ƏƏSMN-də Dünya Bankı ilə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının Azərbaycandakı Ölkə Ofisinin rəhbəri Navid Həsən Naqvi ilə görüş olub. Nazirlikdən SİA-ya verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasında, əmək, məşğulluq və sosial müdafiə sahəsində ölkəmizdə aparılan islahatlar, qarşıda duran planlar və strateji prioritetlər, habelə nazirliyin tabeliyində yeni “DOST” mərkəzlərinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verib.

Nazir ötən dövrdə əmək, məşğulluq, sosial müdafiə sahəsində Dünya Bankı ilə nazirlik arasında konkret fəaliyyət istiqamətləri üzrə müsbət əməkdaşlıq təcrübəsinin formalaşdığını deyib. O həmçinin Dünya Bankının “Azərbaycanda İş Yerləri ilə bağlı Tədqiqat və Strategiya Layihəsi”nin əhəmiyyətini diqqətə çatdırıb. S.Babayev bu layihənin inklüziv iş yerlərinin yaradılması üçün imkan və çağırışların müəyyən olunmasına, iş yerləri ilə bağlı strategiyanın yaradılmasına dəstək olduğunu bildirib, eləcə də yeni Məşğulluq Strategiyasının hazırlanmasında göstərilən dəstəyi qeyd edib. Nazir birgə işlərin müvafiq sahələrdə aparılan islahatlara uyğun yeni vacib istiqamətlər üzrə davam etdirilməsi və genişləndirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.

N.H.Naqvi Dünya Bankının İnsan Kapitalı qlobal layihəsi barədə məlumat verib, layihədə məqsədin inklüziv və dayanıqlı inkişafın təmin olunması üçün insan kapitalının inkişafının aktivləşdirilməsi olduğunu deyib.

O, bununla əlaqədar Dünya Bankı Qrupunun gələcək nəslin insan kapitalının inkişafına sərmayə qoyuluşunun əsaslandırılması məqsədilə İnsan Kapitalı İndeksini hazırladığını, insan kapitalının formalaşdırılmasına sərmayə qoyuluşunun artırılması məqsədilə qiymətləndirmənin və təhlilin təkmilləşdirilməsində ölkələrə dəstək göstərildiyini qeyd edib.

Görüşdə əmək və sosial müdafiə sahəsində Dünya Bankı ilə əməkdaşlığın cari vəziyyəti və gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb, qeyd olunan layihə çərçivəsində insan kapitalının inkişaf etdirilməsi sahəsində birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...