“Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyi Sumqayıtda növbəti tədbir keçirib

Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbdə “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" layihəsi çərçivəsində tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbə müdiri Yalçın Abdullayev , ictimaiyyət nümayəndələri, müəllimlər və məktəbin 9,10 və 11-ci sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Dəyər" Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Cəfərova bildirib ki, “Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili” adlı tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatı dəstəyi ilə həyata keçirilir. Rəhbəri olduğu İctimai Birlik və onun fəaliyyəti barədə məlumat verən S.Cəfərova deyib ki, "Dəyər" Mənəvi İrsin Təbliği İctimai Birliyinin əsas məqsədi xalqımızın milli-mənəvi dəyərlərinin təbliğinə yardım etməkdir: “Birliyimiz milli-mənəvi dəyərlərin qorunub saxlanılması sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ edir, Azərbaycan tarixinin və mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılmasına dəstək verir, müvafiq sahədə maarifləndirmə işləri aparır.

Birliyin "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ildə elan etdiyi ikinci qrant müsabiqəsinin qalibi olub. Layihənin əsas məqsədi, dini radikalizmlə mübarizəyə, dini dəyərlərin təbliğinə dəstək vermək, dini radikalizm və ekstremizmin mahiyyəti və radikal dini cərəyanlar barədə cəmiyyətin müxtəlif təbəqələrindən olan insanları məlumatlandırmaqdır."

S.Cəfərovanın sözlərinə görə, cəhalət, xurafat olan yerdə dini radikalizmin yayılması qaçılmazdır. Bu cür mühitin yaranmaması üçün isə elm, təhsil mütləqdir. İslam dininin təməl prinsiplərindən xəbərsiz, zəif iradəli insanların dini savadsızlığı da burada öz sözünü deyir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbə müdiri Yalçın Abdullayev isə bildirib ki, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində, məzhəblər arasında ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub: “Ölkəmizdə bütün dini konfessiyaların nümayəndələri azad şəkildə öz dini ibadətlərini həyata keçirirlər”.

Y.Abdullanın sözlərinə görə, ölkəmizdə dini etiqad azadlığı yüksək səviyyədə təmin edilsə də bəzi radikal qruplar bu faktordan istifadə edərək özlərinin zərərli fəaliyyətlərinə zəmin hazırlamağa cəhdlər göstərirlər: “Radikal dini cərəyanlar dövlətimizin dünyəvi xüsusiyyətini dəyişməyə, mövcud sabitliyi pozmağa, dini təfriqə yaratmağa, insanları təriqətlərə bölməyə, vətəndaşlarımızı xaricdə fəaliyyət göstərən dini ekstremist qruplara və silahlı dəstələrin tərkibinə cəlb etməyə cəhd göstərirlər. Lakin son zamanlar aparılan maarifləndirmə işlərinin və qanunvericilik bazasının təkmilləşdirilməsinin nəticəsində bu cür zərərli meyillərin qarşısı alınmaqdadır. Aparılan düzgün maarifləndirmə işləri nəticəsində cəmiyyətimizdə İslam dini mənsublarının radikalizmə sürüklənmə meyillərinin, İslam dini haqqında insanlarda formalaşan mənfi fikirlərin qarşısı alınmaqdadır”.

Y.Abdullayev qeyri-qanuni şəkildə fəaliyyət göstərən zərərli dini cərəyanlar haqqında məlumat verib, onların təbliğat metodologiyası, fəaliyyət istiqamətləri haqqında danışıb. Şöbə müdiri qeyd edib ki, ictimai həyatda hər gün qarşılaşdığımız dindarlar, dini fəaliyyətlər haqda fikirlərimiz və münasibətimiz humanizm prinsiplərinə əsaslansa da, onların fəaliyyətlərinin nəticələrini öyrəndikdə, təhlillər aparıldıqda gəlinən nəticə budur ki, zərərli dini cərəyanların apardığı təbliğatların məqsədi tarix boyu əldə etdiyimiz milli-mənəvi dəyərlərin məhvinə, şəhidlərimizin qanı bahasına qurub yaratdığımız dövlətçiliyimizin əsaslarının sarsıdılmasına yönəlib.

Y.Abdullayev terrorizm, ekstremizm, radikalizm kimi ifadələrin İslam adı ilə yanaşı çəkilməsinin çox acınacaqlı hal olduğunu vurğulayıb. Bəşəriyyət tarixinə, mədəniyyətinə, elminə öz töhfələrini verən, onu zənginləşdirən İslam dininin bütün sülhsevər, səmavi, ənənəvi dinlərin ideya və prinsiplərinə ehtiramla yanaşdığını və onlarla dialoq, əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb.

Şöbə müdiri əlavə edib ki, gənclərə zərərli dini cərəyanların mahiyyətini, fəsadlarını izah etmək, onları yad dini düşüncələrin təsirindən qorumaq üçün maarifləndirici tədbirlərin keçirilməsinə ehtiyac var: “Dini radikalizmə qarşı mübarizənin ən səmərəli yolu maarifləndirmədir. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən radikalizmlə bağlı maarifləndirmə tədbirləri cəmiyyətin müxtəlif sahələrini əhatə etməklə ölkənin bütün bölgələrində keçirilir. Regional seminar-treninqlər, seminar-müşavirələr, konfranslar formatında keçirilən maarifləndirmə tədbirləri çox böyük nəticələr verir. Dini radikalizmin qarşısının alınması ölkəmizdə mövcud olan dini tolerantlıq və multikultural dəyərlərin qorunması və təşviqi baxımından çox böyük əhəmiyyətə malikdir”.

Tədbirin sonunda Yalçın Abdullayev şagirdləri maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə