Separatçıların vəkili Qurban Məmmədov ŞƏRH

Yaxud, bu anti-milli ünsür Fəxrəddin Abbaszadəni müdafiə etməklə ermənilərin əlaltısı olduğunu isbatlayır

Son dövrlərdə özünü azərbaycanlı adlandıran bir qrup xəyanətkar Avropanın bəzi ölkələrində mühacir adı ilə məskunlaşaraq Azərbaycan əleyhinə mənəvi sərhəd tanımadan təbliğat aparırlar. Milli mənlik şüurundan, vətəndaşlıq borcuna sadiqlikdən mərhum olan Orduxan Teymurxan, Tural Sadıqlı, Həbib Müntəzir, Vidadi İsgəndərli, Azər Kazımzadə, Qurban Məmmədov, Qənimət Zahid, Məhəmməd Mirzəli, Emin Milli kimi xəyanətkarlar şəxsi ambisiyaları naminə anti-Azərbaycan dairələrin, eləcə də bəzi xarici xidmət orqanlarının tələsinə düşərək asanlıqla onların əlaltılarına çevriliblər.

Bu gün Avropanın müxtəlif ölkələrində məskunlaşaraq ermənipərəst qüvvələrin göstərişi ilə fəaliyyət göstərən bəzi beynəlxalq qurumların maliyyəsi ilə ələ alınan, adını azərbaycanlı qoyan bəzi üzdəniraqlar öz xəyanətkar əməllərini radikal müxalifətin antimilli əməlləri ilə uzlaşdırırlar.

Satqınlar şəbəkəsi ölkəmizin əleyhinə apardıqları “qara piar” kampaniyasının rəngini gündən-günə nə qədər tündləşdirsələr də, heç nəyə nail ola bilməyəcəklər. Çünki Azərbaycan ictimaiyyəti adları çəkilən ünsürlərin məqsədini yaxşı anlayır. Şübhəsiz onları cəmiyyətimiz yaxşı tanıyır və xəyanətkarlar, satqınlar kimi birmənalı rədd edir.

Ancaq bu gün həmin satqınlar fəsiləsindən olan biri haqqında - adını vəkil qoyub vəkillikdən başqa hər şeylə məşğul olan Qurban Məmmədovun sosial şəbəkələrdəki azğınlığı, Azərbaycan əleyhinə separat çağırışları, separatçılara verdiyi dəstək barədə danışmamaq qeyri-mümkündür.

Bir neçə gün bundan əvvəl xəyanətkar “hüquqşünas”, əslində separatçıların vəkili rolunu oynayan Q.Məmmədov Azərbaycana qarşı radikal çıxışlar edən, separatçı təşkilat rəhbəri, Talış Milli Hərəkatı adlanan qondarma qurumun sədri Fəxrəddin Abbaszadənin (özünü Faxroddin Abboszoda adlandırır) sentyabrın 6-da Moskva vilayətinin Lyuberets rayonunda həbs olunaraq, Azərbaycana ekstradisiya olunmasına qarşı çıxaraq ölkəmizin əleyhinə ittihamlar səsləndirib və bu gün gündə bu çirkin əməllindən əl çəkmir.

Q. Məmmədov kimi satqının müdafiə etdiyi F.Abbaszadə kimdr?! Bu xəyanətkar bir zamanlar Azərbaycana düşmən kəsilən separatçı, bir zamanlar ölkəmizi bölməyə və “Talış-Muğan Respublikası” yaratmağa çalışmış Ələkrəm Hümbətov tərəfindən 1993-cü ildə qondarma qurumun “parlamentinin spikeri” təyin olunmuşdu. Xəyanətin qarşısı alındıqdan sonra qaçıb Rusiyaya sığınan F.Abbaszadə uzun müddətdir xaricdən Azərbaycan dövlətçiliyi əleyhinə mütəmadi təxribat xarakterli kəskin çıxışlar edirdi. O, ermənilərə məxsus mətbuat orqanlarında da Azərbaycana qarşı separatçı çıxışlar sərgiləyib. Fəxrəddin Abbaszadənin Ermənistan xüsusi xidmət orqanları ilə sıx əlaqədə olduğu bildirilir. Dəfələrlə Yerevanda separatçı tədbirlərə qatılan Fəxrəddin Abbaszadə Azərbaycan əleyhinə ağılasığmaz ittihamlar səsləndirib.

Məsələnin ən dəhşətli tərəfi odur ki, F.Abbaszadəni Q.Məmmədovdan başqa ancaq ermənilər və Azərbaycan əleyhdarları olanları müdafiə edirlər. Belə ki, F.Abbaszadə həbs olunan kimi Ermənistanda bir qrup alim Moskva vilayətində Azərbaycana qarşı separatçılıq edən bu üzdəniraq ünsürə Ermənistan vətəndaşlığının verilməsi üçün baş nazir Nikol Paşinyana müraciət etdi. Onlar vətəndaşlığı Fəxrəddin Abbaszadənin Ermənistan Respublikası və erməni xalqı qarşısında xidmətləri, həmçinin Azərbaycan əleyhinə dövri mətbuatda yazdığı məqalə və açıqlamalarına görə verilməsini təklif ediblər.

Bütün bunlar onu göstərir ki, Q.Məmmədov və onun kimi mühacir adı ilə ayrı-ayrı Qərb ölkələrində sığınacaq tapan bəzi antimilli ünsürlər erməni lobbisi və onların təsiri altında olan təşkilatlarla sıx iş birliyindədirlər.

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə