"Zərərli informasiyaların dövriyyəyə ötürülməsi uşaqlarda fəsadlara yol açır"

"Müasir dövrdə informasiyanın, o cümlədən informasiya kommunikasiya texnologiyalarının həyatımıza nüfuz etməsi, onun gündəlik yaşamımıza ciddi təsirləri inkaredilməzdir. Əlbəttə, bunun bir çox müsbət tərəfləri ilə yanaşı, müəyyən çətinliklər də ortaya çıxardığını müşahidə etməkdəyik". SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin bugünkü iclasında "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması" haqqında qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, Azərbaycan qlobal informasiya məkanının subyektlərindən biridir və ölkəmizdə internet istifadəçiləri ölkə əhalisinin 80 faizini təşkil edir: "Belə olduqda əlbətdə bu resursların imkanlarından doğru istifadə olunmalıdır. Çünki informasiya məkanımızın düzgün istiqamətə yönləndirilməsi milli maraqlarımız baxımından strateji əhəmiyyətli məsələdir. Sirr deyil ki, informasiyadan düzgün istifadə və idarə olunmaması, zərərli informasiyaların dövriyyəyə ötürülməsi cəmiyyətin ən həssas təbəqələri olan uşaqlar üzərində bəzən aradan qaldırılması mümkün olmayan fəsadlara yol açır. Uşaqların təhlükəsizliyinin qorunması, onların bir fərd olaraq təhlükəsizliklərinə zəmanət verilməsi, inkişafı istənilən demokratik cəmiyyətlərdə mühüm vəzifələrdən biridir. Azərbaycan Respublikası da uşaq hüquqlarının qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib, qəbul olunan qanun və qərarlar, Azərbaycan hökuməti tərəfindən atılan paraktiki addımlar ölkəmizin bu sahədə də nümunəvi model təqdim etdiyini göstərir",- deyən millət vəkili hesab edir ki, bu qanun layihəsinin hazırlanması və qəbul olunması da ölkəmizin və xalqımızın gələcəyi olan övladlarımızın sağlam, milli mənəvi dəyərlərimizə uyğun və vətənpərvər ruhda yetişməsi, onların sağlamlığının və təhlükəsizliyinin təmin olunması baxımından olduqca vacib əhəmiyyətə malikdir: "Nəzərə alsaq ki, bu gün müşahidə olunan sərhədsiz informasiya axını ən çox elə uşaqları və həddi buluğa çatmamış yeniyetmələri təhdid edir, o zaman bu qanunun önəmi daha da artır. Qanun Azərbaycan Respublikasının qanunvericiliyi və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq və digər hüquqi normativlərə əsaslanır".

Sahibə Qafarova deyib ki, bu qanun layihəsində bütün anlayışlar, o cümlədən, informasiya məhsulları, informasiya məhsullarının yaş kateqoriyası, yaş təsnifatı, uşaqlar üçün nəzərdə tutulmuş informasiya məhsulları, informasiya məhsullarının təsnifatlaşdırılması kimi məsələlər açıq şəkildə öz əksini tapıb. Burada söhbət yalnız kütləvi informasiya vasitələri ilə ötürülən informasiyadan getmir, cəmiyyət həyatının bütün sahələrində, bütün informasiya ötürücülərində təqdim olunan zərərli, hətta təhlükəli informasiyalardan uşaqların qorunması nəzərdə tutulur.

"Burada məqsəd uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının qorunmasıdır. Həmçinin qanun zorakılığın, uşaqlara qarşı qəddar münasibətin, narkotik maddələr və psixotrop maddələrin, alkoqollu içkilərin və tütün məmulatlarının, cəmiyyət əlyehinə davranışın və digər bu xarakterli informasiyanın yolverilməzliyini təsdiq edir. Qanunun qeyd edilməli olan mühüm spesifik xüsusiyyətlərindən biri yaş qrupları üzrə uşaqlar arasında dövriyyəsi qadağan olunan və ya məhdudlaşdırılan informasiyalar aydın təsnifatlaşdırılır. Yeri gəlmişkən, burada haşiyə çıxıb qanun layihəsinin müzakirəsi və qəbulu zamanı bu iki məsələ, yəni yaş qruplarına uyğun qadağan olunan və ya məhdudlaşdırılan informasiyalar kimi bölgüdə düzgün dəyərləndirmə aparmağı və kriteriyaların doğru müəyyənləşdirilməsinin çox həssas bir məsələ olduğunu vurğulamaq istəyirəm. Əlbəttə, Azərbaycanda söz və mətbuat azadlığı, internet azadlığı tam təmin olunub və Azərbaycan demokratik dövlət olaraq bu məsələlərdə heç bir məhdudiyyət tətbiq etmir. Bununla belə, bu qanunda da əksini tapan bəzi prinsipləri nəzərə alaraq hesab edirəm ki, informasiya resurslarında xüsusilə uşaqların müdafiəsinin gücləndirilməsi, onların sağlam yetişməsi üçün müəyyən qanuni məhdudiyyətlərin tətbiqi zərurət daşıyır", - deyə Sahibə Qafarova vurğulayıb.

O bildirib ki, bir sıra qanunvericilik aktlarında uşaqların təhlükəli və zərərli informasiyalardan qorunması üçün müəyyən tələblər təsbit olunsa da, real həyatda bu kimi məsələlərin bəzən pozulduğunu müşahidə edirik. KİV-lərdə uşaqlar üçün münasib olmayan veriliş və proqramların, bədii film və serialların yayım saatları ilə bağlı tənzimləmələrə, sosial şəbəkələrdə bu tipli informasiyanın qarşısının alınmasına yenə ciddi ehtiyac yaranır. Bu məsələlərin hazırki qanun layihəsində nəzərə alması məqsədəmüvafiqdir. Bu məsələdə ekspertlərin, uşaq psixologiyası üzrə çalışan mütəxəssislərin rəylərinin və beynəlxalq təcrübədə özünü doğrultmuş qabaqcıl prinsiplərin bir daha nəzərdən keçirilməsi vacibdir.

Eyni zamanda, S.Qafarova deyib ki, sosial şəbəkələrdə uşaqların müəyyən məlumat və informasiyalara əlçatımlığının məhdudlaşdırılması texniki olaraq mümkün olan məsələdir. Bunun qanuni həllini həyata keçirmək olar: "Qanunda informasiya məhsullarının telekommunikasiya şəbəkələri vasitəsilə yayımının xüsusiyyətləri, uşaqlar üçün nəzərdə tutulan və qadağan olunan informasiyala məhsullarının dövriyyəsinə dair hüquqi tələblər də aydın şəkildə göstərilib ki, qanunun qəbulundan sonra icrasına nəzarət məsələlərinin də uğurlu həllinə nail olunacağına inanıram".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə