Azərbaycan yeni aviasiya bombası istehsalına başlayıb FOTO

Azərbaycan yeni aviasiya bombası istehsalına başlayıb. SİA-nın məlumatına görə, yeni istehsal olunan "QFAB-250 LG" adlanan bombanın çəkisi 250 kiloqramdır. Lazer nişangahlı qəlpəli-fuqaslı aviasiya bombasının uçuş məsafəsi 12 min metrdir. Bomba düşdüyü yerdən 10 metr kənara qəlpə verir.

Bombanın uzunluğu 3300 mm, diametri 240 mm-dir.

Türkiyənin "Aselsan" şirkəti ilə müştərək hazırlanan bomba sınaqdan sonra istifadəyə veriləcək.

Qeyd edək ki, bu gün Bakı Ekspo Mərkəzində 3-cü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb. Sərgi dünyanın 29 ölkəsini təmsil edən 224 şirkəti bir araya gətirib.

Sərgi iştirakçıları olan bir sıra ölkələr əvvəlki illərlə müqayisədə milli ekspozisiyalarının sahəsini böyüdüblər. Təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə Türkiyə (41 şirkət), Rusiya (25 şirkət), İsrail (14 şirkət) və Belarus (10 şirkət) daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. Pavilyonlarda müasir silah və texnikalar nümayiş olunur.

Burada peşəkarlar ölkənin müdafiə sənayesinin yenilikləri, habelə Azərbaycan Silahlı Qüvvələrinin mövcud və inkişaf edən potensialı ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Bundan başqa, bu il Azərbaycandan “Caspian Ship Building Company”, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP), “Vitta” elmi-texniki şirkəti və Hərbi Hava Qüvvələrinin silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi sərgidə ilk dəfə iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...