Mətbuatın aqoniyası və ya media terroru - ARAŞDIRMA

Redaksiyamızın elektron poçtuna bir məktub daxil olub. Həmin məktubu oxuculara təqdim etməklə həm çoxdandır davam edən mübahisələrin mahiyyətini açmaq, həm də bir mətbu orqanı olaraq oxuculara tərəfsiz, obyektiv olduğumuzu sübut etməkdir. Arzu edirik ki, bütün mətbuat orqanları obyektiv olsunlar. Onda bu qədər qalmaqallar baş verməz.

Hörmətli redaksiya!

Son zamanlar bəzi KİV-lərdə yazılan məqalələri, anonsları, manşetlərə çıxarılan guya ki, sensasiya sayılacaq qondarma və səviyyəsiz xəbərləri nəzərdən keçirdikcə mətbuat vasitələrimizin əksəriyyətinin son dərəcə gülünc, acınacaqlı vəziyyətə düşdüklərinin təəssüflə şahidi oluruq. Bunu yəqin ki, KİV-lərin kadr potensialının zəif və qeyri peşəkar olması, maddi dəyərlərin mənəvi dəyərlərdən önə çıxması, özünü tənqidin yoxluğu, özündən müşdəbehlik, peşəkar kadrların azlığı, mətbuat səhifələrindəki anarxiya və məsuliyyətsizliklə bəlkə də izah etmək olar. Özünü jurnalist adlandıranların çoxunun demək olar ki, heç ali təhsili yoxdur. Bu da mətbuat səhifələrində ciddi və maraqlı analitik yazıların yoxluğuna səbəb olub. Görəsən onlar fikirləşirlərmi ki, yüz il sonra onların nəvələri bu yazıları oxuyanda öz babaları, nənələri haqqında nə fikirləşəcəklər.

Yuxarıda qeyd etdiklərimizi son günlər “Baklift” İstehsalat Birliyinin baş direktoru olmuş Qüdrət Şükürov haqqında bəzi KİV-də baş alıb gedən yalan, cızma-qaraların timsalında görə bilərik.

Onu vurğulamaq istəyirik ki, Qüdrət Şükürov Leninqrad (indiki Sankt-Peterburq) İnşaat Mühəndisləri İnstitutunu bitirərək 30 ilə qədər bir zaman çərçivəsində lift sahəsində çalışan, fəhləlikdən baş direktorluğa qədər yüksələn peşəkar kadrdır. Onun rəhbərliyi dövründə Bakı şəhərində 1500-dən çox köhnə lift yenisi ilə əvəz olunub, bir neçə mini də əsaslı təmir edilib. Bu zaman Qüdrət Şükürovun düzgün seçimi sayəsində Bakı binaları dünyanın bir nömrəli lift brendi, 200 ildən çox yaşı olan OTİS transmilli korporasiyasının liftləri ilə təchiz edilib. Amma iki ildən çoxdur ki, Qüdrət Şükürovu gözü götürməyənlər, onun qazandığı nailiyyətləri həzm edə bilməyən adamcıqlar onun özü və ailəsi barəsində xəstə təxəyyüllərinin məhsulu olan yalanları, böhtanları, qarayaxmaları yaymaqla məşğuldurlar. Yaxşı deyiblər ki, “vicdan susanda adamcıqlar hər cür fitnələrə, şeytan əməllərə qadir olurlar”. Bax ona görə də Qüdrət Şükürova qarşı uzun müddətdir ki, məqsədli aparılan bu qarayaxma, şantaj əsl mənəvi terrordur. Bunun daha başqa adı yoxdur. Bu cizma-qaraların, şəh-böhtanların, boşboğazlıqların nəticəsi olaraq aparılan ardı-arası kəsilməyən yoxlamalar əlahiddə bir qurum olan “Baklift” İB-nin işini bu gün demək olar ki, iflic bir hala salıb. Bakı şəhərində istifadə olunan 5 mindən çox lift var. Hər gün bu vertikal nəqliyyat vasitələrindən bəlkə də bir milyondan çox adam istifadə edir. Onların təhlükəsiz hərəkəti məhz Baklift işçilərinin fədakar, gərgin əməkləri sayəsində mümkün olub.

İndi də keçək bəzi KİV-lərin Qüdrət Şükürovun fəaliyyətinə qərəzlə yanaşmasına. Heç bir həya-abır gözləmədən bu "media qəhəmanları", onların “kapitanları” utanmadan Qüdrət Şükürovun ailəsinin toxunulmaz sayılan şəxsi həyatına müdaxilə edir, yalan və böhtanlarını yağışdan sonra çoxalan göbələklər kimi tirajlamaqla məşğul olurlar. Onlar unudurlar ki, mətbuat azadlığı anarxiya, murdar əməllər yaymaq demək deyil. Sabah bu murdar əməllərinin məhz onlarının özlərinə qarşı çevriləcəyini yəqin ki, unudurlar... Dəfələrlə izahat verilməyinə baxmayaraq onlar Qüdrət Şükürovun yeni qudası tərəfindən öz oğluna etdikləri toyu məhz israrla Qüdrət Şükürovun ayağına yazır, gah 400 min avro, gah 400 min dollar, gah da 500 min manat deyirlər. Bu rəqəmin üzərinə günlər ötdükcə faiz də gəlir və bir qədər də şişirdirlər. Axı bu ağ yalandır. Şəh-böhtandır. Adam belə şərəfsiz hərəkət etməz.

Bu bulvar qəzetlərinin və saytlarının qarayaxmasının, boşboğazlığının, şəh-böhtanının sayəsində Qüdrət Şükürov işindən ayrıldı və bununla da bu gün “Baklift” İstehsalat Birliyi özünün professional kadrını itirdi. İşindən ayrılan Qüdrət Şükürov gah Bakıdan qaçdı deyirlər, gah gizlənib, gah da Füzuli kimi dərddən dağa çıxıb yazırlar. Yəqin ki, sabah bəzi KİV-lər “Qüdrət Şükürov öz yaxtasına minərək Aralıq dənizində yeni aldığı adasına getdi”, ya da şəxsi təyyarəsi ilə Ceyms Bond kimi dünyanın o başına qaçdığını yazacaqlar. Bəlkə olmayan ağılları ilə bir az da irəli gedib yaxtanı su altı qayıqla da əvəz edəcəklər. Həqiqətən də “insan fantaziyası sonsuz imiş” deyiblər. Bəziləri hətta Qüdrət Şükürovu İlon Maskın əmisi oğlu elan edəcək, bəziləri də onun FBR agentləri, MKİ rəsmiləri və sonda Trampın özü tərəfindən dindirlməsini arzu edəcəklər. Dünyanın o başında da hər hansı bir liftdə hadisə olacaqsa israrla “Qüdrət Şükürov günahkardır” deyəcəklər. Bəzi KİV-lər bu gün yalan-palan tirajlamağı, qara piar aparmağı peşəkar şəkildə öyrənib, qərəzli yanaşmalarını şouya çevirərək asan yolla pul qazanmağın yolunu tapıblar. Bu da həqiqətən də soyadını dəyişmiş Bakıda yaşayan 35 min erməninin hələ də içimizdə olduğunu bir daha təsdiq etmiş olur. Ancaq onlar köhnə bir məsəli unudurlar ki, “hay ilə gələn vay ilə gedər”. İntellektual səviyyələri aşağı olan bəzi üzdəniraq qəzet və sayt carçılarına boş vaxtlarında Onore de Balzakın “Блеск и нишета куртизанок” adlı fundamental və klassik əsərini oxumağı tövsiyyə edirəm. Bəlkə onlara bunun bir faydası olar və nə etdiklərini, nə əməllə məşğul olduqraını heç olmasa zəif görən gözləri ilə görsünlər.

Yadıma müdriklərin dediyi bir kəlam düşür: “Şəh-böhtan yazan və qaradan başqa rəng tanımayan yazarların goreşən çaqqalla heç bir fərqi yoxdur. Çünki hər ikisi pis əməlin, murdarlığın sahibidir”.

Sonda bu psevdo azad KİV-ləri papaqlarını qarşılarına qoyub bir qədər düşünməyə, artıq bəsdir deməyə çağırıram. Çünki biz də və bütövlükdə Azərbaycan xalqı onların bütün pis əməllərini və kimlərə işlədiklərini bilirik. Yeri gəlsə biz də onların rüşvətlə əldə etdikləri hər şeylərini və bütün pis əməllərini mətbuata çıxara bilərik. Sadəcə fikirləşirik ki, bu yazıdan sonra bəlkə onların qara ləkədən əsl rəngi bilinməyən vicdanları bir qədər təmizlənər, ağarar. Heç olmasa bundan sonra onlar nə etdiklərini pis əməllərə yönəlmiş ağılları ilə fikirləşərlər. Hər birimizi də bir millət olaraq bir-birimizə qarşı dözümlü, insaflı olmağa çağrıram. Yalan, şər-böhtan yazmaqla biz həyatda lənətdən başqa heç nə qazana bilmərik. “Haqq ədalət olan yerdə, sülh əmin-amanlıq və bərəkət olar”, - deyib atalarımız.

Bütün xəbərlər Facebook səhifəmizdə