AQTA əməkdaşları ADU tələbələri ilə görüşüb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) maarifləndirici görüşlərini davam etdirir. AQTA-dan SİA-ya verilən məlumata görə, maarifləndirici tədbirlər çərçivəsində AQTA əməkdaşları Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşüb. Görüşdə tədbir iştirakçılarına Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar verilib, “Qida zənciri”ni əks etdirən videoçarx təqdim olunub. Daha sonra Agentlik əməkdaşları tərəfindən təqdim olunan “16 oktyabr – Ümumdünya Qida Günü”, “Qida məhsulları alarkən nələrə diqqət edilməli” mövzularında təqdimatlar və “Mən qidayam” adlı videoçarx tələbələrə nümayiş etdirilib. Sonda agentliyin mütəxəssisləri tərəfindən tələbələri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanıb.

Qeyd edək ki, görüşün keçirilməsində məqsəd tələbələrin diqqətini Ümumdünya Qida Gününə çəkmək, israfçılığın fəsadlarını onların diqqətinə çatdırmaq, onlar arasında qida təhlükəsizliyi anlayışını təbliğ etmək və qida təhlükəsizliyi vərdişlərini aşılamaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə