"Yeni, müstəqil Azərbaycan uğrunda" TARİX

Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavabı

HÖRMƏTLİ ZİYALILAR!

16 oktyabr 1992-ci il tarixli “Səs” qəzetində dərc olunan müraciətinizlə böyük diqqət və ehtiramla tanış oldum. Müraciətinizdən, mətbuat və televiziyadan, Azərbaycanın müxtəlif bölgələrindən gələn məktublardan aldığım məlumatlardan aydın olur ki, respublikada ictimai-siyasi və sosial-iqtisadi vəziyyət son dərəcə ağırdır. Bu şəraitdə Azərbaycan ziyalılarının narahatçılığı haqlıdır və təqdirəlayiqdir.

Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və şübhəsiz ki, bütün azərbaycanlıları, bütün Azərbaycan vətəndaşlarını hədsiz dərəcədə sevindirir. Eyni zamanda, bu əlamətdar hadisə müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında çox məsul, mürəkkəb, çətin vəzifələr qoyur. İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli-demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir. Bu xeyirxah və şərəfli işə hər bir vətənpərvər öz layiqli töhfəsini verməlidir.

Bununla bağlı və Sizin müraciətinizə cavab olaraq bəzi fikirlərimi və arzularımı açıqlamaq istəyirəm. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi təxminən səksəninci illərin əvvəllərindən başlamış, keçmiş Sovetlər İttifaqında və bütün dünyada gedən ictimai-siyasi proseslərin zəruri nəticəsidir. Bu tarixi-obyektiv proseslər Sovet İttifaqının dağılmasına, Kommunist Partiyasının tarixin səhnəsindən çıxmasına və 15 müttəfiq respublikanın hər birinin müstəqil dövlətə çevrilməsinə gətirib çıxarmışdır. Bundan sonrakı hadisələr - yeni müstəqil dövlətlərin, o cümlədən, Azərbaycan Respublikasının dünya ölkələri, müxtəlif beynəlxalq təşkilatlar, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınması təbii bir haldır və beynəlxalq, dövlətlərarası hüquq normalarının qanunauyğun təzahürüdür.

Buna görə də Azərbaycanın müstəqillik əldə etməsini heç bir vəchlə müəyyən ictimai-siyasi qüvvələrin, təşkilatların, ayrı-ayrı şəxslərin, o cümlədən də, Xalq Cəbhəsinin xidməti saymaq olmaz. Təkrar edirəm, bu ,tarixi-obyektiv proseslərin nəticəsidir, taleyin və zamanın Azərbaycan xalqına, eləcə də, keçmiş müttəfiq respublikaların xalqlarına əvəzsiz töhfəsidir.

Beləliklə, Azərbaycanın dövlət müstəqilliyi bütün Azərbaycan xalqının milli sərvətidir və heç cür yol vermək olmaz ki, bu, ayrı-ayrı siyasi partiyaların, qurumların, şəxslərin müstəsna səlahiyyətinə, monopoliyasına çevrilsin.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması bütün ictimai-siyasi, sosial-iqtisadi potensialından maksimum istifadə olunmasını tələb edir. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olur.

Güman edirəm ki, bu yolda əsas vəzifələr aşağıdakılardan ibarətdir:

Birinci. Azərbaycanın müharibə vəziyyətindən çıxması və Qarabağ probleminin tezliklə həll olunması. Artıq beş ildir ki, Azərbaycanla Ermənistan arasında müharibə gedir, ərazimizin bir hissəsini itirmişik, Ermənistanla həmsərhəd bölgələrin bir çox yaşayış məntəqələri dağılmış, minlərlə insan həlak olmuş, yaralanmış, şikəst və əlil olmuşdur. Respublikada yüz minlərlə yurdlarından didərgin düşmüş, ağır vəziyyətdə yaşayan qaçqınlar var. Respublikaya misli görünməmiş hədsiz maddi və mənəvi ziyan dəyib. Ən dəhşətlisi budur ki, bütün bu faciələrin hələ də sonu görünmür. Bir il bundan əvvəl olduğu kimi, bu gün də Azərbaycanın rəhbər dövlət orqanlarının Qarabağ problemi haqqında dəqiq, aydın konsepsiyası və lazımi hərbi-siyasi strategiyası yoxdur. Belə təsəvvür yaranır ki, Qarabağda və başqa sərhəd zonalarında hərbi əməliyyatlar özbaşına gedir.

İkinci. Azərbaycanda sosial-iqtisadi böhranın dərinləşməsi, xalqın güzəranının gündən-günə ağırlaşması böyük həyəcan doğurur. Respublika iqtisadiyyatının cari ilin doqquz ayındakı vəziyyəti barədə statistik məlumatlar insanı dəhşətə gətirir. Milli gəlirin istehsalı 25 faiz, sənaye məhsullarının istehsalı 25 faiz aşağı düşmüşdür. Kənd təsərrüfatında və əsaslı tikintidə vəziyyət daha da ağırdır. Əgər Azərbaycan iqtisadiyyatının səviyyəsinin son 5-6 il ərzində dayanmadan aşağı düşməsini nəzərə alsaq, o zaman respublikanın necə böyük fəlakətlə üzləşdiyini təsəvvür etmək çətin deyil.

