Qırğızıstan Joqorku Keneşinin sədri TÜRKPA Katibliyində olub

Sentyabrın 20-də Qırğız Respublikası parlamentinin - Joqorku Keneşin sədri və Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) fəaliyyətdə olan sədri Dastanbek Cumabekovun başçılıq etdiyi nümayəndə heyəti TÜRKPA Katibliyinin Bakıda yerləşən inzibati binasında olub. SİA xəbər verir ki, burada qonaqları TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov qarşılayıb.

Nümayəndə heyəti foyedə TÜRKPA-nın fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olub, həmçinin burada yerləşən kitabxanadakı eksponatlara baxıb.

Sonra Dastanbek Cumabekov TÜRKPA-nın inzibati binasının həyətində dostluq və qardaşlıq rəmzi olan həmişəyaşıl ağac əkib.

Joqorku Keneşin sədri jurnalistlərə müsahibəsində bildirib ki, Qırğız Respublikası ilə Azərbaycan arasında qardaş münasibətləri mövcuddur. Biz həmişə bir yerdə olmuşuq, bundan sonra da bir yerdə olacağıq. Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv dövlətlər böyük potensiala malikdirlər. Biz bu potensialdan səmərəli istifadə edərək bir-birimizi dəstəkləməliyik.

Spiker, həmçinin bildirib ki, Qırğızıstan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması yolları barədə müzakirələr aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...