İnsan Alverinə qarşı Mübarizə Günü qeyd edilir

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Beynəlxalq Miqrasiya Təşkilatının yerli ofisinin (BMqT) birgə təşkilatçılığı ilə “Avropa İttifaqının İnsan Alverinə Qarşı Mübarizə” gününə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbir Avropa İttifaqı (Aİ) əsas, Beynəlxalq Miqrasiya Təşkilatının İnkişaf Fondunun müştərək maliyyə dəstəyi ilə BMqT tərəfindən həyata keçirilən “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialının artırılması” (ENCT) layihəsi çərçivəsində təşkil edilib.

Tədbir dövlət rəsmiləri, beynəlxalq və vətəndaş cəmiyyətləri təşkilatlarının nümayəndələrini bir araya gətirib. Builki tədbirin məqsədi insan alveri və onun fəsadları barəsində ictimaiyyəti məlumatlandırmaq, insan alverinin aradan qaldırılmasına yönəlik Aİ strategiyası, eləcə də bu sahədə beynəlxalq hüquqi əməkdaşlıq, norma və konsepsiyalara dair məlumatlılığın artırılmasıdır.

Tədbirdə Aİ nümayəndəliyinin rəhbəri səfir Kestutis Jankauskas, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov və BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Serhan Aktoprak çıxış edib. Panel müzakirələri “Qurbanların kommersiya hüquqlarının təmin edilməsində yaranan problemlər və çətinliklər”, “Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) həssas vəziyyətdə olan şəxslərin və miqrantların fundamental hüquqlarının qorunmasına dair qabaqcıl təcrübəsi və müvafiq presedent hüququ”, “İnsan alverinə qarşı mübarizə sahəsində Azərbaycanın beynəlxalq əməkdaşlığı” kimi mövzulara həsr olunub.

Təqdimat və müzakirələrdən sonra həssas vəziyyətdə olan qurbanlara auditoriyanın diqqətini cəlb etmək və insan alverinə daha həssas yanaşılmasını təmin etmək üçün insan alverinə qarşı mübarizə mövzusuna həsr olunmuş qısa sənədli videoifilm nümayiş etdirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə