Məşğulluq orqanları əməkdaşları üçün təlimlərə başlanılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq Mərkəzlərinin peşəyönümü sahəsi üzrə mütəxəssisləri üçün təlimlərə başlanılıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, Göyçay Regional Peşə Tədris Mərkəzində təşkil olunan ilk təlimdə 15 rayon və şəhər (Yevlax, Hacıqabul, Zərdab, İsmayıllı, Beyləqan, Xocavənd, İmişli, Ağcabədi, Füzuli, Cəbrayıl, Ağdaş, Ağsu, Ağdam, Kürdəmir, Mingəçevir) Məşğulluq Mərkəzlərinin mütəxəssisləri iştirak edir. Təlim 6 gün davam edəcək. Digər rayon və şəhər Məşğulluq Mərkəzlərinin əməkdaşları üçün də təlimlərin təşkili nəzərdə tutulur.

Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən mütəmadi olaraq gənclərin, o cümlədən orta ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinin, dövlət uşaq müəssisələrində yaşayan yeniyetmələrin iştirakı ilə peşəyönümü tədbirləri keçirilir. Bu tədbirlər zamanı iştirakçılara əmək bazarında tələb olunan peşə və ixtisaslar haqqında ətraflı məlumatlar və onların düzgün peşə və ixtisas seçiminə köməklik göstərmək məqsədi ilə peşəyönümü məsləhətləri verilir.

Ekspertlərin və psixoloqların iştirakı ilə başlanan təlimlərdə məqsəd mütəxəssislərin peşəyönümü sahəsində bilik və bacarıqlarının, mövcud potensialının artırılması, beynəlxalq təcrübəyə uyğun olaraq yeni mütərəqqi üsullardan istifadə etməklə onların peşəkarlıqlarının yüksəldilməsidir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...