Azyaşlıları tütündən necə qoruyaq? ARAŞDIRMA

Bəşəriyyətin qarşısında duran bir sıra ciddi problemlər var. Lakin onlardan birinin tütün olduğunu desək düşünürəm ki, yanılmarıq. Tütünün insan orqanizminə nə qədər ziyanlı olduğunu və 20 növdə xərçəng xəstəliyinin yaranmasında əsas rol oynadığını bilsək də, dünyada milyonlarla insan tütün asılılığından əziyyət çəkir. Mütəxəssislərin fikrincə, siqaret çəkən şəxslərin yanında durduqda və ya onlarla təmas qurduqda zəhərli maddələrin insan orqanizminə daxil olmasına geniş imkanlar açır. Bundan ən çox əziyyət çəkənlərin uşaqların olduğunu nəzərə alsaq, gələcəkdə onları hansı xəstəliklər gözlədiyini düşünmək belə dəhşətlidir.

Tədqiqatlar göstərir ki, uşaqlarda infeksiyanın 13 faizi ətrafdakıların siqaret çəkməsi nəticəsində yaranır. Tütündən aktiv şəkildə istifadə edən uşaqlar və ya yeniyetmələrdə sonsuzluq, kütbeyinlik, əsəb kimi xəstəliklərin yaranması qaçılmazdır. Amma nədənsə bəzi insanlar özləri tütündən istifadə etdikləri azmış kimi azyaşlıları və ya yetkinlik yaşına çatmayan uşaqların tütündən istifadə təhrik edir. Bəzən sosial şəbəkələrdə siqaret çəkən azyaşlılarla bağlı görüntülərə rast gəlirik. Lakin insanı dəhşətə gətirən məqam bunun valideynlərin təhriki ilə edilməsi və ətrafdakı böyüklərin bu hadisəyə heç bir irad bildirməməsidir. Hətta azyaşlının tütündən istifadə etmək “məharətinə” tamaşa edib gülənləri də görürük. Əgər Azərbaycanda bundan əvvəl bu cür halların qarşısı müxtəlif tədbirlər vasitəsilə alınırdısa, artıq bu cür hallar qanun vasitəsilə həll olunacaq. Belə ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən Azərbaycanda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə onların tütündən istifadə prosesinə cəlb edənlər cərimələnəcəklər. Məcəllənin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə 3-cü bənd əlavə edilir və əlavəyə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə 100 manat məbləğində cərimələnəcək.

Bəs görəsən uşaqları tütünə meylləndirən səbəblər nədir və bu dəyişiklik cəmiyyətə nə verəcək?

Tütündən istifadə etmənin uşaqların psixologiyasını təsiri haqqında fikirlərini bölüşən Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova deyib ki, uşaqların tütündən istifadəyə meylliliyi daha çox məktəb dövründən başlayır: “Burada uşağın ətrafından çox şey asılıdır. Bəzən uşaqlar tütünə meyllənməklə özlərini ətrafa böyüdüklərini sübut etməyə çalışırlar”.

“Tütündən istifadən edən uşaqlar arasında ata-ana nəvazişindən məhrum olanların sayının daha çoxdur”

Tütündən istifadən edən uşaqlar arasında ata-ana nəvazişindən məhrum olanların sayının daha çox olduğunu deyən psixoloq söyləyib ki, valideynlərin zamanında uşaqlara diqqət göstərməməsi, onların kimlərlə münasibət qurduqları ilə maraqlanmaması nəticə etibarı övladlarının təsir altına düşərək tütündən istifadəsinə gətirib çıxarır: “Valideyn tərəfindən diqqət görməyən uşaqlar tütündən daha rahat istifadə edə bilirlər. belə uşaqlar sanki validyenlərinə acıq verərək, onlara qayğı göstərməyən valideynlərini bu cür vasitə ilə cəzalandırmağa çalışırlar. Bütün bunlar nəticə etibarı ilə ilk növbədə uşaqların sağlamlığına böyük zərbə vurur gələcək həyatlarını təhlükə altına almış olur”.

“Valideynlər uşaqlarını hər zaman diqqətdə saxlamalıdırlar”

E.Eminova qeyd edib ki, tütündən istifadə eyni zamanda uşaqların təhsildən geri qalmalarına gətirib çıxara bilir: “Çünki tütünün tərkibində olan ziyanlı maddələr uşaqların tez-tez xəstələnməsinə, sağlamlıqlarında problemlərin yaranması ilə nəticələnir ki, bu da uşaqlar dərsdən yayınmasına və geriləməsinə səbəb olur. Belə olan halda, məsuliyyət valideynlərin üzərinə düşür. Valideynlər uşaqlarını hər zaman diqqətdə saxlamalıdırlar. Nəzarətdə saxlamaq qadağalarla deyil, xoş münasibət göstərməklə olmalıdır. Çünki uşaqların ilk növbədə mənəvi dəstəyə ehtiyacı olur, maddi məsələlər ikinci dərəcəlidir”.

