Naxçıvanda keçiriləcək “Avropa günləri”nin iştirakçısı olan Avropa İttifaqının rəsmiləri, Avropa ölkələrinin Azərbaycandakı səfirləri və digər qonaqlar sentyabrın 22-də ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə gül dəstəsi qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər. Xəbər verilir ki, qonaqlara muzeyin yaradılması barədə məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncamla yaradılıb və həmin ilin may ayının 10-da fəaliyyətə başlayıb.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev 1999-cu il oktyabr ayının 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək buradakı ekspozisiya ilə tanış olub. Ulu Öndərin muzeyi ziyarəti zamanı çəkilmiş tarixi fotolar burada nümayiş etdirilir. Muzeydəki eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, Ulu Öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılıb. Dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada Ulu Öndərimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir.

Sonra nümayəndə heyətinin bir qrup üzvü tərəfindən Naxçıvan Dövlət Universitetinin tələbələri üçün ispan, italyan, yunan, alman və İngilis dili üzrə kurslar keçilib.

Sentyabrın 22-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsində mətbuat konfransı keçirildikdən sonra nümayəndə heyətinin üzvləri Naxçıvan şəhərində fəaliyyət göstərən bir neçə orta məktəbdə yaradılan şəraitlə yaxından tanış olacaqlar.

Nümayəndə heyətinin bir qrup üzvləri Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində olacaq, burada təqdimatlar keçirəcəklər.

Təqdimatlardan sonra Azərbaycan dilində alt yazıları ilə macar sənədli filmi nümayiş olunacaq.

Daha sonra “Təbriz” mehmanxanasında səfirlik əməkdaşlarının könüllülərlə görüşü təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə