AZAL-ın prezidenti İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

AZAL-ın prezidenti Cahangir Əsgərov İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder ilə görüş keçirib. AZAL-dan SİA-ya verilən məlumata görə, görüş zamanı cari ilin oktyabrın 30-dan etibarən açılması planlaşdırılan yeni Bakı-Cenevrə-Bakı reysləri ilə bağlı məsələlər müzakirə olunub.

C.Əsgərov bildirib ki, Cenevrəyə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri üç xidmət sinfi - VIP Club, Business Class və ekonom sinfində təkmilləşdirilmiş komfortlu oturacaqlara malik “Airbus A319” təyyarələri ilə yerinə yetiriləcək.

Öz növbəsində, səfir bu istiqamətin açılmasına görə AZAL-ın prezidentinə təşəkkür etmişdir və bu reysin təşviqində “Azərbaycan Hava Yolları”na istənilən lazımi dəstəyi verməyə hazır olduğunu vurğulayıb.

Tərəflər sərnişinlərin bu reysə cəlb olunması və turist axının artırılması üçün birgə səylərin gücləndirilməsi, eyni zamanda hər iki ölkənin turizm rəsmilərinin iştirakı ilə müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...