Yazı müsabiqəsinin nəticələri açıqlanıb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və "Azərişıq" ASC-nin birgə təşkil etdikləri "İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Mükafatlandırma mərasimi "Azərişıq" ASC-nin Tədris Mərkəzində keçirilib. Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, "Azərişıq" ASC-nin sədr müavini Ramil Yusifov, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər. Tədbir iştirakçılarına əvvəlcə Tədris Mərkəzinin fəaliyyəti, habelə burada nümayiş olunan texnoloji avadanlıqlarla tanışlıq imkanı yaradılıb.

Tədbiri giriş sözü ilə açan "Azərişıq" ASC-nin sədr müavini Ramil Yusifov qonaqları salamlayaraq 2015-ci il fevralın 10-da "Bakıelektrikşəbəkə"nin bazasında "Azərişıq" ASC yaradılmasından sonra istehlakçıların keyfiyyətli enerji təminatı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini, infrastrukturun müasirləşdirildiyini, qabaqcıl texnologiyaların tətbiq edildiyini diqqətə çatdırıb. "Azərişıq" ASC-nin sədr müavini ölkə rəhbərliyi tərəfindən müəyyənləşdirilmiş strateji vəzifələrə müvafiq olaraq "Azərişıq" ASC-nin istehlakçıların etibarlı və dayanıqlı elektrik enerji ilə təchizatı istiqamətində sistemli iş apardığını xüsusi vurğulayıb. R.Yusifov qeyd edib ki, qısa müddətdə 34 ədəd 110 kV-luq müasir tipli yeni yarımstansiya tikilib və tam yenidən qurulub. Yarımstansiyalar elektron tipli rele mühafizəsi və avtomatik sistemlərlə təchiz edilərək məsafədən idarə olunan "SCADA" dispetçer idarəetmə sisteminə qoşulublar. Bundan əlavə, 96 ədəd 35 kV-luq yeni yarımstansiya tikilib və ya yenidən qurulub, nəticədə respublika üzrə ümumi qoyuluş gücü 2015-ci ilin əvvəlində 9500 MVA-dan 12820 MVA-ya qədər yüksəldilib.

"Azərişıq" ASC-nin sədr müavini, həmçinin qeyd edib ki, ötən illərdə infrastrukturun müasirləşdirilməsi istiqamətində də sistemli tədbirlər həyata keçirilib: "2015-2018-ci illərdə “Azərişıq” ASC tərəfindən 3490 ədəd 106 kV-luq yeni TM və KTM qurlaşdırılıb və dəyişdirilib. 125 000 km müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib və yenidən qurulub. 700 000 ədədə yaxın dayaq basdırılıb. Silsilə və kompleks tədbirlər hesabına "Azərişıq" ASC-nin regional elektrik şəbəkələrində texniki itkilər 15,6 faizdən 9,8 faizə endirilib. Faydalı elektrik enerjisinə görə yığım respublika üzrə 93 faiz, Bakı şəhəri üzrə 99 faizə qaldırılıb.

ASAN xidmət və ASAN kommunal vasitəsi ilə təkcə 2018-ci ilin arxada qalan 9 ayı ərzində 13 xidmət üzrə 120 000 artıq müraciət edilib ki, onlardan 15 000-dən çoxu əhali, 2 500-dən çoxu qeyri-əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması ilə bağlı olub. 150 kVt-a qədər sahibkarlıq obyektlərinin mövcud 0,4 kV-luq elektrik şəbəkəsinə qoşulması üçün vahid tarif tətbiq edilib, prosedurlar 7-dən 3-ə, qoşulma müddəti 69 gündən 24 günə endirilib".

Ramil Yusifov bildirib ki, islahatlar nəticəsində "Azərişıq" ASC-nin elektron xəritəsi "ASAN xidmət"in işinə inteqrasiya edilib, elektron xəritə vasitəsilə abonentlərin elektrik şəbəkəsinə qoşulması prosesi daha da asanlaşıb.

R.Yusifov Fondla birgə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin ölkənin elektrik enerjisi təsərrüfatının müasirləşdirilməsi və əhalinin enerjiyə tələbatının ödənilməsi istiqamətində görülən işlərin ictimaiyyətə dolğun şəkildə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb. Sədr müavini müsabiqənin nəticələri barədə ətraflı danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.

Tədbir iştirakçılarını salamlayan icraçı direktor bununla ikinci dəfədir ki, "Azərişıq" ASC ilə birgə fərdi jurnalist yazıları müsabiqəsinin keçirildiyini diqqətə çatdırıb. İcraçı direktor bütün sahələrdə dinamik inkişaf edən Azərbaycanda enerji təsərrüfatının təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində ardıcıl islahatların həyata keçirildiyini, nəticədə ötən əsrin 90-cı illərində bu sahədə mövcud olan problemlərin tamamilə aradan qalxdığını diqqətə çatdırıb. V.Səfərli, həmçinin bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə aparılan islahatlar nəticəsində hazırda Azərbaycanın bütün bölgələrinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchizatı mümkün olub.

Çıxışını davam etdirən Vüqar Səfərli bildirib ki, Fondun əsas fəaliyyət istiqamətlərindən biri də mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsidir. Bu məqsədlə Fond müxtəlif dövlət qurumlarında görüşlər, habelə birgə fərdi jurnalist yazıları müsabiqələri təşkil edir. İcraçı direktor qeyd edib ki, "Azərişıq" ASC ilə birgə keçirilmiş müsabiqənin məqsədi Azərbaycanda enerji təsərrüfatının inkişafı və infrastrukturun yenidənqurulması sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaq, jurnalistlərin peşəkarlıq səviyyəsini yüksəltmək və sosial vəziyyətlərini yaxşılaşdırmaq olub.

Vüqar Səfərli sentyabrın 11-dən oktyabrın 12-dək davam edən müsabiqəyə 25 KİV-dən 42 yazının təqdim edildiyini, yazıların 3 ekspert tərəfindən qiymətləndirildiyini bildirib.

Tədbirdə çıxış edən "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas elektrik enerjisi təsərrüfatının Azərbaycanın dinamik inkişafı ilə uzlaşdığını, bu sahədə mühüm layihələrin həyata keçirildiyini vurğulayıblar. Natiqlər regionların və Bakı şəhərinin elektrik enerjisi ilə təchizatı sahəsindəki yenilikləri yüksək qiymətləndirərək əldə olunan uğurlarda "Azərişıq" ASC-nin kollektivinin gərgin əməyini xüsusi diqqətə çatdırıblar.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib (Qaliblərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).

Qalibləri təbrik edən icraçı direktor media ilə səmərəli əməkdaşlığa görə "Azərişıq" ASC-nin rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbiri yekunlaşdıran "Azərişıq" ASC-nin sədr müavini Ramil Yusifov qurumun media ilə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Fondun rəhbərliyinə, eləcə də müsabiqədə iştirak edən jurnalistlərə təşəkkürünü bildirərək belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...