"Bu sərgi moskvalılara böyük sevgi və ehtiram ruhunda təşkil olunub"

zərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada “Azərbaycanın payız sovqatları” şəhərciyinin açılışında jurnalistlərə deyib: “Moskvalılara böyük sevgi və ehtiram ruhunda təşkil olunan bu sərgi Moskva ilə Azərbaycan arasında iqtisadi münasibətlərin gələcək inkişafına güclü təkan verəcək”

AZƏRTAC xəbər verir ki, səfir Moskva sakinlərinin tələbatının ödənilməsi üçün Azərbaycanın kifayət qədər ərzaq məhsulları istehsal etdiyini qeyd edib. P.Bülbüloğlu vurğulayıb: “Moskva on beş milyon əhalisi olan iri meqapolisdir. Burada zövqlər də, tələbat da müxtəlifdir. Bu gün moskvalıların tələbatını ödəmək üçün Azərbaycanın kifayət qədər məhsulları var. Bu sərgi, həmçinin Azərbaycan təşkilatlarının Rusiya paytaxtı ilə sıx əməkdaşlığı üçün əlavə stimul olacaq”.

Səfir Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) Azərbaycan pavilyonunun bərpasından da danışıb. “Bu, Moskva meri Sergey Sobyaninin şəxsən irəli sürdüyü və hörmətli Prezidentimiz İlham Əliyevə təqdim etdiyi yaxşı təşəbbüs idi. Binanın bərpası məhz onların xeyir-duası ilə başlanıb. Hazırda bu işlər demək olar ki yekunlaşıb və binanın daxili tərtibatı aparılır. Biz meriya ilə pavilyonun açılışını gələn il, bahar ərəfəsində keçirməyi nəzərdə tuturuq. XTNS-ə gələnlərin sayı çoxdur və burada Azərbaycan pavilyonunun yenidən fəaliyyətə başlaması bizi çox sevindirəcək. Binanın istifadəyə verildiyi ötən əsrin 50-ci illərindəki görkəmi, o cümlədən bütün memarlıq üslubu və mozaikası qorunub saxlanılıb”, -deyə diplomat qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə