Azərbaycan əsgərinin Heydər Əliyev trendi

Hələ 10 il əvvəl, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri çərçivəsində, onun üçün ayrılmış iqamətgahda bu ölkənin “Rai İnternational” telekanalının “Foks neks” proqramına müsahibəsində jurnalistin “Sizin üç övladınız var. Onlar daha çox Qərbə, yoxsa Şərqə baxırlar?” - sualına mahir diplomat olan Dövlət Başçımızın “...Onlar Azərbaycana baxırlar. Onlar üçün Vətən ən ön planda durur”, deyə verdiyi konkret cavab jurnalistdə təəccüb doğursa da, bu, bizə yaxşı məlum olan bir həqiqət idi.

Bəli, zaman keçdikcə bir daha şahidi olduq ki, bunlar sözdə deyil, əməldə də öz əksini tapdı. Birincisi, Prezident oğlu Heydər Əliyevin ali təhsil üçün öz ölkəsini seçməsi. (Bütün parametrləri ilə dünyanın istənilən nüfuzlu ali məktəbində təhsil imkanı olduğu halda). İkincisi, Prezident oğlu Heydər Əliyevin həqiqi hərbi xidmətə yollanması. (İstənilən sivil yolla hərbi xidmətin əvəzlənməsi imkanı olduğu halda. Məsələn, magistratura, doktorantura və s.).

Haşiyə çıxaq ki, Beynəlxalq münasibətlər ixtisasını seçməsi xarici siyasətdə, Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində xidmət keçməsi daxili siyasətdə bəsirətli vətəndaşlıq mövqeyinin, Vətənə sədaqətin göstəricisidir.

Bütün bunların hamısı soy-kökü, zatı ilə bağlı olan ali məqamlardır. İlham Əliyev milli baxışı inkişaf etdirən və onun keşiyində duran bir ailədə dünyaya göz açmış və milliyönçülük, dövlətçilik mühitində müdrikləşmişdir.
Sirr deyil ki, imperiyanın sərt qayda-qanunlarına cəsərətlə və qətiyyətlə sinə gərərək, Dahi Heydər Əliyev xalqın genefonunun qorunmasında həyati vacib əhəmiyyətli sahənin - dövlətin onurğa sütunu hesab edilən təhlükəsizlik orqanlarının milliləşməsinə nail ola bilmişdir.

Həmin orqanlarda həqiqi hərbi xidmət keçməklə bu ocağın, mayənin və qayənin davamçısı Heydər Əliyevin öz saf genetik kodlarının daşıyıcısı olduğundan xəbər verir. Ümumilikdə, bütün parametrləri ilə mənsub və məxsus olduğu təbəqəyə layiq olan, sadəliyi və səmimiliyi ilə sevilən Heydər İlhamoğlunun Əsgər mundirində silaha sarılaraq Hərbi And içməsi dərin dövlətçilik, instisional quruculuq baxımından tarixi hadisədir və örnəyə çevrilən bir addımdır.

Hər bir dövlət üçün başlıca şərt dövlət təhlükəsizliyinin təmin edilməsidir. Bu elə bir sahədir ki, kompleks xarakter daşıyır. Yəni, müxtəlif qoşun növləri vardır ki, onlar konkret bir sahədən sorumludur. Ancaq bu orqan bütünlükdə dövlətin təhlükəsizliyinə cavabdehdir.

Ona görə də, bu orqanda Əsgər Andı içmək olduqca həssas və məsuliyyətli məsələdir. Xalqa xidmət etmək hər yerdə şərəflidir. Bu bir aksiomadır ki, Vətənə xidmətin konkret coğrafi hüdudu yoxdur. Təbii ki, Vətən elə bütövlükdə sərhədləri çərçivəsində Vətəndir.

Şübhəsiz ki, Vətən torpaqlarımızın 20%-nin yağı düşmənlərin tapdağı altında olması, öz ev-eşiyindən 1 000 000-dan çox insanın qaçqın və məcburi köçkün həyatına düçar olması faktının olduğu və səbrin tarıma çəkildiyi vaxtda belə bir unikal addımın atılması cəmiyyətimiz üçün sanki bir məlhəmdir. Eyni zamanda, hərbi xidmətə münasibəti kökündən dəyişdi və əsaslı şəkildə maarifləndirmə effekti verdi. Əsgərliyə getmək prestijə çevrildi, Əsgər yola salmaq və And içmə mərasiminə qatılmaq üstünlük qazandı.

Vətən naminə atılmış bu addım son illərin ən mükəmməl trendidir.

Bir sözlə, Heydər Əliyev hərbi And içməklə qurucusu dahi lider Heydər Əliyev olan müasir Azərbaycan dövlətinin keşiyində müsəlləh Əsgər kimi dayandığını göstərdi və Əsgərliyi trendə çevirdi.

Yəhya Babanlı, Tarix üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə