Müstəqil Azərbaycanın ilk ziyalı hərəkatı "91-lər"

1992-ci ildə 91 ziyalı "Səs" qəzeti vasitəsi ilə Heydər Əliyevə müraciət ünvanlayıb

Dövlət və cəmiyyət həyatında müəyyən rol oynayan, demokratik- hüquqi, sivil və dünyəvi dövlətçiliyin təməl prinsiplərindən, əsas atributlarından sayılan siyasi partiyalar, adətən, zərurətdən və milli tələbatdan yaranır. Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi nəcib amalı özünün siyasi idealı, əsas strateji xətti seçən Yeni Azərbaycan Partiyasının yaranması da tarixi zərurətdən və milli tələbatdan irəli gəlmişdir.

Bu gün 1991-1993-cü illərin böhranlı, ağrılı-acılı, faciəli günlərini qəlbində vətən və millət sevgisi olan hər bir azərbaycanlı böyük təəssüf və dərin kədər hissi ilə xatırlayır. Hakimiyyəti ələ keçirərək inanılmaz bir hərisliklə ölkənin sərvətlərini çapıb-talayan, iqtisadi-siyasi və mənəvi böhranın qarşısını almaqda aciz olan məlum qüvvələr xalqın inamından sui-istifadə etməklə, əslində, özlərini uçuruma yuvarladılar. Bir daha təsdiqləndi ki, xalqın inam və etimadına söykənməyən, onun iradəsini, istəyini nəzərə almayan hər hansı siyasi qüvvə Azərbaycan cəmiyyətində uzun müddət duruş gətirə bilməz. Belə acınacaqlı şəraitdə xalqın üzdə olan ziyalıları, sadə və zəhmətkeş insanları öz daxili inamlarına söykənərək respublikanı xaos və anarxiya mühitindən, parçalanma təhlükəsindən, sosial-iqtisadi tənəzzüldən, bir sözlə, böyük fəlakətlərdən qurtara, onu möhkəm sabitlik, davamlı sosial-iqtisadi tərəqqi və yüksəliş yoluna çıxara biləcək yeganə düzgün ünvanı göstərdilər. Əksəriyyət yaxşı başa düşürdü ki, məhz Ulu Öndər Heydər Əliyev kimi müdrik strateq və siyasət ustadının rəhbərliyi altında formalaşan siyasi partiya xalqın inamını doğrultmaq, respublikanı üzləşdiyi böyük faciələrdən hifz etmək iqtidarında ola bilər.

Ölkənin taleyinə biganə olmayan belə ziyalılar, sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq Heydər Əliyevlə görüşlər keçirir, xalqı üzləşdiyi fəlakətlərdən, çətinliklərdən çıxarması üçün ondan kömək istəyirdilər. Ağır vəziyyətdən cana doymuş insanlar konstitusiyaya daxil edilmiş qondarma yaş senzinin ləğvi üçün respublikanın müxtəlif bölgələrində mitinqlər təşkil edir, dahi strateqin yenidən böyük siyasətə qayıdışını təkidlə istəyirdilər.

Ziyalılar baş verənlərə biganə qala bilməzdilər

Nəhayət, 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalılar adından Ulu Öndərə - Heydər Əliyevə müraciət ünvanlandı. Və "91-lər" adı ilə yaranan hərəkatın məramı, məqsədi milyonlarla vətəndaşın Heydər Əliyevə olan ümumxalq etimadını və seçimini siyasi-ictimai cəhətdən təşkil etməkdən; onların Heydər Əliyevlə bağlı siyasi istək və arzularını, azad seçim hüquqlarını bərpa etməkdən; Azərbaycanın siyasi proseslərində Heydər Əliyevlə bağlı ümumxalq maraqlarına və milli mənafeyə dayaqlanan demokratik mühiti və demokratik siyasi ənənələri yaratmaqdan; xalqla Heydər Əliyev birliyinin demokratikliyini və sarsılmazlığını, bu birliyin xalqın milli iradəsinə əsaslandığını bəyan etməkdən ibarət olubdur. Bu hərəkatın məqsəd və məramı Xalq-Heydər birliyinin tarixi, milli, siyasi həqiqət və sosial sifariş olduğunu geniş ictimai fikrə və sosial-siyasi rəyə daxil etməkdən, əsaslandırmaqdan ibarət idi.

Ölkədə yaraqmış xaos, özbaşınalıq respublikanı vətəndaş müharibəsinə sürükləyirdi. Belə vəziyyətdən sui-istifadə edən xarici ölkələrin casus şəbəkələri ermənilərlə və daxili pozucu qüvvələrlə əlbir olub, Azərbaycan ərazisində respublikalar yaratmaq planını həyata keçirirdi. Atrıq bu respublikaların xəritəsi də hazırlanmışdı. Azərbaycan, nəinki müstəqil dövlət kimi, bir respublika kimi də dünya siyasi xəritəsindən, tarixdən silinmək üzrə idi. Belə bir vaxtda xalqın yeganə ümidi, inamı, xilası, etimadı Heydər Əliyevə yönəlmişdi.

Xalqın Heydər Əliyevə siyasi dəstəyi, siyasi etimadı təşkilatlanmalı, Heydər Əliyevi siyasətçi, lider kimi dəstəkləyən siyasi çoxluğun partiyası yaradılmalı, Heydər Əliyev bu partiyanın sədri və lideri olmalı idi. Xalq Heydər Əliyev ətrafındakı dönməz və sarsılmaz birliyini siyasi cəhətdən təşkilatlandırmaq, liderin ölkəyə demokratik yolla rəhbər seçilməsini qanuniləşdirmək istəyirdi. Belə də olmalı idi. Heydər Əliyevin demokratikliyi, dövlətçilik təcrübəsi qanunların və xalqın rəyindən, millətin tələb və istəyindən, sosial sifarişdən kənar hər hansı mübarizə metodunu qəbul edə bilməzdi. Elə, bu proseslər zəminində, xalqın arzu və istəyini əks etdirən müraciət hazırlandı. Ziyalılar müraciətdə Heydər Əliyevdən siyasi partiya yaradılmasını və bu partiyaya Sədrlik etməsini xahiş edirdilər, bu xahişin xalqın istəyini, milli iradəsini ifadə etdiyini vurğulayırdılar. Müraciətdə deyilirdi ki, Heydər Əliyev bu ümumxalq istəyinə razılıq verərsə,

Azərbaycanın da xilası, bütün sahələrdə inkişafı və dövlətin möhkəmlənməsi reallaşa bilər. Ən əsası isə, ziyalıların bu tarixi müraciəti, əslində, bütün Azərbaycan xalqının istəyi, arzusu, haqlı tələbi idi. Azərbaycan xalqının istəyinə heç zaman biganə qalmayan, özünün qurub-yaratdığı respublikanın gözgörəsi dağılmasına dözməyən Heydər Əliyev dühası vətənin dar günündə xalqın imdad və kömək səsinə səs verdi.

Heydər Əliyev ziyalıların səsinə səs verdi

Nəhayət, 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalılar adından Ulu Öndərə ünvanlanan müraciətə Heydər Əliyevin verəcəyi cavab xalq arasında ən çox gözlənilən xəbər idi. Heydər Əliyev Azərbaycanın millətinin və dövlətinin xilası, yaşaması, inkişafı və gələcəyi naminə xalqın gözlədiyi bu cavabı verdi və "Səs" qəzetinin 7 noyabr 1992-ci il tarixli sayında Ulu Öndərin ziyalıların müraciətinə cavabı dərc edildi.

Oktyabrın 24-də Ulu Öndərin ziyalıların müraciətinə verdiyi müsbət cavab isə Heydər Əliyevin yaranmış vəziyyətdə böyük məsuliyyətin altına girməkdən çəkinmədiyini, cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi. Cavab məktubunda ziyalıların haqlı narahatlığını və həyəcanını bölüşən Ümummilli Lider yaranmış vəziyyətdən çıxış yollarını da böyük müdriklik və uzaqgörənliklə göstərirdi: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğulur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində iştirak etməyə hazıram".

Çağdaş dövlətçilik tarixində yeni səhifə - zərurətdən yaranan partiya

1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş verdi: Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Paptiyasının təsis qurultayı keçirildi, Ulu Öndər yekdilliklə təşkilata Sədr seçildi.

Müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən YAP-ın yaranması tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu milli tələbatdan irəli gəlirdi.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın mövcud durumunu və yaranmış təhlükəli vəziyyətdə çıxış yollarını göstərən, onun müdrik tövsiyələrini əks etdirən bu məktubu sonrakı mərhələdə YAP-ın fəaliyyətinin əsas prinsiplərini və istiqamətlərini təşkil etdi. YAP yarandığı gündən Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün nizamnaməsi və proqramı əsasında fəaliyyət göstərən, sıralarında respublikada hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiya kimi fəaliyyətə başladı. Partiyanın Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik-hüquqi və dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi məsələlərindən ibarət idi. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət meyarları YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin fundamental prinsipləri olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasına çevrildi.

YAP-ın qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması da, məhz Ulu Öndər Heydər Əliyevin fenomenal liderlik və idarəçilik keyfiyyətləri ilə şərtlənirdi. 1993-cü ilin məlum iyun böhranı zamanı ölkənin taleyinə biganə olmayan insanlar, yaxşı başa düşürdülər ki, Azərbaycanı sürətlə fəlakətə sürükləyən məkrli planların qarşısını almağa, düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyət, məhz Heydər Əliyevdir. İyun ayının 9-da xalqın və o zaman çıxılmaz vəziyyətə düşmüş AXC-Müsavat iqtidarının təkidli istəyi ilə Bakıya qayıdan Ulu Öndər təbiətin Ona bəxş etdiyi fövqəlidarəçilik keyfiyyətlərindən məharətlə bəhrələnərək xalqı vətəndaş qarşıdurmasından, dövlət müstəqilliyini itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyin xilaskarı və qurucusu kimi daxil oldu. İyun ayının 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə ölkədəki kütləvi inamsızlıq, xaos və hərc-mərclik mühitinin aradan qalxmasına, siyasi gərginliyin tədricən azalmasına, sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratdı.

Yeni Azərbaycan Partiyası - 26: xalqa, dövlətə xidmət nümunəsi

İstənilən siyasi partiyanın taleyi, ilk növbədə, onun ideyalarının ictimai dəyəri ilə şərtlənir. Zəngin həyat yolu keçən YAP ideyalarının xalqa daha cəlbedici və yaxın olması ilə ölkənin siyasi taleyində mühüm rol oynamaq qüdrətini son 26 ildə tam təsdiqləyib. YAP Heydər Əliyevin daxili və xarici siyasət kursuna alternativ görmədiyi kimi, bu strategiyanı uğurla davam etdirəcək siyasi xadimi də haqlı olaraq Ümummilli Liderin komandasında müəyyənləşdirib. Bu inam, məhz Cənab İlham Əliyevin milli maraqlara əsaslanan fəaliyyəti üzərində köklənib. Son 15 ildə YAP-a inamla rəhbərlik edən Azərbaycan Prezidenti İlham Əliyev partiyanın İdarə Heyətinin üzvləri ilə hələ 2004-cü il martın 11-də keçirdiyi görüşdə, bütün sahələrdə olduğu kimi, partiyanın gələcək fəaliyyətində də Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna əsaslanacağını bəyan etdi və fəaliyyəti ilə bu vədinə sadiqliyini tam təsdiqlədi. Həmin görüşdə YAP üzvlərinin qarşısına bir sıra yeni vəzifələr qoyan Prezident İlham Əliyev bildirdi ki, hər bir partiya üzvü Ümummilli Lider Heydər Əliyevin həyata keçməyən ali ideallarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün əlindən gələni etməli, dövlətçiliyimizin inkişafına və tərəqqisinə daim xidmət göstərməlidir: "Yeni Azərbaycan Partiyası güclü təşkilatdır və Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Bu partiyaya mənim də münasibətim eynidir. Mən də öz siyasi fəaliyyətimi partiyasız təsəvvür etmirəm. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik. Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin və qüdrətli dövlətə çevriləcək".

2008-ci ildə YAP-ın namizədi kimi ikinci dəfə prezident seçkilərinə qatılan Cənab İlham Əliyevin xalqın yüksək etimadı ilə yenidən Azərbaycan Prezidenti seçilməsi isə sözügedən təşkilatın cəmiyyətdə ciddi sosial dayaqlara malik olduğunu bir daha nümayiş etdirdi. Cənab İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanı davamlı yüksəliş və tərəqqiyə aparan siyasəti davam etdirməklə yanaşı, cəmiyyətin hakim partiyaya inam və etimadını daim artırır.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...