"Akademik İsa Həbibbəyli" biblioqrafiyası nəşr edilib

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından növbəti dəfə akademik, əməkdar elm xadimi, AMEA-nın vitse-prezidenti, filologiya elmləri doktoru, professor İsa Həbibbəylinin həyat və yaradıcılığına, elmi-ictimai fəaliyyətinə həsr edilmiş "Akademik İsa Həbibbəyli" biblioqrafiyasını hazırlayaraq nəşr etmişdir.Biblioqrafiya 3 dildə-Azərbaycan, ingilis və rus dillərində çap olunmuşdur. Tanınmış alim haqqında bundan əvvəl bir neçə biblioqrafiya işıq üzü görmüşdür. Lakin son on iki il ərzində akademikin yaradıcılığı və elmi fəaliyyəti haqqında kifayət qədər yeni materialların dərc edildiyini nəzərə alan Milli Kitabxana onun haqqında fundamental bir biblioqrafiya tərtib etməyi qərara almışdır. Tərtib edilən bu biblioqrafiyaya yeni bölmə və yarımbölmələr əlavə edilməklə daha da təkmilləşdirilmiş, beləliklə, alimin elmi fəaliyyətinin 1964-2018-ci illərini tam şəkildə əhatə etmişdir. "Akademik İsa Həbibbəyli" biblioqrafiyasında alimin kitabları, dövri mətbuatda, məcmuələrdə Azərbaycan, rus və digər dillərdə dərc edilmiş əsərləri, elmi-tənqidi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, elmi məsləhətçisi, elmi rəhbəri və opponenti olduğu elmi işlər, eyni zamanda, həyat və yaradıcılığı haqqında materiallar öz əksini tapmışdır. Biblioqrafik göstəricidə ədəbiyyat xronoloji ardıcıllıqla qruplaşdırılmış, daxildə isə əlifba sırası ilə verilmişdir.

Altı hissədən ibarət olan göstəricinin "Əlavələr" hissəsində "Akademik İsa Həbibbəylinin nəsil şəcərəsi" və "Akademik İsa Həbibbəyli təsviri sənətdə" adlı I və II bölmələrdə toplanan materiallar nəşrin əhəmiyyətini daha da artırmışdır. Biblioqrafiyanın əvvəlində AMEA-nın müxbir üzvü Kamran Əliyevin və filologiya elmləri doktoru, professor Məmməd Əliyevin akademikin həyat və yaradıcılığından bəhs edən "Böyük ömrün illəri və əsərləri" adlı birgə yazdıqları ön söz verilmişdir. Məqalədə akademik İ.Həbibbəylinin 1949-cu ildə Naxçıvan MR-in Şərur rayonunun Danzik kəndində anadan olduğu vaxtdan bu günümüzə qədər olan həyat və fəaliyyəti, Azərbaycan ədəbiyyatşünaslığında və ictimai fikir tarixində tutduğu yer və rol haqqında qısa, lakin dəyərli məlumatlar yer almışdır. Qeyd edilmişdir ki, akademik İsa Əkbər oğlu Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslığının və ictimai fikrin inkişafında xüsusi yeri olan, özünün orijinal axtarışları ilə elmimizə sanballı töhfələr vermiş görkəmli alimlərimizdəndir. Böyük ədəbiyyatşünas-alimin, tanınmış ədəbiyyat tarixçisi və nəzəriyyəçinin elmi araşdırmaları Azərbaycanda ədəbiyyat haqqında elmin daha da inkişaf etdirilməsinə, ictimai fikrin əsas problemlərinin araşdırılıb ümumiləşdirilməsinə uğurlu xidmət edir...

Məqalədə, həmçinin, akademikin böyük ədib Cəlil Məmmədquluzadə ilə bağlı araşdırmalarına xüsusi önəm verilərək, qeyd edilir ki, İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəsil şəcərəsini, ilk dəfə olaraq, öyrənib hazırlamış və onu ədəbi ictimaiyyətə çatdırmışdır. Dövlət müstəqilliyi dövründə C. Məmmədquluzadənin əsərləri külliyyatının ən sanballı və dolğun nəşri İsa Həbibbəylinin adı ilə bağlıdır. O, çoxillik axtarışlardan sonra yazıçının 4 pərdəli "Ər" pyesini, kiçikhəcmli "Lənət" və "Oyunbazlar" səhnəciklərini tapıb üzə çıxarmış, 16 satirik şeirini, 35 məqaləsini, 170 felyetonunu ilk dəfə görkəmli yazıçının 2004-cü ildə nəşr edilmiş dördcildlik külliyyatına daxil edərək, oxuculara çatdırmışdır. Çoxcildlikdə böyük ədibin özünün və ailə üzvlərinin 50, digər tanınmış şəxsiyyətlərin elmi ictimaiyyətə bəlli olmayan 44 məktubu, habelə, elmi-ədəbi və publisist xarakterli sənədləri və yazıları dərc edilmişdir. Bütövlükdə, akademik İ.Həbibbəylinin böyük demokrat yazıçı C.Məmmədquluzadənin əsərlərini bir neçə dəfə ayrıca kitab halında çap etdirməsi, həmin kitablara sanballı müqəddimələr, izahlar yazması həmin nəşrləri ədəbiyyatşünaslıq elmini zənginləşdirən mənbələrə çevirmişdir...

"Akademik İsa Həbibbəyli" biblioqrafiyasını filologiya üzrə fəlsəfə doktorları Zakirə Əliyeva və Ağahüseyn Şükürov tərtib etmiş, elmi redaktorları AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Teymur Kərimli və professor, əməkdar mədəniyyət işçisi Kərim Tahirovdur. Nəşriyyat redaktoru isə Mehriban Cəfərovadır. Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə VI hissədə bir sıra köməkçi göstəricilər, o cümlədən, "Əsərlərinin əlifba göstəricisi", "Xarici ölkələrdə nəşr olunmuş əsərlərinin əlifba göstəricisi", "Xarici ölkələrdə nəşr olunmuş məqalələrinin əlifba göstəricisi", "İsa Həbibbəyli haqqında yazan müəlliflərin əlifba göstəricisi", "Redaktorların və rəyçilərin əlifba göstəricisi" və "Tərcüməçilərin əlifba göstəricisi" tərtib edilmişdir. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından hazırlayaraq çap etdiyi 614 səhifədən ibarət "Akademik İsa Həbibbəyli" fundamental biblioqrafiyası alimə ən dəyərli töhfədir.

Bütün xəbərlər Facebook səhifəmizdə