Azərbaycan tükənməz təbii sərvətlərə, zəngin sənaye, aqrar və sosial ehtiyatlarına, lazımi intellektual potensiala, əsaslı istehsal fondlarına, istənilən qədər işçi qüvvəsinə malikdir. Bütün bunlardan respublikanın müstəqilliyini möhkəmlətmək və insanların həyat səviyyəsini yaxşılaşdırmaq üçün səmərəli istifadə olunmalıdır. Aqrar sahədə təkcə bir il ərzində istehsalı yüksəltməklə kənd təsərrüfatı məhsullarını xeyli artırmaq mümkündür. Təəssüf ki, respublikanın belə zəngin daxili imkanlarından lazımi səviyyədə istifadə olunmur.

Belə qənaətə gəlmək olur ki, dövlət və hökumət orqanlarının respublikanı ağır vəziyyətdən çıxarmağa yönəldilən aydın istisadi proqramı, strategiyası, əhalinin həyat səviyyəsini günü-gündən yaxşılaşdırmaq üçün konkret tədbirləri yoxdur. Müşahidələr göstərir ki, bu sahədə də çox işlər kortəbii aparılır.

Üçüncü. Bu gün respublikada aparılan kadr siyasəti çox haqlı olaraq geniş xalq kütləsinin etiraz və narazılıqlarına səbəb olur. Rəhbər vəzifələrə iş qabiliyyəti, biliyi, bacarığı, təsərrüfat və idarəetmə işlərindəki təcrübəsi nəzərə alınmadan yalnız Xalq Cəbhəsinə mənsubiyyətinin əsas götürülməsi hüquq normalarına uyğun deyil, ağır nəticələr verə bilər. Xalq Xalq Cəbhəsinə heç zaman belə müstəsna hüquq və səlahiyyət verməmişdir. Ötən illər və onilliklər ərzində respublikada dövlət idarəetmə, iqtisadiyyat, elm, mədəniyyət və sosial sahələrdə kifayət qədər bilikli, təcrübəli, səriştəli, yüksək mədəniyyətə malik kadrlar hazırlanmışdır. Onların hamısı ictimai-siyasi təşkilatlara, partiyalara mənsubiyyətindən asılı olmayaraq, fəal quruculuğa cəlb edilməlidirlər.

Azərbaycandan kənarda - Rusiyada, Ukraynada və başqa respublikalarda ölkənin mötəbər, nüfuzlu ali məktəblərində, elm mərkəzlərində, ali hərbi məktəblərdə təhsil almış və böyük təcrübə toplamış azərbaycanlılar yaşayır. Onları öz Vətənlərində, müstəqil Azərbaycanın həyatının müxtəlif sahələrində çalışmağa cəlb etmək üçün tədbirlər görmək lazımdır. Yeniləşən, demokratikləşən müstəqil Azərbaycana onlar öz səmərəli fəaliyyətləri ilə çox böyük fayda verə bilər.

Bu gün bolşeviklərin və kommunistlərin özünü doğrultmayan təcrübələrindən yenidən istifadə olunmasına yol verilməməlidir. Təəssüf ki, son aylar bu təcrübə respublikada geniş tətbiq edilir.

Dördüncü. Müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi hər şeydən əvvəl respublikada qanunların toxunulmazlığından, qanunun aliliyindən asılıdır. Totalitarizmdən tamamilə xilas olmaq yalnız demokratiyanın ardıcıl inkişafı, siyasi plüralizm, insan azadlığı şəraitində mümkündür. Söhbət söz, vicdan, din, təşəbbüskarlıq və sahibkarlıq, mülkiyyətçilik, seçib-seçilmək azadlığından gedir.

Azərbaycanda yaşayan hər bir vətəndaş milliyyətindən, dinindən, dilindən, siyasi əqidəsindən asılı olmayaraq, bu demokratik azadlıqlara və hüquqlara malik olmalıdır.

Əfsuslar olsun ki, bu sahədə də respublikada ötən yarım ildə heç bir dəyişiklik baş verməmişdir.

Fikrimcə, yeni müstəqil dövlətin quruculuğu prosesinə vətəndaşların hamısı, əhalinin bütün təbəqələri cəlb olunmalıdır. Yeni müstəqil Azərbaycan bütün Azərbaycan xalqınındır. Hamı onun tərəqqisinə çalışmalıdır. Bu işdə heç kəsə məhdudiyyət qoyulmamalıdır.

Beşinci. Son zamanlar Azərbaycanın parçalanmasına yönəldilmiş meyillərin təzahürü böyük təhlükə yaradır. Belə meyillərin qarşısı qətiyyətlə alınmalıdır. Yaranan problemlər sivilizasiya və demokratik yollarla həll edilməlidir.

Azərbaycan onilliklərlə, yüzilliklərlə onun ərazisində yaşayan bütün insanların vətəni olmuşdur. Yaranmış vahid, bütöv Azərbaycanın demokratik prinsiplər əsasında qorunub saxlanılması və inkişaf etdirilməsi, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi üçün mühüm vəzifə və əsas şərtdir.

Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair digər problemlər də məni narahat edir. Lakin Sizin müraciətinizə cavab verərkən yuxarıda göstərilən məsələlərə daha öncə diqqət yetirməyi lazım bilirəm. Zənnimcə, onların ən qısa müddətdə həlli müstəqil Azərbaycan dövləti üçün son dərəcə vacibdir. Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı bu problemlərinə biganə qalmağa heç kəsin haqqı yoxdur.

Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğulur.

Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.

Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram.

Dərin hörmətlə, HEYDƏR ƏLİYEV

24 oktyabr 1992-ci il Naxçıvan şəhəri “SƏS” qəzeti, 6 noyabr 1992-çi il, № 46 (75)

Bütün xəbərlər Facebook səhifəmizdə