İsrail səfiri Naxçıvanın tarixi abidələri ilə tanış olub

İsrail səfiri Dan Stav Naxçıvanın tarixi abidələri, mədəniyyət və istehsal müəssisələri ilə tanış olub

Naxçıvan Muxtar Respublikasında səfərdə olan İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav muxtar respublikanın tarixi abidələri, mədəniyyət və istehsal müəssisələri ilə yaxından tanış olub. Xəbər verilir ki, qonaq əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə gül dəstəsi qoyub.

“Naxçıvan bağları” tərəvəz məhsulları istilik kompleksinin Naxçıvan şəhərində fəaliyyət göstərən istixanasında olan səfirə kompleksdəki mövcud şərait barədə geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, istixanada mövsüm boyu əhalinin tərəvəz məhsullarına olan tələbatını ödəmək üçün şitillər müəyyən zaman intervalında əkilir. Bu il kompleksdə bir hektara yaxın sahədə altı sortda pomidor şitili əkilib. Hazırda avqust ayında əkilən bitkilər becərilir, noyabr ayının sonlarına isə məhsul yığımı planlaşdırılır.

Sonra səfir Duz Muzeyinə gəlib. Bildirilib ki, muzey bu il aprelin 25-də fəaliyyətə başlayıb. Burada 81 eksponat, o cümlədən duzdan hazırlanmış müxtəlif fiqurlar, Naxçıvan Duzdağı haqqında nəşr olunmuş kitablar, Naxçıvan şəhəri, Nuh Peyğəmbər və Naxçıvan, Duzdağ mədəniyyəti və duz yataqları haqqında dərc olunmuş qəzet materialları, “Duzdağ” sənədlər toplusu nümayiş olunur.

Qonaq “Gəmiqaya” heyvandarlıq kompleksi ilə də tanış olub. Kompleksdə 600 baş ətlik və südlük heyvan saxlanılır. Burada müasir standartlara cavab verən süd sağımı avadanlıqları quraşdırılıb.

İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qarabağlar kəndində fəaliyyət göstərən “Asnı” forel balıqyetişdirmə təsərrüfatında da olub, burada yaradılan şəraitlə maraqlanıb.

Daha sonra qonaq Qarabağlar Türbə Kompleksinə gəlib. Burada məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq türk-İslam mədəniyyətinin nadir nümunələrindən olan kompleks elmi və tarixi əsaslarla bərpa edilib. Türbənin memarlıq xüsusiyyətləri, kitabələrin işlənmə texnikası və digər əlamətləri onun Naxçıvan memarlıq məktəbinin nümunəsi olduğunu təsdiq edir.

Diplomat Şərur rayonunun ərazisində yerləşən “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyaları ilə də tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə