Səudiyyə Ərəbistanı mətbuatında Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə məqalələr dərc olunub

Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu “Ər-Riyad” və “Okaz” qəzetlərində səfir Şahin Abdullayevin geniş məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Sovet İttifaqının süqutundan illər öncə Azərbaycan xalqının və dövlətinin öz müstəqilliyini bərpa etməyə səy göstərdiyi və bu ali amal uğrunda mübarizə apardığı oxucuların diqqətinə çatdırılıb, bu mübarizənin nəticəsi olaraq 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyi vurğulanıb.

Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi problemlərdən bəhs edən müəllif həmin vaxt hakimiyyətdə olan şəxslərin səriştəsizliyinə görə Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğal olunduğunu, bir milyona yaxın vətəndaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, etnik təmizləmənin və separatizm meyillərinin ölkənin taleyini sual altına qoyduğunu və xalqın gələcəyə inamını yox etdiyini bildirib. Bu cür ağır vəziyyətdə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbini qəbul edərək, 1993-cü il iyunun 15-də siyasi hakimiyyətə qayıtmağa razılıq verib. Təsadüfi deyil ki, həmin gün Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi qeyd edilir.

Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründəki nailiyyətlərdən bəhs edən səfir Ulu Öndərin 1994-cü ildə beynəlxalq transmilli şirkətlərlə “Əsrin kontraktı”nı imzalamaqla milli iqtisadiyyata irimiqyaslı investisiya axınını təmin etdiyini və bunun da ölkədə hərtərəfli siyasi, iqtisadi və sosial islahatların köməyi ilə dövlət müəssisələrinin yenidən qurulmasına və xalqın rifah halının yaxşılaşdırılmasına səbəb olduğunu qeyd edib.

Diplomat ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb, həmin ildən indiyədək ölkənin iqtisadi və sosial göstəriciləri, eləcə də xarici siyasəti barədə məlumat verib. Qeyd edib ki, Ümummilli Liderin siyasətinin layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrilib, mühüm iqtisadi nailiyyətlərə imza atıb, ölkəmizin beynəlxalq nüfuzu artıb və xalqın rifahı daha da yüksəlib. Bütün bu amillər sayəsində dövlətimiz dünyada öz sözünü deyir və bu da müstəqilliyin güclü təməl üzərində qurulduğuna dəlalət edir. Səfir Prezident İlham Əliyevin müdrikliyi və düşünülmüş siyasəti hesabına bu gün Azərbaycanda iri beynəlxalq enerji və nəqliyyat layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb.

Sonda ölkəmizin son 27 ildə qarşısında duran bütün çətinlik və məşəqqətləri keçdiyi, öz müstəqilliyini qoruyub saxlamağa və yetişən nəsilləri ümidli gələcəklə təmin etməyə, bütün dövlətlərlə dostluq və əməkdaşlıq əlaqələri qurmağa, İslam dövlətləri ilə hərtərəfli münasibətlərin inkişafına nail olduğu vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə