Dini radikalizmlə mübarizə: necə və nə etməli?

Dini radikalizmə qarşı mübarizəni həyata keçirmək müasir dövrdə bir çox dünya ölkələrinin qarşısında dayanan əsas prioritet istiqamətlərdən biridir. Belə radikal cərəyanlara qarşı bir neçə üsulla mübarizə aparmaq mümkündür. Bu metodlar praktik olmaqla yanaşı, əldə edilən nəticə baxımından tez və uğurlu nəticəyə çatmaq üçün kifayət qədər effektiv təsirə malikdir. Bu tipli tədbirlərdən istifadə zamanı bəzi incə məqamlar da diqqəti cəlb edir. Həmin metodlar aşağıdakılardır;

Maarifləndirici metod

Məşhur filosoflardan birinin fikrincə, maariflənmə insanlığın özü-özünə təlqin etdiyi qeyri- yetkinliklərdən xilas olması deməkdir. Qeyri-yetkinlik isə insanın başqaları tərəfindən yönləndirilmədən öz ağlını istifadə etmək bacarığının olmamasıdır. Qeyri-yetkinlik cahilliklə, savadsızlıqla birbaşa əlaqəlidir. Çünki savadsız insanı idarə etmək, istənilən tərəfə yönləndirmək asan olur. Bu baxımdan insanları radikalların təsirindən qorumağın ilkin metodu maarifləndirmə işinin aparılmasıdır.

Maarifləndirmənin ilkin vəzifəsi insanlara dini doğru şəkildə çatdırmaq və radikalizmi təbliğ edən cərəyanların mahiyyətini, iç üzünü açmaqdır. Bundan başqa, maarifləndirmə sadə dildə, cəmiyyətin başa düşəcəyi şəkildə aparılmalı, təbliğat zamanı məntiqsiz fikirlərə, ifrata yol verilməməlidir. Burada ailə və məktəblə yanaşı, din xadimlərinin, ilahiyyatçıların, ixtisaslaşmış ekspertlərin üzərinə böyük məsuliyyət düşür. İlk mərhələdə dindarları maarifləndirmək üçün onlar lazımi və özündə doğru informasiya daşıyan ədəbiyyatlarla təchiz edilməli, bu iş üçün müəyyən qədər səbr və diqqətlə yanaşılmalıdır .

Daha sonrakı mərhələdə isə əhalinin daha çox sıx olduğu məkanlarda dini maarifləndirici söhbətlər aparılmalı, dini radikalizmə qarşı mübarizə mövzusunda mühazirələr, konfranslar təşkil olunmalı, gənclərlə söhbətlər təşkil edilməlidir. Bu maariflədirmə işi bütün istiqamətlərdə - məhəllə, kənd, qəsəbə, şəhər, rayonlarda, silahlı qüvvələrdə, hüquq–mühafizə orqanlarında, təcridxanalarda, səhiyyə, mədəniyyət müəssisələrində, qeyri-hökumət təşkilatlarında, ibadət evlərində, istehsal sahələrində və digər mümkün yerlərdə aparılmalıdır.

Maarifləndirmə tədbirləri gənclərin dini-əxlaqi dəyərlərdən uzaqlaşmasının, onların adət- ənənəmizə zidd davranışları mənimsəməsinin, zərərli axın və vərdişlərin tələsinə düşməsinin qarşısının alınması baxımından önəmlidir.

Maarifləndirmə işi aparılan zaman tədbirlərin keçiriləcəyi yerləri diqqətlə seçmək də mühüm əhəmiyyət daşıyır. Bu toplantılarda iştirak edəcək insanların cəmiyyətdə kifayət qədər nüfuz qazanmış olması da vacib məsələlərdəndir. İslamı, ümumiyyətlə, dinləri bilən və ya dini təhsili olan hər kəsi dini maarifləndiricilik işinə cəlb etmək olmaz. Bu işə cəlb olunan ixtisaslı mütəxəssislərin yetərli dini bilikləri ilə yanaşı, yüksək şəxsi keyfiyyətləri, dini, həm də milli və dövlət təəssübkeşliyi olmalı, dünyəvi dövlət quruluşunu səmimi şəkildə dəstəkləməlidir. Əgər mütəxəssisin normal dini savadı olmasa, dini maarifçilik işi nəticəsiz qalacaq, şəxsi keyfiyyətləri qüsurlu olsa, insanlar onu qəbul etməyəcək, milli və dövlət təəssübkeşliyi olmasa, dünyəvi dövlət quruluşuna qarşı çıxsa, millətə, dövlətə faydasından çox zərəri dəyəcək. Bu baxımdan dini maarifçilik işinə cəlb olunmuş mütəxəssislər konkret meyarlar əsasında, hətta zərgər dəqiqliyi ilə seçilməlidir

Bəzən dini maarifləndirmə dedikdə yalniz zərərli dini cərəyan və təriqətlərlə mübarizə nəzərdə tutulur. Bu, səhv yanaşmadır. İnsanlar zərərli dini cərəyanlardan və qeyri-ənənəvi təriqətlərdən məlumatlı olmalıdırlar, amma buna paralel şəkildə əsl dinin nə olduğunu da bilməlidirlər. Əks təqdirdə biz insanlara zərərli olanı göstərsək də, doğru olanı nişan verməyəcəyik.

Daha dəqiq desək, doğrunu ondan uzaq tutmuş olacağıq. Ən düzgün maarifləndirmə metodologiyası səhvlə yanaşı, doğrunu da göstərməkdir. Seçim onun artıq öz işidir.

Söhbət maariflənmədən gedirsə, burada bədii ədəbiyyatın, mütaliənin əhəmiyyətinə toxunmaq yerinə düşərdi. Kitabın insanın həyatında, onun inkişafında yeri əvəzedilməzdir. Ancaq müasir dövrdə kompüter və internetin heyatımıza sürətlə daxil olması mütaliəni ikinci plana keçirmişdir. Xüsusilə, gənclər özlərinə lazım olan məlumatı tez və yığcam şəkildə əldə etmək üçün tez- tez internetin köməyindən istifadə edirlər. Halbuki, təcrübə göstərir ki, internet vasitəsilə əldə olunmuş məlumatların heç də hamısı sağlam və əsaslandırılmış olmur. Ona görə də uşaqlarda hələ kiçik yaşlarından mütaliəyə maraq və istək yaratmaq lazımdır. Çünki kitablar xurafat və radikallıq qarşısında ən böyük qalxan rolunu oynayır. Kitablar azadlıq deməkdir: xurafatdan azadlıq, cəhalətdən azadlıq, fanatiklikdən azadlıq .

Preventiv (qabaqlayıcı) metod

Bu metod bir növ maarifləndirmə metoduna bənzəsə də, onun əsas anlamı radikallarla mübarizədə onların addımlarını daha atmamışdan əvvəl zərərsizləşdirməkdən ibarətdir. Belə ki, onlar öz radikal fikirlərini dini mənbələrə istinadən edərək yayırlarsa, dini maarifləndirmə işini həyata keçirənlər onlardan bir addım öndə olub, elə həmin mənbələrə müraciət edərək belə fikirlərin yalnışlığıni, dində radikalliğa, ifratçılığa yer olmadığını əyani formada insanlara çatdırmalıdırlar. Üstəlik, bu zaman etibarlı, əsaslandırılmış mənbələrə istinad edilməlidir ki, qarşı tərəfdə hər hansı şübhə yeri qalmasın.

Profilaktik metod

Profilaktik metod radikal tipli dini cərəyanın təsiri altına düşmək təhlükəsi ilə üzləşən və yaxud yenicə düşmüş insanlarla izahat işi aparmaq və onları dini-ideoloji baxımdan düzgün yola geri qaytarmaq anlamına gəlir. Xüsusilə gənclər və yeniyetmələr radikal, ifratçı ünsürlərin təsirinə yenicə düşmüşsə, bununla bağlı dərhal fəaliyyətə keçmək lazımdır. Vaxt bu məsələdə ən mühüm silahlardandır. Belə ki, beyni çox yuyulmamış insanla vaxt itirmədən aparılacaq fəaliyyət onu bu təsirdən qurtara bilər.

Profilaktik metodu tətbiq edənlər həm insan psixologiyasını yaxşı bilməli, həm də cəmiyyət içərisində dediklərini özlərinin ilk tətbiq etdiyi şəxsiyyət kimi tanınmalıdırlar. Beləliklə, bu məqsəd üçün istifadə ediləcək insanlara xüsusi treninq və kurslar keçilməsi də nəzərdən qaçırılmamalı, həmin insanların üzərində diqqətlə işlənməli, lazımi nəzəri və praktik məlumatlarla təmin edilməsi də unudulmamalıdır.

İnzibati metod

Dini radikalizmə qarşı mübarizədə ən sonuncu mübarizə üsulu kimi inzibati metoddan istifadə olunur. Lakin bu metod son anda tətbiq oluna bilər. Belə ki, əgər radikal qüvvələrin fəaliyyətində cinayət tərkibi olarsa, bu zaman onlara qarşı mübarizəni hüquq-mühafizə orqanları həyata keçirir. Digər tərəfdən, dini maarifləndirmə işi aparanlar da bu sahə ilə bağlı dövlətin qanunlarına yaxşı bələd olmalı və radikal ünsürlərlə hüquqi müstəvidə mübarizə aparmağı öyrənməlidirlər.

Beləliklə, sağlam ənənəvi dini baxışları ehtiva edən prinsiplər dindarlarımız tərəfindən əsaslı şəkildə mənimsənilməli və onlar gələcək nəsillərə olduğu kimi təbliğ olunmalıdır.

Yazı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Dəyər" Mənəvi İrsin Təbliği İctimai Birliyinin "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" layihəsi çərçivəsində dərc edilib.

Sevinc Cəfər

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...