ETSN-in göstərişinə əməl etməyən restoranlar cəzalandırılacaq

“Ölkəmiz gündən günə gözəlləşir lakin ekoloji qanunlara riayət olunmadıqda bütün bunlar görülən işlərin effektivliyinə təsir edir. Bu baxımdan Bakı şəhərinin inzibati rayonları ərazisində yerləşən ictimai iaşə obyektləri, şadlıq evləri, restoranlardan havaya atılan tüstü axını və qoxu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən edilən tövsiyə və göstərişlərə əməl etməyən, müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlığa məhəl qoymayan ictimai iaşə obyektləri barəsində artıq qanuna müvafiq tədbirlər görülməyə başlanılıb”. SİA-nın xəbərinə görə, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov bu gün keçirilən mətbuat konfransında deyib.

Mütəmadi tədbirlərin görülməsi nəticəsində ətrafa iy-qoxu verən obyektlərin nəzarətdə saxlanıldığını dilə gətirən nazirlik əməkdaşı bildirib ki, artıq 133 şadlıq sarayı müasir standartlara cavab verən qurğuların quraşdırılması üçün şirkətlərlə müqavilə bağlayıb: “Kleopatra”, “Qızıltac”, “Karvan”, “Yeddi gözəl”, “Nazlı saray”, “Oskar”, “Şəlalə”, “Xəmsə” “Neon”, “Ağ çiçəyim” “Praqa”, “Milord”, “Real”, “Turan”, “Təbrik” və digər şadlıq sarayları barəsində qanuna müvafiq tədbirlər görülüb və bu istiqamətdə işlər davam etdirilir: "Manqal", "Tərxun", "Viana", "Fəridə", "Pak dad", "Hollywood", "Versal palace", "Xudafərin", "Mona Liza", "Abqora", "Opera", "Golden Ring", "Qızıl Buta" və "Ümid" ictimai iaşə obyektlərində müasir standartlara cavab verən qurğular quraşdırılıb”.

Onun sözlərinə görə, ictimai iaşə obyektləri nazirliyin göstərişlərinə, xüsusi qurğuların quraşdırılması ilə bağlı riayət etmədiyi təqdirdə cəza tədbirlərinin görülməsi davam etdiriləcək: “Artıq bir neçə vəzifəli şəxsə 3500-4500 min manat civarında cərimə tətbiq edilib”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...