“Tütünün ziyanı ilə bağlı dərslərin keçirilməsinə ehtiyac var”

Məktəblərdə tütünün ziyanı ilə bağlı dərslərin keçirilməsinə ehtiyacın olduğunu deyən psixoloq vurğulayıb ki, bununla bağlı müxtəlif tədbirlər həyata keçirilməli, uşaqlara maarifləndirici video-çarxlar göstərilə bilər: “Bu cür vasitələr uşaqların psixologiyasına daha tez təsir edə bilər. Ümumiyyətlə, tütündən istifadə edən uşaqlar natamamlıq kompleksi yaşayan uşaqlar sırasındadırlar”.

“Cərimələr insan psixologiyasına daha tez təsir edir”

Cərimələrin tətbiqinə gəlincə, E.Eminova qeyd edib ki, qadağa və cərimələrin insan psixologiyasına daha tez təsir etdiyindən bu cür qərarların verilməsi yaxşı hal hesab edilir.

Cərimələr kompleks tədbirlər şəklində həyata keçirilməlidir ”

Sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, inzibati metodlardan istifadə və ya tətbiq olunan cərimələr kompleks tədbirlər şəklində həyata keçirilməlidir: “Cərimələrin birtərəfli tətbiqi bizə istədiyimiz nəticəni verməyə bilər. Hər hansı problemi həlli etmək üçün onun geniş Fəaliyyət Proqramı olmalıdır. Fəaliyyət Proqramının içərisində qanunvericilik bazasında dəyişikliklər, inzibati metodlar öz əksini tapır. Amma bundan başqa təbirlər də həyata keçirməklə nəticə əldə etmək mümkündür. İndiki dövrdə cəmiyyət çox mürəkkəbdir. Belə şəraitdə birtərəfli tədbirlərlə arzu olunana nəticə əldə etmək mümkün deyil. Qanuna dəyişiklik də təbii ki atılacaq addımlardan biridir”.

“Hər hansı davranışın insanda formalaşması üçün 3 mühüm amilə diqqət yetirilməlidir”

Başqa ölkələrin təcrübələrinə toxunan sosioloq söyləyib ki, Qərb ölkələrində bu cür problemin qarşısının alınması istiqamətində maarifləndirmə, mühitin özündə müəyyən dəyişiklər aparmaq və digər addımlar atılır: “Hər hansı davranışın insanda formalaşması üçün 3 mühüm amilə diqqət yetirilməlidir. Birincisi mühit, ikincisi insanların aldığı informasiya, üçüncüsü insanların qiymət verdiyi dəyərlərdir. Bu baxımdan biz gənclərdə bir yerdə tütündən istifadə etməyin mədəniyyətsizlik olduğunu, başqalarından tütündən istifadə etməməklə fərqlənə biləcəyi kimi dəyərlər yaratmalıyıq. İlk növbədə mühit yaratmalı, qanunları işə salıb, insanların qiymət verdiyi dəyərlərdə dəyişiklik etməliyik. Hazırda İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikləri alqışlayır, hesab edirəm ki, burada başqa faktorlar da nəzərə alınmalıdır”.

“Yeni tətbiq olunan təklif yetkinlik yaşına çatmayanların tütündən istifadə hallarının qarşının alınmasına güclü təsir edəcək”

İnzibati Xətalar Məcəlləsinə əlavə ediləcək təklif layihəsinin təqdirə layiq hesab edən hüquqşünas Səməd Vəkilov isə bildirib ki, dünyan hər yerində siqaret çəkilməsinə qarşı xüsusi ilə yetkinlik yaşına çatmayanların tütün istifadə etməsinə qarşı müxtəlif cür vasitələrdən istifadə edirlər: “Bu mənada əsas təsirli vasitələrdən biridə məhz cərimələrin tətbiqidir. Bildiyiniz kimi bundan öncə Məcəllədə nəzərdə tutulan cərimələr əsasən qadağan olunmuş yerlərdə çəkən şəxslərə şamil olunur. Lakin yeni tətbiq olunan təklif həm valideynlərin uşaqlarını siqaret çəkməyə təhrik etməsi, həm satıcıların azyaşlılara tütün məsulu satması ilə bağlı halların qarşısının alınmasına güclü təsir edəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə