Azərbaycan KİV nümayəndələri Tbilisidə Cümhuriyyətin elan edildiyi tarixi binada olublar

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Gürcüstanda səfərdə olan bir qrup KİV nümayəndəsi Tbilisidə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını nəzərdə tutan İstiqlal Bəyannaməsinin elan edildiyi bina ilə tanış olublar.

Azərbaycanlı jurnalistlərə məlumat verilib ki, Gürcüstan dövlətinin və Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal bəyannamələrinin elan edildiyi tarixi bina çar Rusiyası dövründə Qafqaz canişinliyinə məxsus olub. Bina hazırda “Gənclər evi” kimi fəaliyyət göstərir.

Bildirilib ki, 1918-ci il fevralın 23-də bu binada Gürcüstan, Azərbaycan və Ermənistan təmsilçilərindən ibarət Zaqafqaziya Seymi çağırılıb. Seymdə müsəlmanlar say etibarilə üstünlük təşkil edib. Həmin dövrdə müsəlman fraksiyasının 50 üzvü olub. Gürcüstan sosial demokratlarının 32, ermənilərin isə 27 üzvü Seymdə təmsil edilib.

Gürcüstan 1918-ci il mayın 26-da Zaqafqaziya Seymindən ayrıldığını bəyan edib və bununla da Seym buraxılıb. Mayın 27-də isə Seymin azərbaycanlı nümayəndələri müvəqqəti Milli Şuranın yaradıldığını elan ediblər. Şuraya sədrlik Məhəmməd Əmin Rəsulzadəyə həvalə olunub. Bir gün sonra isə Milli Şuranın 26 üzvünün iştirak etdiyi ilk iclasında İstiqlal Bəyannaməsi qəbul olunub. Beləliklə, 1918-ci il mayın 28-də Tbilisinin mərkəzindəki bu binada Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı rəsmən elan edilib. Yeni yaranmış hökumət və Milli Şura iyunun 16-dək, yəni Gəncəyə köçürülənədək bu binada fəaliyyət göstərib.

Azərbaycan nümayəndə heyətinin üzvləri bina ilə yaxından tanış olublar.

Jurnalistlər bir vaxtlar gərgin müzakirələrin aparıldığı Güzgülü salon, sənədlərin imzalandığı Ağ salon və qərarların oxunduğu, iclasların keçirildiyi Qırmızı zalları gəziblər. Sonda binanın bağçasında xatirə şəkli çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə