Növbəti tədbiri dini-tarixi abidələrə həsr olundu

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalının bazasında keçirilən diskussiyalar silsiləsi davam edib. İnstitutdan SİA-ya verilən xəbərə görə, “Milli-mənəvi dəyərlərin təcəssümü olan daş kitabələr: dini-tarixi abidələr” mövzusuna həsr olunmuş növbəti diskussiyada Aİİ-nin kafedra müdiri fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov, Aİİ-nin müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov, tarix elmləri doktoru Qafar Cəbiyev, Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov, sənətsünaslıq üzrə elmlər doktoru memar Elçin Əliyev iştirak ediblər.

Tədbiri Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Baş direktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayev idarə edib.

Abidələrin xalqın milli-mənəvi zənginliyini yaşadan tarixi miras olduğunu vurğulayan diskussiya iştirakçılarıÜmummili Lider Heydər Əliyevin hakimiyyəti dövründə dini-tarixi abidələrə diqqətin artırıldığını bildiriblər. Qeyd olunub ki, ölkəmizdə dini-tarixi abidələrin bərpası və inşası məhz bu dövrdə başlanıb. Ümummilli Lider tərəfindən başladılan bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın uğurla davam etdirdiyini bildirən tədqiqatçılar qısa zamankəsiyində bir çox məscid, ziyarətgah və məbədlərin təmir və ya inşa olunduğunu nəzərə çatdırıblar. Vurğulanıb ki, sovet dövründə Azərbaycanda 17 məscid fəaliyyət göstərirdisə, hazırda ölkəmizdə 2000-dən artıq məscid mövcuddur.

Diskussiyada işğal altında olan abidələrimizdən bəhs edilib. Məruzəçilər bu ərazilərdə məscidlərimizin dağıdılmış vəziyyətdə olduğunu bildirərək, ermənilərin buradakı Alban Apostol məbədlərin erməni-qriqorian kilsəsinin memarlıq üslubuna uyğunlaşdıraraq, tarixi saxtalaşdırmağa çalışdıqlarını deyiblər. Vurğulanıb ki, əsrlərin sınağından keçmiş, təbii təsirlərə məruz qalmış və nəticədə qəza

vəziyyətinə düşmüş bəzi tarixi mədəniyyət abidələrində təxirəsalınmaz təmir işləri aparılmalıdır. Münasibət bildirənlər bu məqsədlə daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması, bərpası, istifadəsi, idarə olunması, öyrənilməsi sahəsində qabaqcıl və mütərəqqi təcrübənin tətbiqinin vacibliyini bildiriblər.

Diskussiya Azərbaycanda mövcud olan ən qədim Şamaxı Cümə Məscidi, İçərişəhər tarixi memarlıq abidələri, Atəşgah məbədi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Qax rayonunda “Kürmük” məbədi haqqında müzakirələrlə davam edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...