Sərhəd rayonlarına çiçək xəstəliyi əleyhinə əlavə vaksinlər göndərilib FOTO

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən qonşu ölkə ilə həmsərhəd rayonların hər birinə çiçək xəstəliyi əleyhinə əlavə 15 min doza miqdarında vaksin göndərilib. Baytarlıq Xidmətdən SİA-ya verilən məlumata görə, vaksin lazımi temperatur rejimi gözlənilməklə Quba, Qusar və Xaçmaz rayonlarına çatdırılıb.

Peyvəndləmə tədbirləri “soyuq zəncir” prinsipi gözlənilməklə sahə baytarlıq məntəqələrinə çatdırılaraq heyvanlara tətbiq edilib. Artıq bu günlərdə Rusiya Federasiyası ilə həmsərhəd olan rayonlarında çiçək xəstəliyinə qarşı aparılan peyvəndləmə tədbiri yekunlaşıb.

Qeyd edək ki, Dövlət Baytarlıq Xidməti və Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının baytarlıq mütəxəssisləri əməli köməklik və tövsiyə məqsədi ilə bölgələrə ezam olunub, rayon (şəhər) baytarlıq idarələri və sahə baytarlıq məntəqələri lazımi avadanlıq, ləvazimat, vaksin, dezinfeksiya maddələri və xüsusi geyim vasitələri ilə təmin ediliblər.

Həmçinin “soyuq zəncir” prinsipinə uyğun olaraq bu rayonlarda 3-8 aylıq cavan iribuynuzlu heyvanlarda nodulyar dermatit və dabaq xəstəliikləri əleyhinə peyvəndləmə tədbirləri aparılıb.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilati-təsərrüfat tədbirlərini davam etdirir.

Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) Rusiya Federasiyasının Samara, Kurqan və Çelyabinsk vilayətlərində iribuynuzlu heyvanlar arasında nodulyar dermatit və Moskva vilayətinin Şaxovskaya rayonunda xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliklərinin yayılması barədə məlumat yaymışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə