BMT sədrinin xüsusi müşaviri Qafqaz Müsəlmanları İdarəsində olub

Sentyabrın 21-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan BMT sədrinin xüsusi müşaviri, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdulla Matuq ilə görüşüb.

QMİ-dən verilən məlumatda deyyilir ki, Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə keçirilən iclasda iştirak etmək üçün ölkəmizə səfər edən qonaq şeyxülislamla görüşdən hədsiz məmnunluq hissi keçirdiyini bildirib. O, rəhbərlik etdiyi təşkilatın xətti ilə beynəlxalq miqyasda qaçqın, məcburi köçkünlərlə bağlı layihələr, xüsusilə Türkiyədə məskunlaşmış suriyalı qaçqınların vəziyyətinin yaxşılaşdırılması yönündə görülən əməli işlər barədə şeyxülislam A.Paşazadəyə məlumat verib.

Görüşdə Azərbaycanda dini-mənəvi sahədə görülən işlər barədə qonağı məlumatlandıran QMİ sədri Azərbaycan dövlətinin İslam dünyası ilə əlaqələrə verdiyi önəmdən, Prezident İlham Əliyevin qlobal miqyasda İslam həmrəyliyi ideyasının təşəbbüskarı olmasından, islamofobiyaya qarşı hər zaman etiraz səsinin ucaltmasından, habelə ölkəmizdə dini abidələrə, dindarların mənəvi ehtiyaclarının yüksək səviyyədə həyata keçirmələrinə dövlət səviyyəsində diqqət və qayğıdan bəhs edib.

A.Paşazadə Abdulla Matuqa qarşıdan gələn aylarda QMİ tərəfindən keçirilməsi nəzərdə tutulan beynəlxalq konfranslar barədə məlumat verib və həmin tədbirlərə A.Matuqu dəvət edib. Dəvəti qəbul edən qonaq, öz növbəsində, şeyxülislamı oktyabr ayında Küveytdə keçiriləcək nüfuzlu beynəlxalq tədbirə təşrif buyurmağa dəvət edib.

Azərbaycanda elmi əsaslarla, Şamaxı Astrofizika Rəsədxanası ilə əməkdaşlıqda tərtib olunan təqvimlərə əsasən tərtib olunan hicri təqvimləri barədə şeyxülislamın fikirlərini maraqla dinləyən qonaq bu təqvimləri etibarlı mənbə adlandırıb, siyasi və dini amillərə deyil, elmə əsaslanan nümunəvi bir iş olduğunu xüsusi vurğulayıb.

Görüşdə Azərbaycan-Küveyt mənəvi əlaqələri barədə də fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə