“İnternet folkloru: virtual sosial-mədəni şərtlər kontekstində folklorik dinamika”

Oktyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında Folklor İnstitutunun təşkilatçılığı ilə filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyevin “İnternet folkloru: virtual sosial-mədəni şərtlər kontekstində folklorik dinamika” mövzusunda elmi seminarı keçirilib. AMEA-dan SİA-ya verilən xəbərə görə, seminarda AMEA Folklor İnstitutunun əməkdaşları, respublikanın ali təhsil müəssisələrinin müəllim və tələbə kollektivi, doktorant və dissertantlar, KİV nümayəndələri iştirak ediblər.

Seminarı AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Rzasoylu açaraq bildirib ki, son illər İnternetin həyatımızın bir parçasına çevrilməsilə folklorşünaslıq elmi yenidən canlanmaqda ve inkişaf etməkdədir. Diqqətə çatdırıb ki, bu gün yaxın Şərqdə baş verən münaqişələr sosial şəbəkələr vasitəsilə alovlandırılıb və ona görə də İnternet folklorunun tədqiq edilməsi olduqca vacibdir. Azərbaycan alimlərinin dünya folklorşünaslığında baş verən proseslərdə aktiv iştirakının zəruriliyini qeyd edən alim əldə olunan nailiyyətlərin mütəmadi olaraq beynəlxalq ictimaiyyətə təqdim etməyin önəmini vurğulayıb.

Tədbirdə çıxış edən Hikmət Quliyev müzakirə olunan problemin folklorşünaslıq elmi üçün əhəmiyyətindən danışıb. Bildirib ki, şəhərləşmə, sənayeləşmə, modernləşmə və qloballaşma zəminində ənənəvi folklorun transformasiyaları, rəqəmsal texnologiyaların mövcudluğu şəraitində onun yeni sosial mühit və şərtlərə uyğunlaşması kimi məsələlər dünya folklorşünaslığının qarşısına fundamental suallar qoyub.

Foklorşünaslığın bir elm kimi formalaşdığı XIX əsrin ikinci yarısının ənənəvi cəmiyyətlərin texno-industrial cəmiyyətlərlə əvəz olunması prosesləri ilə eyni dövrə təsadüf etdiyini qeyd edən məruzəçi nəzərə çatdırıb ki, bu mərhələdə folklor fəlsəfi-metodoloji baxımdan daha çox “keçmiş” kontekstində, “ötən günlər barədə xatirələr” kimi araşdırılıb. Əlavə edib ki, gerçəkliyin, sosial həyatın ritminin dəyişməsi, kəndin şəhərə doğru miqrasiya etməsi – monokulturoloji mühitdən polikulturoloji mühitə keçidin baş verməsi, həmçinin qapalı sosial mühitlərdən açıq sosial mühitlərə doğru istiqamətlənmiş proseslərin sürətlənməsi folklorun aktuallaşma imkanlarında dəyişiklik etməklə yanaşı, özünə münasibətdə yeni baxışı zəruri edib. Xüsusilə də cəmiyyətin digər sferalarında baş verən proseslər – sosial-iqtisadi, mədəni-mənəvi tərəqqi və dəyişikliklər folklorun öyrənilməsi üçün yeni nəzəri baxış və yanaşmaların müəyyənləşdirilməsini əsas prioritetə çevirib.

H.Quliyev vurğulayıb ki, İnternetin meydana gəlməsi və cəmiyyətin həyatına sürətlə nüfuz etməsi, onun müasir kommunikasiyanın əsas lokomotivinə çevrilməsi folklorşünaslığı tamamilə yeni reallıqlarla üz-üzə qoyub. Qeyd edib ki, folklorun taleyi barədə bütün pessimist proqnozlara baxmayaraq, zamanla aydın oldu ki, virtual mühit, əslində, onun daha sürətli və fərqli formalarda yayılması üçün münbit şərait təqdim edib. Alim folklorun cari situasiya və şəraitə uyğunlaşma spesifikliyini yalnız yeni forma və modellərdə təşkil olunması ilə deyil, eyni zamanda, yeni trend və tendensiyaların, baxış və dünyagörüşlərin, fəlsəfi və ideoloji konseptlərin təzahür etməsi ilə xarakterizə olunduğunu bildirib.

Daha sonra məruzəçi İnternet folklorunun araşdırılması zamanı məsələyə üç əsas istiqamətdə diqqət yetirməyin vacibliyini bildirib. Birinci istiqamət illərlə toplanılmış, arxivləşdirilmiş folklor nümunələrinin rəqəmsallaşdırılaraq İnternet mühitinə daxil edilməsidir. Bu proses rəqəmsal folklorun əsas bazasını təşkil edir. İkinci istiqamət real sosial mühitdə yaranan, yayılan və variantlaşan folklor nümunələrinin İnternet mühitində müşahidə olunmasıdır. Real sosial mühitin iştirakçıları, eyni zamanda virtual sosial-mədəni mühitin də üzvləri olduğu üçün folklor nümunələri öz mövcudluğunu İnternet mühitində də davam etdirirlər. Onların internet mühitində “yaşam dinamikasının” izlənilməsi olduqca zəruridir. Üçüncü istiqamətə isə birbaşa olaraq virtual-kommunikativ prosesdə – rəqəmsal texnologiyalar şəraitində və kontekstində meydana gələn folklor faktlarının müəyyənləşdirilməsi və öyrənilməsi aiddir. Burada nümunələr öz forma və məzmunları, ideya və konseptləri baxımından tamamilə yeni reallığa söykəndikləri üçün onların spesifik təbiəti alınmaqla müasir nəzəri-metodoloji yanaşmalar əsasında tədqiqi olduqca zəruridir. Alim hazırda dünya folklorşünaslığında hər üç istiqamət üzrə geniş tədqiqatlar aparıldığını diqqətə çatdırıb.

Məruzəçi hazırki məqamda – rəqəmsal texnoloji vasitələr hesabına virtual mühitdə sosial-mədəni proseslərin cərəyan etdiyi bir vaxtda, sosial şəbəkə, forum və saytlarda insan fəaliyyətinin anbaan qeydə alındığı, davranış və düşüncələrin paylaşıldığı, müxtəlif zəruri parametrlərin bir araya gəlməklə folklor proseslərini canlandırdığı bir şəraitdə sosial şərtlərin və folklorik dinamikanın araşdırılması, heç şübhəsiz ki, İnternet folklorunun tədqiqinin prioritet istiqamətlərindən olduğunu nəzərə çatdırıb. Kommunikasiyanın imkanlarından asılı olaraq xalq mədəniyyətinin lokallıqdan qloballığa doğru istiqamətləndiyini qeyd edən alim vurğulayıb ki, əslində, folklorik dinamikanın mahiyyətində bir sıra digər faktorlarla bərabər, kommunikativ evalyusiya dayanır. Bildirib ki, “üz-üzə” ünsiyyət modelindən, yazının kəşfinə, radio, televiziya, telefon və s. kimi distant informasiya ötürücülərinə, nəhayət, İnternetin ortaya çıxması ilə isə virtual kommunikasiya mərhələsinə qədəm qoyan bəşəriyyətin bütün zamanlarda və məkanlarda özünüifadə ehtiyacı və arzusu əsas təcəssümünü məhz folklorda tapıb. Alimin fikrincə, kommunikativ proses kimi folklor İnternet mühitində cari situasiya və reallığın tələblərinə müvafiq olaraq, fərd və ya qrupların maraq və arzularının təcəssümünə, ideya və konseptlərin təzahürünə, kollektiv reaksiya və baxışların ifadəsinə çevrilməkdədir. Bütün bunlar isə folklorik dinamikanı təcəssüm etdirən mühüm amillərdir.

Qeyd edilənlərə əyani nümunə olaraq məruzəçi İnternet folklorundan bir sıra örnəklərə diqqət yönəldib. Alim nəzərə çatdırıb ki, daha çox ənənəyə ironik münasibət zəminində ortaya çıxan bu faktlar, bir tərəfdən sosial protest və reaksiya təcəssümüdürsə, digər tərəfdən də müasir sosio-mədəni proseslərin təzahürü olaraq gerçəkliyin metaforikləşməsidir.

Sonda müəllif bildirib ki, virtual sosial-mədəni şərtlər və folklorik dinamika kontekstində İnternet folklorunun öyrənilməsi bir tərəfdən yeni prosesin dərkinə xidmət edirsə, digər tərəfdən xalq biliyinin (“lore”-nin) və xalqın (“folk”-un) folklor qrupları, onların kollektiv maraq və rəylərinin öyrənilməsi üçün geniş imkanlar yaradır.

Tədbirin sonunda Hikmət Quliyev folklorşünas alimlərin qaldırılan elmi problemlə bağlı suallarına cavab verib. Məruzə ətrafında AMEA Rəyasət Heyətinin elmi katibləri – filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri və filologiya üzrə fəlsəfə doktoru Səfa Qarayev, Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nail Qurbanov, Bakı Dövlət Universitetinin əməkdaşı Anar Fərəcov və digərləri çıxış edərək mövzunun aktuallığını, müasir elmi çağırışlar baxımından əhəmiyyətini, bu istiqamətdə tədqiqatların davam etdirilməsinin zəruriliyini qeyd ediblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...