanın enerji və nəqliyyat xəritəsini yenidən cızan böyük layihələrin həyata keçirilməsini də özündə ehtiva edir”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, Türkiyənin İzmir şəhərində "Star" neft emalı zavodunun açılması Azərbaycan-Türkiyə dostluğunun daha bir parlaq nümunələrindən biridir. Onun sözlərinə görə, hər iki ölkə bir sıra nəhəng layihələr realaşdırmaqla regionun inkişafına böyük töhfələr verirlər.

“Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TANAP layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər layihələr dünyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Əlbəttə ki, bu layihələr Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olması səbəbilə gerçəkləşib. Bu cür nəhəng layihənin reallaşması, şübhəsiz ki, Azərbaycan və Türkiyə liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olub. Yeni neft emalı zavodunun işə salınması, eyni zamanda, hər iki ölkənin həm iqtisadi, həm də siyasi gücünün göstəricisidir. Bu layihə hər iki ölkəyə siyasi dividendlərlə yanaşı, davamlı iqtisadi gəlirlər gətirəcək. Yəni "Star" ölkələrimizin iqtisadiyyatına xidmət edəcək böyük bir layihədir. Zavodun açılışında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək bu hadisəni yüksək dəyərləndiriblər. Dövlət başçıları müəssisənin iqtisadi üstünlüklərini qeyd etməklə yanaşı onun Azərbayca və Türkiyənin qardaşlığının nəticəsi olaraq ərsəyə gəldiyini vurğulayıblar. Bütün bunlar bir daha təsdiqləyir ki, dünyada Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr yoxdur. Münasibətlərimiz Ulu öndər Heydər Əliyevin söylədiyi “Bir millət-iki dövlət” fəlsəfəsinə əsaslanır. Şübhəsiz ki, Azərbaycanla Türkiyə birlikdə gələcəkdə də böyük uğurlara imza atacaq”, - deyə, E.İbrahimov vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə