Lerikdə dini radikalizmlə mübarizəyə dair seminar-müşavirə keçirilib

Oktyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb.

Dövlət komitəsindən SİA-ya bildiriblər ki, dini icma sədrlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri seminar-müşavirədə rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova çıxış edərək rayondakı dini durum barədə məlumat verib. Lerikdə 26 dini qurumun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alındığını deyən A.Vəlimmədova icmaların fəaliyyəti üçün yaradılan şəraitdən danışıb. Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncamın dini icmaların cəmiyyətə inteqrasiyasında mühüm rol oynadığını bildirib.

İştirakçıları Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edən Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, bu gün Azərbaycan təkcə sosial-iqtisadi uğurlarına, hərbi-siyasi potensialına görə deyil, eyni zamanda, vicdan azadlığının təmin edilməsinə, yüzilliklər ərzində formalaşmış tolerantlıq ənənələrinin qorunmasına görə regionda ön sıralarda yer alır. Ölkədə ümummilli liderimiz Heydər Əliyevin formalaşdırdığı dövlət-din siyasətinə uyğun olaraq dini konfessiyalar arasında dözümlülük mühitinin inkişaf etdirilməsi sahəsində dönüş yaranıb, dövlətlə dini qurumların münasibəti yeni mərhələyə qədəm qoyub.

S.Salahlı vurğulayıb ki, Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini baxımdan zəngindir. Ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Dini radikalizmə qarşı mübarizədən də danışan sədrin birinci müavini bu sahədə din xadimlərinin üzərinə böyük vəzifə və məsuliyyət düşdüyünü deyib. O, bu gün dini mənsubiyyətindən asılı olmayaraq din xadimlərinin geniş təbliğat imkanına malik olduqlarını, cəmiyyətdə dini dünyagörüşünün formalaşmasında mənəvi məsuliyyət daşıdıqlarını bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi İlham Əliyev dinə dövlət qayğısından bəhs edib. Din xadimlərinin fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını, dövlət tərəfindən mütəmadi olaraq dini maarifləndirmə işinin təşkilinin daha da yaxşılaşdırılması məqsədilə maliyyə vəsaitinin ayrıldığını deyib.

Seminar-müşavirənin birinci günü müzakirələrlə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə