Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti genişlənir

Dünya ölkələrində yetkin və formalaşmış şəkildə fəaliyyət göstərən Azərbaycan diasporu müstəqil dövlətimizlə əlaqələrini daha da möhkəmləndirib. Bu, ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin məntini nəticəsidir. Bu gün Azərbaycan diasporu ABŞ, Fransa, Misir, Avstraliya, Gürcüstan, Moldova, Avstriya, İslandiya, Niderland, Almaniya, İspaniya, Norveç, Belarus, İsveç, Özbəkistan, Belçika, İsrail, Polşa, Birləşmiş Ərəb Əmirliyi, İsveçrə, Qazaxıstan, İtaliya kimi onlarla dövlətlərdə fəaliyyət göstərir. Belə ki, dünya ölkələrində "Azərbaycan Evi" Cəmiyyəti, Azərbaycan Fransız Gənclik Assosiasiyası, Azərbaycan Kültür Mərkəzi, Azərbaycanlı Tələbələr Assosiasiyası, Fransa-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası, Avstaliyada Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi, Azərbaycan-İsveçrə Türk Cəmiyyəti, İsveçrə Azərbaycan Türkləri Kültür Dərnəyi, İsveçrə-Azərbaycan Dərnəyi, Azərbaycan Türk Kültür Dərnəyi, Azərbaycan-İsveçrə Əməkdaşlıq Cəmiyyəti, İsveçrədə Azərbaycanın Demokratik Tələbə və Gənclər Birliyi, Vaşinqton-Azərbaycan Mədəniyyət Mərkəzi, Amerika-Azərbaycan Ticarət Palatası, Hyuston Azərbaycanlıları Cəmiyyəti, Amerika-Azərbaycan Şurası, Qafqaz Yəhudiləri Cəmiyyəti və onlarla belə qurumlar dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərini çatdırmaqda əhəmiyyətli rola malikdir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının təbliğat sahəsində fəaliyyətinin daha da gücləndirilməsi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması ilə bağlı görülün faktlar da kifayət qədərdir. Reallıqlara söykənərək, deyə bilərik ki, Türkiyənin Ankara şəhərində Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının Qurultayı, "20 Yanvar" faciəsinin ildönümü, Xocalı soyqırımının ildönümü, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü, İslam Konfransı Təşkilatının (İKT) üzvü olan Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin may ayında elan edilmiş "Xocalıya Ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində etiraz aksiyaları, elmi-praktik konfranslar və digər tədbirlər həyata keçirilmişdir.

SOYDAŞLARIMIZA ADƏT-ƏNƏNƏLƏRİMİZ, MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZ AŞILANIR

Bu günlərdə isə Azərbaycan adətlərini aşılamaq, dilimizi yaşatmaq, mədəniyyətimizi və tariximizi öyrətmək məqsədiləStokholmda Azərbaycan tədris kursları açılıb. Qeyd edək ki, Stokholmda fəaliyyət göstərən İsveç Azərbaycan Birliyinin (SAF) nəzdindəki tədris kurslarının təqdimatı keçirilib. Layihənin məqsədi İsveçə miqrasiya etmiş orta yaşlı və daha çox yaşı olan soydaşlarımızın adaptasiya, bu ölkədə doğulmuş uşaqların isə assimilyasiya probleminin həllinə dəstək göstərmək, uşaqların inkişafını təmin etmək, onlara Azərbaycan adətlərini aşılamaq, dilimizi yaşatmaq, mədəniyyətimizi və tariximizi öyrətmək, eyni zamanda, gənc soydaşlarımız arasında istedadlı uşaqları aşkar edərək, onların inkişafına kömək etməkdir.

SAF kurslarında Azərbaycan dili ilə yanaşı, İsveç, ingilis və rus dillərinin tədrisi də nəzərdə tutulub. Həmçinin, burada uşaqlar üçün kompüter, rəsm, musiqi, rəqs, yoqa, şahmat, karate kimi idman növlərinin öyrədilməsi planlaşdırılır.

SAF-ın xaricdəki soydaşlarımız arasında Azərbaycan dilinin və mədəniyyətinin qorunması üçün belə kurslar böüyk əhəmiyyətə malikdir. Bu kurslar, həmçinin, İsveçdəki azərbaycanlı ailələrin bir-biri ilə ünsiyyəti baxımından da faydalıdır.

Kursa gələn uşaqların ailələri ilə birgə İsveçin görməli yerlərinə və Azərbaycana səfərlərinin təşkili də planlaşdırılır.

AZƏRBAYCAN DİASPORUNUN COĞRAFİ MƏKANI GENİŞLƏNİR

Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir. Elə bu günlərdə ABŞ-da daha bir diaspor təşkilatı "Azərbaycan Minnesota Cəmiyyəti" yaradılıb və cəmiyyət ABŞ qanunlarına əsasən, rəsmi qeydiyyatdan keçib.

Qeyri-rəsmi məlumatlara görə, ştatda 200-ə yaxın azərbaycanlı ailə yaşayır. Eyni zamanda, burada azərbaycanlı tələbələr də təhsil alır. Əsasən, Novruz bayramını birlikdə qeyd edən soydaşlarımız Amerikada adət-ənənələrimizi yaşatmağa çalışırlar. Məqsəd bu ölkədə doğulub-böyüyən azərbaycanlılara milli-mədəni dəyərlərlə bağlı məlumatların verilməsidir. Eyni zamanda, təşkilat müstəqillik günündə Minnesota ştatının paytaxtı Saint Paul şəhərində Konqresin önündə Azərbaycan bayrağının ucaldılması, Novruz şənliyinin və mətbəx dərslərinin təşkili, Azərbaycan film gecəsinin keçirilməsi, Azərbaycan dili dərslərinin təşkil edilməsi kimi işlər də planlaşdırır.

Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xaricdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinin möhkəmlənməsi, mədəni irsin təbliği, digər xalqların diasporları ilə hərtərəfli əlaqələrin inkişafı, türk dünyasının birliyi istiqamətində fəaliyyətin intensivləşməsi baxımından mühüm nailiyyətlər əldə edilmişdir. Bu gün Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımız vahid ideologiya və milli-mənəvi dəyərlər sistemi ətrafında birləşiblər. Azərbaycan diasporu- Vətənin xaricdə layiqli təmsilçiləri müstəqil dövlətimizlə qürurlanırlar.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...