Bakıda Çinin milli bayramı qeyd edilib

Sentyabrın 25-də Çinin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Çin Xalq Respublikasının yaradılmasının 69-cu ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Vey Cinhua çıxış edərək Çinin 69 il ərzində keçdiyi inkişaf yolundan danışıb, ölkədə iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu söyləyib. O deyib ki, ötən 69 il ərzində Çin kasıb və zəif ölkədən dünyada ikinci güclü iqtisadiyyata malik bir ölkəyə çevrildi. 2018-ci il Çinin dünyaya açıq elan edilməsinin 40-cı ildönümüdür.

Səfir ölkəsində keçirilən böyük tədbirlər, reallaşdırılan mühüm layihələr barədə məlumat verib. O əlavə edib ki, bu il, həmçinin “Bir kəmər, bir yol” təşəbbüsünün fəaliyyətə başlamasının 5-ci ildönümüdür. Bu təşəbbüs çərçivəsində bir çox layihələr həyata keçirilib. 2018-ci ilin iyul ayınadək Azərbaycan ilə Çin arasında qarşılıqlı ticarət dövriyyəsi 616 milyon dollara çatıb. Çin Azərbaycanın 7-ci ən fəal ticarət tərəfdaşına çevrilib. Çin dövləti “Bir kəmər, bir yol” çərçivəsində iki ölkə arasında əlaqələri yeni səviyyəyə qaldırmaq üçün çalışmağa davam edəcək.

Bu gün Çin və Azərbaycan arasında diplomatik münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayan səfir ötən illər ərzində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Çin ilə əlaqələrin inkişaf etdirilməsi üçün böyük işlər görüldüyünü diqqətə çatdırıb. Səfir deyib ki, Çin və Azərbaycan sadiq dost və etibarlı tərəfdaşlardır. Diplomatik münasibətlər qurulduğu gündən ölkələrimiz arasında dostluq əlaqələri qarşılıqlı inam və hörmət əsasında inkişaf edir. Çin Azərbaycanın ənənəvi dostluq və səmərəli əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirir.

Diplomat əmin olduğunu bildirib ki, birgə səylər nəticəsində ikitərəfli münasibətlər xalqlarımızın mənafeyinə və maraqlarına uyğun olaraq bundan sonra daha da inkişaf edəcək.

Rəsmi qəbulda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Hökuməti adından Çin xalqını təbrik edib, sülh və firavanlıq arzularını çatdırıb.

Çinin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu deyən nazir ikitərəfli əməkdaşlığın bir çox sahələrdə sürətlə inkişaf etdiyini deyib. Şahin Mustafayev iki ölkə arasında genişmiqyaslı turizm müqaviləsinin imzalanması barədə razılığa gəlindiyini diqqətə çatdırıb. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin, imzalanan çoxsaylı sənədlərin əlaqələrimizin daha da dərinləşməsinə töhfə verdiyini söyləyib.

Nazir bildirib ki, 2015-ci ildə Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində ÇXR rəhbəri Si Cinpin ilə görüşü iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə böyük töhfə verdi. Bu gün Çin Azərbaycanın ən böyük ticarət tərəfdaşlarındandır. Bu gün Azərbaycanda 110-dan çox Çin şirkəti qeydiyyatdan keçib. Çin Azərbaycan iqtisadiyyatına 779 milyon dollar investisiya yatırıb. Bizim ölkəmiz Çin və Avropa arasında vacib tranzit ölkə rolu oynayır. “Bir yol, bir kəmər” layihəsi çərçivəsində bir çox önəmli layihələr həyata keçirilir.

Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, diplomatlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...