“ADEX-2018” sərgisi çərçivəsində görüşlər keçirilib

Sentyabrın 25-də Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisi çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirib. Müdafiə Sənayesi Nazirliyindən SİA-ya bildiriblər ki, Yəhya Musayev sərgidə iştirak edən Ukraynanın "Ukroborobprom" şirkətinin baş direktoru Bukin Pavel, Serbiyanın müdafiə nazirinin müşaviri Nenad Miloradoviç, Özbəkistanın müdafiə nazirinin müavini Suxrat Xalmuxamedov və Rusiya Federasiyası Taktiki Raket Silahlanma Korporasiyasının baş direktoru Baris Abnosovun rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşüb.

Səmimi və mehribanlıq şəraitində keçən görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. “ADEX-2018” sərgisinin yüksək səviyyədə təşkil edildiyini vurğulayan qonaqlar tədbirə dəvət olunduqları üçün təşəkkürlərini bildiribər.

Özbəkistanın nümayəndə heyətinin rəhbəri Azərbaycan Müdafiə Sənayesi Nazirliyin fəaliyyətini yüksək qiymətləndirib və hərbi sənaye sahəsində ikitərəfli əməkdaşlıq niyyətində olduqlarını qeyd edib.

Həmin gün Yəhya Musayev ilə Türkiyənin müdafiə sənayesi nazirinin müavini Faruk Yigitin başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti arasında da görüş olub.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın iştirak etdiyi görüşdə iki qardaş ölkə arasında mövcud əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə