Rusiya mətbuatı: Azərbaycan silah bazarında Rusiyanın iri tərəfdaşıdır

Bakıda III Azərbaycan beynəlxalq “ADEX-2018” silah sərgisinin açılması ilə əlaqədar TASS agentliyi Rusiya silahlarının satışı sahəsində Rusiya ilə Azərbaycanın hərbi-texniki əməkdaşlığı barədə analitik material dərc edib. SİA həmin materiala istinadla xəbər verir ki, sentyabrın 25-dən 27-dək Bakıda dünyanın 29 ölkəsindən 224 şirkətin iştirak etdiyi III Azərbaycan beynəlxalq “ADEX-2018” silah sərgisi keçirilir.

“Rosoboroneksport” dövlət şirkətinin baş direktoru Aleksandr Mixeyev deyib: “Biz bu sərgidə Rusiya üçün çox əhəmiyyətli olan Xəzəryanı region ölkələri ilə hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi sahəsində qiymətli və daha vacibi, çox müsbət təcrübə qazanırıq. Biz Xəzəryanı ölkələrə həm hərbi texnika, həm də ona xidmət edilməsi və onun təmiri, mütəxəssislər hazırlığı ilə əlaqədar müxtəlif infrastruktur layihələri təklif edirik”.

Rusiya Azərbaycanın hərbi-texniki məhsullar aldığı ölkələr arasında aparıcı yerlərdən birini tutur. Prezident İlham Əliyev bu il sentyabrın 1-də Rusiya Prezidenti Vladimir Putin ilə danışıqların yekunu kimi bəyan edib ki, Azərbaycan Rusiyada dəyəri 5 milyard dollardan çox olan hərbi məhsullar alıb və bu rəqəm artacaq.

Hazırda Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır. Stokholmdakı Dünya Problemlərini Araşdırma İnstitutunun (SIPRI) hesablamalarına görə, 2006-2016-cı illərdə Azərbaycanın idxal etdiyi müdafiə məhsullarının ümumi həcmində Rusiya silahlarının payı təqribən 22 faiz olub.

1991-ci ildə SSRİ dağılandan sonra 2005-ci ilə qədər Rusiya Azərbaycana silah satmayıb. Sonrakı illərdə Azərbaycan Rusiyadan yeni modelli helikopterlər, tanklar, zirehli təmir-təxliyə maşınları, zirehli transportyorlar, tank əleyhinə komplekslər, artilleriya sistemləri və sair mallar alıb.

TASS-ın materialında qeyd edilir ki, Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq (HTƏ) iki ölkə arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Təhlükəsizlik haqqında 1997-ci il Müqaviləsi əsasında inkişaf edir. Həmin sənədə əsasən, tərəflərdən birinin təhlükəsizliyinə təhdid edən vəziyyətlər yarandıqda Moskva və Bakı təxirəsalınmaz məsləhətləşmələr apara bilərlər. Tərəflər, həmçinin bir-birinə qarşı yönəlmiş “hərbi, iqtisadi və maliyyə xarakterli hər hansı hərəkətlərdə və ya tədbirlərdə, o cümlədən üçüncü ölkələr vasitəsilə də” iştirak etməməyi öhdəyə götürürlər.

İki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlıq sahələrində 40-dan çox müqavilə və saziş bağlanıb. 2006-cı ilin may ayından HTƏ üzrə ikitərəfli hökumətlərarası komissiya fəaliyyət göstərir. Rusiya və Azərbaycan həm də hərbi təhsil və birgə təlimlər kimi sahələrdə əməkdaşlıq edirlər. Azərbaycan hərbçiləri 2015-ci ildən bu günə qədər Rusiya Müdafiə Nazirliyinin keçirdiyi Beynəlxalq Ordu Oyunlarında – Rusiyanın və bir sıra xarici dövlətlərin hərbi qulluqçularının təlim-döyüş yarışlarında iştirak edirlər.

2010-cu ildən etibarən iki ölkə Xəzərdə birgə təlimlər keçirir, habelə Xəzər regionu ölkələrinin manevrlərində iştirak edirlər. 2018-ci ilin sentyabrında Bakıda “Xəzər dənizinin bioloji resurslarının qorunması, qanunsuz miqrasiyaya, silah, partladıcı maddələr və digər qadağan edilmiş mallar və yüklər qaçaqmalçılığına qarşı mübarizə” mövzusunda Rusiya-Azərbaycan təlimləri keçirilib. Həmin təlimlərdə Rusiya tərəfindən “Brilliant” sərhəd-keşikçi gəmisi iştirak edib.

2000-ci ildə Bakıda Rusiya və Azərbaycanın müdafiə nazirlikləri arasında RF Müdafiə Nazirliyinin ali məktəblərində hərbi kadrlar hazırlanması barədə saziş imzalanıb. O vaxtdan azərbaycanlı zabitlər və kursantlar Rusiyanın tədris müəssisələrində ödənişsiz əsasda təhsil alırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə