YAP Pirallahı rayon təşkilatı ahıllarla görüş keçirib

Tədbir Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı ilə baş tutub

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı Qadınlar Şurası və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı ilə 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Bilgəh qəsəbəsində yerləşən "Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət Mərkəzi"ndə bayram tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Qətibə Əsədova Mərkəzin fəaliyyətindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında son illərdə pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində aparılan əsaslı təmir və yenidənqurma işlərindən, ahıl insanlar üçün yaradılan yaşayış şəraitinin əhəmiyyətli şəkildə yaxşılaşdırılmasından danışıb.

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı İlqam Əskərov isə çıxışında bu tarixin beynəlxalq səviyyədə qeyd edilməsinin ahıllara diqqət və qayğının artırılması məqsədi daşıdığını qeyd edib. “Böyüklərə hörmət və qayğı hər bir insanın mənəvi borcudur. İnsanların da hər zaman qayğıya və hörmətə ehtiyacı olur”, deyə qeyd edən İ.Əskərov həmçinin bildirib ki, cəmiyyətdə əxlaqi dəyərlərin təbliğində böyüklərə hörmət, qayğı hissinin formalaşdırılması vacib məsələlərdəndir: “Bu cəmiyyəti yaşadan ən əsas prinsiplərdən biridir. Həqiqətdə böyüklərə hörmət və qayğı hər bir bəşər övladının daxilindən gələn yüksək əxlaqi dəyərdir”.

Həmçinin qeyd olunub ki, böyüklərə hörmət Azərbaycan xalqının adət-ənənəsidir. Bu ənənə mənəviyyatımızın ayrılmaz tərkib hissəsidir və çox qədim tarixi köklərə söykənir. Əcdadlarımız özündən böyüklərə, kiçiklərə və ətrafdakı insanlara daim qayğı göstərmiş, onlara sevgi ilə yanaşmış, kimliyindən asılı olmayaraq hər kəsə ehtiramla davranmağa böyük önəm vermişlər. Böyüklərə hörmət hissi əsrlər boyunca əcdadlarımız tərəfindən cilalanmış, insanın mənəvi dünyasının bütün xüsusiyyətlərini özündə ehtiva edən formada nəsildən-nəslə ötürülmüş və müasir gənc nəsilə çatdırılmışdır. Həmin tərbiyə metodu günümüzdədə istər ailədə, istərsə də cəmiyyətdə etik norma kimi əsas yer tutur. Azərbaycanda ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır.

Xatırladaq ki, Beynəlxalq Ahıllar Günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşmış, 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Qanun imzalamışdır. Həmin sənədə əsasən, 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ahıllara diqqət, qayğı və sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə Qanun və Sərəncamlar imzalanmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da ahılların ən böyük qayğıkeşidir. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə ahıllar, müharibə veteranları ilə görüşlər keçirilir. Onların sağlamlığı diqqətdə saxlanılır. Ahıllar günündə də bu insanlar üçün müxtəlif tədbirlər təşkil olunur. Qocalar səhiyyə ocaqlarında müayinə edilir, onlar üçün konsertlər, bayram şənlikləri keçirilir. Bir sözlə, bu gün Azərbaycanda hər bir ahıl vətəndaşa dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir.

YAP Pirallahı rayon təşkilatı Qadınlar Şurasının və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı ilə təşkil olunmuş bayram süfrəsi incəsənət nümayəndələrinin çıxışı ilə davam edib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...