Macarıstan-Azərbaycan mədəni əlaqələri ilə bağlı tədbir keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) və Macarıstanın Azərbaycandakı Səfirliyi “Macarıstan-Azərbaycan mədəni əlaqələrinin inkişafına Mərkəzi Elmi Kitabxananın töhfəsi” adlı tədbir keçirib. MEK-dən SİA-ya verilən xəbərə görə, Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi MEK-lə olan əməkdaşlıqdan söz açıb. O, qarşılıqlı əməkdaşlığın Azərbaycan-Macarıstan mədəni əlaqələrinin inkişafına böyük töhfə verdiyini vurğulayıb. MEK-in fəaliyyəti sayəsində Azərbaycan vətəndaşlarının Macarıstanın ənənələri, mədəni müxtəlifliyi, ədəbiyyatı, tarixi, elm və təhsil sistemi ilə yaxından tanış olduğunu deyib.

Diplomat səfirliyin kitabxana ilə birgə təşkil etdiyi elmi mühazirələr, kitab təqdimatları və sərgilərdən də söz açıb. Ötən il “Bakıda Macarıstan günləri”nin təşkili və uğurla həyata keçirilməsində MEK-in əsas tərəfdaşlardan biri kimi xüsüsi rolu olduğunu bildirib.

“Biz qürür duyuruq ki, Mərkəzi Elmi Kitabxanada Macarıstanın kitab guşəsi var, burada böyük macar alimi, türkoloq G.Hazainin həyat və fəaliyyətinə dair, həmçinin Macarıstanın tarixi ilə bağlı kitablar mövcuddur”.

Daha sonra diplomat Macarıstan Prezidenti Yanos Aderin qərarını səsləndirib. Macarıstan-Azərbaycan ikitərəfli elmi-mədəni əlaqələrin genişləndirilməsinə, Macarıstan qarşısındakı xidmətlərinə görə Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova Macarıstanın “Qızıl xaç” ordeni ilə təltif edilib. Səfir V.Szederkenyi mükafatı Leyla İmanovaya təqdim edib.

Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova öz növbəsində mükafata görə minnətdarlığını bildirərək, bunu MEK kollektivinin fəaliyyətinə verilən dəyər kimi qiymətləndirib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev çıxış edərək Macarıstan və Azərbaycan arasında münasibətlərin dostluq və strateji tərəfdaşlıqla xarakterizə olunduğunu deyib. Akademik qarşlıqlı elmi-mədəni əlaqələrin genişləndirilməsində MEK-in fəaliyyətini yüksək qiymətləndirib.

Sonda tədbir iştirakçıları Macarıstan mədəniyyəti, tarixi, incəsənəti haqqında kitablar, eləcə də macar dilində nəşr edilmiş və Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən kitabxanaya hədiyyə edilmiş kitablardan ibarət sərgi ilə tanış olublar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...