"ADEX-2018"də “Polonez” raket kompleksi də nümayiş etdirilir FOTO

Bakıda keçirilən "ADEX-2018" 3-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisində Azərbaycanın Belarusdan aldığı “Polonez” raket kompleksi nümayiş etdirilir. SİA-nın məlumatına görə, iyun ayında Belarusdan alınan kompleks artıq Azərbaycan Ordusunun silahlanmasına daxil edilib.

“Polonez” yaylım atəşli reaktiv sistemin (YARS) konstruksiyası Çin istehsalı olan AR-3 kompleksindən alınıb. Maşında konteyner formalı buraxıcı işəsalma qurğusu istifadə edilir. Bu, atışdan sonra təkrar doldurmanı sürətləndirməklə bərabər, müxtəlif çaplı və tipli raketlərin bir işəsalma qurğusundan atılmasına imkan yaradır. “Polonez” sistemi rəqibin istənilən növ hədəflərini və hərbi obyektlərini yüksək dəqiqliklə və uzaq məsafədən məhv edilməsi üçün nəzərdə tutulur.

“Polonez” batareyasına döyüş idarəetmə maşını, yükləyici maşın və işəsalma maşını daxildir. Raketlər konteyner şəklində saxlanılır və atışdan sonra qısa müddətdə yükləmə maşını üzərindəki manipulyator vasitəsilə buraxıcı maşına yüklənir. YARS-ın bütün elementləri Belarus istehsalı olan MZKT-7930 şassisi üzərində qurulub. Qeyd edək ki, Rusiyanın “İsgəndər” operativ taktiki raket kompleksləri də eyni maşın üzərində yerləşir.

"Polonez”in maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir. “Polonez”in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur. “Polonez”in bir maşını raketlərlə eyni zamanda 8 hədəfə dəqiq zərbə endirməyə imkan verir.

Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir.

“Polonez”in döyüş idarəetmə maşınında qurulan avadanlıqlar maşın hərəkətdə olduğu halda belə, 10 km məsafədən nəqliyyat-yükləyici və buraxıcı maşınlarla əlaqə yaratmağa imkan verir. Komanda-idarəetmə maşınında 4 heyətin 48 saat fasiləsiz çalışa bilməsi üçün imkanlar mövcuddur.

“Polonez”də istifadə olunan Belarus istehsalı olan 300 mm çaplı raket inersial və peyk naviqasiyasına malikdir. Raketlərin hədəfdən ehtimal edilən sapma radiusu 30 metri ötmür. Qəlpə-fuqas, kasetli qəlpəli, özütuşlanan, tank əleyhinə döyüş elementləri ilə yüklənmiş kasetli və s. döyüş hissələri ilə təchiz olunan “Polonez” YARS-ın bir batareyası (6 maşın) 100 kvadrat kilometrlik sahədə yerləşdirilmiş 48 ayrı hədəfi vurmağı bacarır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...