Şər-böhtan mübarizə üsulu deyil - Oxucu yazır

SİA-nın elektron poçtuna bir məktub daxil olub. Həmin məktubu oxuculara təqdim etməklə həm çoxdandır davam edən mübahisələrin mahiyyətini açmaq, həm də bir mətbu orqan olaraq oxuculara tərəfsiz, obyektiv olduğumuzu sübut etməkdir.

Hörmətli redaksiya!

Son günlər adlarını informasiya vasitəsi qoyan bəzi KİV-də utanmadan, mətbuat adına ləkə gətirərək, kimlərinsə sifarişini yerinə yetirərək və nəhayət Allahsızlıq edərək yenidən Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov barəsində böhtan dolu qərəzli materiallar, cizma-qaralar dərc etməyə başlayıblar. Açığı iki ildir ki, çeynənmiş bu mövzu artıq hamıda ikrah hissi doğurur. Bu yalançı psevdo qəzetlər və saytlar indi də Amerikada hansısa təşkilatın saytında çap olunan fərziyyəyə, ehtimala əsaslanan məlumatı əllərində bayraq edərək, orada yazılanın mahiyyətinə belə varmadan və onu anlamadan, dərk etmədən Q.Şükürovun üzərinə qarğa-quzğun kimi düşüblər.

Təəssüf ki, bizim bəzi yalançı media “qəhrəmanları” da bu tipli qərəz və böhtanla məşğuldurlar. Tez-tez təmiz adamlara şər-böhtan atmaqla, onları qorxudub pul almaqla məşğuldurlar. Yalançının şahidi yanında olduğu kimi, bunların da “xəbər mənbəyi” Mirəli Qaşqay küçəsində yumurta satan Rafael Əsgərovdur (Qüdrət Şükürovun keçmiş qudası). Ömrünün ahıl çağında yumurtadan başqa bir şey anlamayan bu adam Moskvadan vurub, İstanbuldan çıxır, “yüksək erudusiya” nümayiş etdirərək mürəkkəb texniki qurğu olan liftdən, onun çətin konstruksiyasından, qiymətindən ağızdolusu müsahibələr verir, sanki bu adam 100 ildir lift təmiri və quraşdırılması ilə məşğuldur. Maraqlıdır, görəsən bu adam liftin öz motorunu onun qapı motorundan ayıra bilirmi? Özünü Qubadlı qaçqını, hələ üstəlik vətənpərvər kimi təqdim edən Rafael Əsgərov niyə Bakıda isti, rahat mənzilində oturmağa üstünlük verir, amma gedib işğal altında olan Qubadlının, doğma kəndinin azad edilməsi işinə dəstək olmur? Əgər onda böyük vətənpərvərlik, millət yanğısı varsa, gedib ermənilərin işğal siyasətindən, onların işğal etdikləri torpaqlardan yazsın, nəinki insanlara şər-böhtan atsın. Onu da vurğulamaq istəyirik ki, Rəfael Əsgərov Qarabağ müharibəsinin ilk günündə öz ailəsini götürüb oradan qaçıb. İndi də bizim bəzi media nümayəndələri ilə qohum olan bu adam həmişə dövlətə, dövlətçiliyə müxalif mövqedə duran bəzi KİV-in dəstəyindən yararlanır. Atalar belə yerdə deyib, “qozbeli qəbir düzəldər”.

Hə, indi isə keçək qısaca da olsa işin əsl mahiyyətinə ki, bu şər-böhtanlar oxuculara tam aydın olsun və belə savadsız, adlarını jurnalist qoyanlara işin mahiyyəti tam aydınlaşsın. İlk öncə onu vurğulayaq ki, biz araşdırmışıq və qətiyyətlə deyə bilərik ki, Amerikada Qüdrət Şükürov barəsində heç bir cinayət işi qaldırılmayıb. Bu, ağ-yalandır və ona atılan böhtandır. İstənilən müəssisə onun dövlət və ya özəl olmasından asılı olmayaraq istənilən bir şirkətin nümayəndəsi ola bilər. SEC-in materialları adətən yalnız fərziyyələrə, ehtimallara əsaslanır və bunlar heç bir təsdiqedici sübuta, dəlillərə malik deyil.

OTİS dünya çapında çox böyük firmadır və vaxtını da mənasız araşdırmalara sərf etməmək üçün SEC-ə müəyyən bir məbləğ ödəməyə razılıq verib. Belə hallar Amerikada böyük firmalarla SEC arasında adi bir haldır. Bunu da ona görə edirlər ki, onlar böhtah xarakterli işlərə baş qoşmurlar.

Həmin KİV-lər yazır ki , guya 10 müqavilənin ümumi məbləği təqribən 14 milyon dollar civarında olub və bunun da 13 milyonundan çoxu guya ki, Qüdrət Şükürova "otkat" şəklində geri qaytarılıb. Buradan ortaya belə bir sual çıxır. Bəs o zaman Bakıya gətirilən liftlər hansı pulla alınıb? Bəlkə onlar Qüdrət Şükürova hədiyyə verilib? Görəsən qəzet belə böhtanı yazanda bunu niyə fikirləşməyib? Axı amerikalılar liftləri nə Qüdrət Şükürovun, nə də azərbaycanlıların qara gözlərinə aşiq olub peşkəş verməyiblər ki.

KİV-lər utanmadan, çəkinmədən, vicdan əzabı belə keçirmədən özündən uydurur ki, guya Qüdrət Şükürovun Türkiyədə evi var. Əgər varsa lap yaxşı. Türkiyədə minlərlə azərbaycanlıların evi var. Yəqin elə həmin KİV rəhbərlərinin də evləri, villalari var. Çünki onu-bunu qorxutmaqla, ona-buna şər-böhtan atmaqla aldıqları pulla Azərbaycanda özlərinə lazım olan şərait yaratdıqları kimi, yəqin ki, Türkiyədə də və başqa xarici ölkələrdə də evləri var. Amma onu bilin ki, biz araşdırmışıq və tam məlum olub ki, Türkiyədə Qüdrət Şükürovun və onun ailə üzvlərinin adına evin olub-olmadığı qardaş ölkənin heç bir əmlak qeydiyyatı orqanı tərəfindən qeydə alınmayıb. Çünki biz, bu barədə Türkiyə ilə əlaqə saxladıq və ordan da bizə bildirdilər ki, Qüdrət Şükürovun və onun ailə üzvlərinin adına heç bir daşınmaz əmlak yoxdur. Belə olduqda KİV-lər niyə Qüdrət Şükürova belə şər-böhtan atırlar? Onların belə şər-böhtanları atmaqda məqsədləri görəsən nədir?

“Günün qəhəmanı” Rafael Əsgərovun əlində görəsən dediklərini təsdiq edən bir sənəd-sübut varmi? Əgər varsa bəs onda niyə həmin sənədləri ortalığa qoymur? Elə-belə özündən nə gəldi uydurur. Görəsən bu yumurta alverçisilə həmin KİV-ləri bağlayan nədir? Gecə yuxuda gördüklərini sabah açılanda xoruz banlayan kimi nədən ucuz sensasiya axtaran qəzetlərlə birlikdə ittihama çevirib guya təsdiq olunmuş fakt kimi təqdim edir? Oğlu ilə aralarında ailə-məişət zəminində baş verən konflikti nədən mətbuata çıxarır? Gedib öz ailəsində olan problemləri həll etmək əvəzinə niyə vaxtını başqalarına şər-böhtan atmağa sərf edir?..

On beş il bundan qabaq ailəsini atıb qaçan Rəfael Əsgərov haqqında niyə həmin KİV-lər məlumat vermir? O, bir vaxtlar qızının əri haqqında da çox iyrənc məlumatlar yazırdı... Biz, məsləhət görürük ki, həmin “yazarlar” əgər təmiz adamlardırsa aidiyyəti qurumlara sorğu göndərsinlər və onda Rəfael Əsgərovun kim olduğu haqqında onlardan lazım olan məlumatları ala bilərlər.

Qüdrət Şükürova isə məsləhət görərdik ki, daha səbirli olsun və Rəfael Əsgərova qarşı məhkəmədə şəxsiyyəti təhqir edən yalan informasiyalar yaydığına görə iddia qaldırsın. Bəlkə o zaman bu cür yalançılar, başqalarına şər-böhtan atanlar cəzalarını alarlar. Cəmiyyəti artıq belə çirkin adamlardan, şər-böhtanla məşğul olan alaq otlarindan təmizləməyin vaxtı çatıb. Bu gün Qüdrət Şükürovu qaralayanlar sabah digərlərinə də eyni ləkəni yaxacaqlar.

Həmin KİV rəhbərləri obyektivdirlərsə yazını çap etməzdən əvvəl qarşı tərəfi də dinləməliydilər. Axı onların bu hərəkəti jurnalist etikasına uyğun deyil.

Burada xatırlamaq yerinə düşər ki, bu gün Azərbaycanda vaxtı keçmiş çoxlu liftlər var ki, məhz Qüdrət Şükürovun rəhbərlik etdiyi “Littəmir” İstehsalat Birliyinin işçiləri tərəfindən mütəmadi texniki nəzarətdən, təmirdən keçirilməklə onların hamısı saz vəziyyətdədir və həmin liftlərdə heç bir fövqəladə hadisə baş vermir. Əgər onlar üçün maraqlıdırsa gedib araşdırsınlar. Onlar belə yazılar yazmaqla “Littəmir” İstehsalar Birliyində çalışan bu qədər adamların da müsbət işlərinə kölgə salırlar.

Allah Qüdrət Şükürova da səbr versin, yardım etsin ki, o bu çirkab selinin qarşısında duruş gətirə bilsin. Əsl yazarlar, həmişə haqqı müdafiə eləyənlər belə insanları ləkə yaxan, qara fikirlərlə yaşayan, cızma-qara yazaraq, adlarını jurnalist qoyanlardan, sapı özümüzdən olan baltalardan qorumalıdır. Əsl vicdanlı yazarlar həmin şeytan xislətli cızma-qaraçıları ifşa etməlidirlər ki, haqq öz yerini tapsın. Mən, bir oxucu kimi haqqı müdafiə edən əsl vicdanlı yazarları belə şərəfsiz işlər görənlərlə mübarizəyə çağırıram. Böyük Yaradan da deyir ki, şər-böhtan atan, başqasına qara yaxan, şeytan xislətliləri mən həmişəlik lənətləmişəm.

P.S. Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə