MEK-in direktoru “Qızıl xaç” ordeni ilə təltif edilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Leyla İmanova Macarıstan-Azərbaycan ikitərəfli elmi-mədəni əlaqələrin genişləndirilməsinə, bu ölkə qarşısındakı xidmətlərinə görə Macarıstanın “Qızıl xaç” ordeni ilə təltif edilib.

Bu barədə MEK və Macarıstanın ölkəmizdəki səfirliyi tərəfindən keçirilən “Macarıstan-Azərbaycan mədəni əlaqələrinin inkişafına Mərkəzi Elmi Kitabxananın töhfəsi” adlı tədbirdə məlumat verilib.

Kitabxanadan SİA-ya bildiriblər ki, tədbirdə Macarıstan səfiri Viktor Szederkenyi Prezident Yanos Aderin təltif haqqında qərarını səsləndirib, MEK-lə əməkdaşlıqdan söz açıb. O, əməkdaşlığın iki ölkə arasında mədəni əlaqələrinin inkişafına böyük töhfə verdiyini vurğulayıb. MEK-in fəaliyyəti sayəsində Azərbaycan vətəndaşlarının Macarıstanın ənənələri, mədəni müxtəlifliyi, ədəbiyyatı, tarixi, elm və təhsil sistemi ilə yaxından tanış olduğunu deyib.

Diplomat səfirliyin kitabxana ilə birgə təşkil etdiyi elmi mühazirə, təqdimat və sərgilərdən də söz açıb. Ötən il “Bakıda Macarıstan günləri”nin təşkilində və uğurla həyata keçirilməsində MEK-in əsas tərəfdaşlardan biri kimi xüsusi rolu olduğunu bildirib: “Biz qürur duyuruq ki, MEK-də Macarıstanın kitab guşəsi var, burada böyük macar alimi, türkoloq G.Hazainin həyat və fəaliyyətinə dair, həmçinin Macarıstanın tarixi ilə bağlı kitablar mövcuddur”.

Sonra səfir “Qızıl xaç” ordenini Leyla İmanovaya təqdim edib.

Leyla İmanova mükafata görə minnətdarlığını bildirib, bunu MEK-in kollektivinin fəaliyyətinə verilən dəyər kimi qiymətləndirib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev çıxış edərək Macarıstan-Azərbaycan münasibətlərinin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığını deyib. Akademik qarşılıqlı elmi-mədəni əlaqələrin genişləndirilməsində MEK-in fəaliyyətini yüksək qiymətləndirib.

Sonda tədbir iştirakçıları Macarıstan mədəniyyəti, tarixi, incəsənəti haqqında kitablar, eləcə də macar dilində nəşr edilmiş və Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən kitabxanaya hədiyyə olunmuş kitablardan ibarət sərgiyə baxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...