İsveçrə səfiri Məmməd Musayevlə görüşüb

İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştalder Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevlə görüşüb.

Konfederasiyadan SİA-ya verilən məlumata görə, səfir bildirib ki, Azərbaycanın Berndəki səfirliyi iki ölkə arasında ticari əlaqələrin genişləndirilməsi istiqamətində fəal iş aparır: "Onların dəstəyi ilə bu il Azərbaycanın fındıq istehsalçıları İsveçrəyə səfər ediblər. İstərdik ki, isvəçrəli iş adamları da Bakıya səfər etsinlər. Bu ilin iyun ayında İsveçrənin yüksək rütbəli şəxslərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər etmişlər və iqtisadiyyat naziri cənab Şahin Mustafayevlə görüşüblər. Gələn ilin yanvar ayının sonunda İsveçrədə keçiriləçək Dünya İqtisadi Forumdan əvvəl və ya sonra Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasının keçirilməsi nəzərdə tutulur. Bu iclasda hər iki ölkənin rəsmiləri, həmçinin İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) rəhbərinin iştirakı gözlənilir və yəqin ki siz də bu icilasda iştirak edəcəksiniz".

ASK-nın fəaliyyəti haqqında geniş məlumat verən ASK prezidenti iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib: “Bildiyiniz kimi son illər dövlət başçımızın rəhbərliyi altında ölkədə əsaslı iqtisadi islahatlar aparılır və Azərbaycanda investisiya yatırmaq üçün çox gözəl imkanlar var. İsveçrəli sahibkarları bu imkandan istifadə edə bilərlər. İsveçrəli məhsullar xüsusən saatları, süd məhsulları, şokoladları, dərmanları hər zaman öz keyfiyyəti ilə seçildiyi üçün bizdə çox məşhurdur. İsveçrəli şirkətləri Azərbaycana gəlməklə həm də böyük bir bazara çıxmaq imkanı əldə etmiş olurlar. Bu tək yerli bazar deyil, şirkətləriniz məhsullarını eyni zamanda Rusiya, Qazaxıstan, Özbəkistan və başqa ölkələrə ixrac etmək üçün Azərbaycanın yerləşdiyi coğrafi şəraitindən və logistika imkanlarından yaralana bilərlər. Əlbətdə, biz gələn ilin yanvarında azərbaycanlı iş adamlarından ibarət nümayəndə heyəti ilə qeyd etdiyiniz iclasda iştirak edəcəyik”.

Səfir bildirib ki, hazırda Azərbaycanda İsveçrənin “Holcim”, "Novartis Pharma Services AG", "Roche" və digər şirkətləri fəaliyyət göstərir, iki ölkə arasında iqtisadi əməkdalığın gücləndirilməsi nəticəsində gələcəkdə bu şirkətlərin sayının artacağına ümid etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə