Türkiyə səfirliyində sərginin açılışı olub FOTOLAR

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində Qafqaz İslam Ordusunun Bakını erməni işğalından azad etməsinin 100 illiyinə həsr olunmuş rəsm sərgisinin açılışı olub. SİA-nın verdiyi məlumata görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycanın xalq rəssamı Ağaəli İbrahimov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri Emin Həsənli, ziyalılar, gənclər iştirak edib.

Sərginin açılış mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, 2018-ci il Azərbaycan-Türkiyə münasibətləri baxımından çox vacib il olub: "Bu il Azərbaycan Demokratik Respublikasının yaradılmasının və Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin 100 illiyi qeyd olunur. Bu gün bu tarixin əhəmiyyətini dərk etmək və gələcək nəsillərə müstəqillik uğrunda mübarizənin tarixini ötürmək vacibdir. Bu gün təqdim olunan 27 müəllifin rəsmlərində yalnız tarixin bir parçası yox, həm də xalqlarımızın qardaşlığı və birliyinin sübutu əks olunub".

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri Emin Həsənli isə 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycan korpusunun Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməsinin tarixi əhəmiyyətindən danışıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə