Astarada 2018-ci ilin doqquz ayının nəticələri müzakirə olundu

Astara rayon İcra Hakimiyyətində 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev rayon İcra hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri yığıncaqda iştirak etmişlər.

Yığıncağı giriş sözü ilə açan Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev oktyabrın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunmuş, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha diqqətə çatdırmışdır.

İcra başçısı qeyd etmişdir ki, 2018-ci ilin doqquz ayının nəticələri Astara rayonu üçün də uğurlu olmuşdur. Ən yaddaqalan hadisə oktyabrın 15-də möhtərəm cənab Prezident İlham Əliyevin cənub bölgəsinə səfəri zamanı rayonumuzda olması və bir sıra obyektlərin açılışında iştirak etməsi olmuşdur. Cənab Prezident Taxtanakəran-Toradi, Taxtanakəran-Miki, Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yollarının istifadəyə verilməsinə xeyir-duasını verərək, Xanbulançaydan Astara şəhərinə çəkilən içməli su xəttinin açılışını etdi. Eyni zamanda ərazisi genişləndirilərək 18 hektara çatdırılmış, Xəzər dənizi sahilində gözəl dizaynda salınmış park-bulvar kompleksində oldu. Görülən işləri yüksək qiymətləndirən cənab Prezident tikinti-quruculuq işlərinin davamlı olması üçün tövsiyə və tapşırıqlarını verdi.

Hesabat dövrünün ən yaddaqalan hadisəsi 18 sentyabr 2018-ci ildə cənab Prezident İlham Əliyev tərəfindən tikintisi başa çatdırılmış Ələt-Astara-İran sərhədi avtomobil yolunun açılışı olmuşdur. 15 metr eni və 4 hərəkət zolağından ibarət olan yolun uzunluğu 204 kilometrdir. Əvvəlki avtomobil yolundan 40 km qısa olan yolla rahat və təhlükəsiz şəkildə 2 saat yarıma Bakı şəhərinə çatmaq mümkündür.

9 min nəfər əhalinin yaşadığı, 3 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 11 km olan Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolunun tikintisi və Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksi ərazisinin genişləndirilməsi istiqamətində işlər başa çatdırılmışdır. “AAAF Park Astara” layihəsi çərçivəsində atçılıq meydançasının, kartinqin (maşın yarış meydançası) tikintisi tamamlanmış, Tuado otelinin, 6 istirahət evinin tikintisi davam etdirilir. Səncərədi kənd uşaq bağçasının tikintisi başa çatdırılmış, 360 şagird yerlik Burzubənd kənd tam orta məktəbi üçün inşa edilən yeni binanın, Ərçivan qəsəbəsində çəltik dəyirmanının tikintisi davam etdirilir. Yaşayış məntəqələrinin qazlaşdırılması ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Rinə kəndinin qazlaşdırılmasına başlanmışdır. Şəhərin prospekt və küçələrində tikinti-quruculuq işləri, işıqlandırma sisteminin bərpası, 2018-ci ildə mənzil fonduna daxil olan ictimai-yaşayış binalarında təmir-tikinti işləri görülmüş və bu istiqamətdə işlər davam etdirilir.

Rayon üzrə 252 hektar taxıl, 450 hektar sahədə çəltik əkilmişdir. Çəltik sahələrindən 16560 ton məhsul yığılmış, rayon üzrə orta məhsuldarlıq 36.87 sentner olmuşdur. Son illər rayonda sitrus meyvələrin istehsalına diqqət artmış, sitrus bağlarının ümumi sahəsi 3642 hektara çatdırılmışdır. Rayonumuzda ixtisaslaşdırılmış sahələrdən biri də çayçılıqdır. Hazırda 345 hektar çay sahəsi mövcuddur. Bu il rayon üzrə 197 hektar məhsuldar çay sahəsindən 483.5 ton yaşıl çay yarpağı yığılaraq çay fabriklərinə təhvil verilmiş və yığım davam edir.

Məruzə ətrafında çıxışlar olmuşdur.

Şura iclasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev çıxış etmişdir.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə