Aşura günü könüllü qanvermə aksiyası – REPORTAJ - SƏS TV

Hər il olduğu kimi bu ildə Peyğəmbərimiz Həzrət Muhəmmədin (s) əziz nəvəsi, müsəlmanların 3-cü İmamı Həzrət İmam Hüseyn (ə) və məsləkdaşlarının Aşura faciəsi ilə bağlı paytaxt Bakıda və bölgələrdə qanvermə aksiyası keçirilir. SİA-nın verdiyi məlumata görə, səhər saat 9:00-dan başlayan qanvermə aksiyası artıq bir neçə saatdır ki, insanların aktiv işitrakı ilə davam etməkdədir. Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyaları Bakı şəhəri üzrə: Binəqədi rayonu “İmam Əli məscidi”, Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “Mir Mövsüm ağa Ziyarətgahı”, Nəsimi rayonu “Əjdər bəy məscidi ” (mərasim zalı) və 20 saylı şəhər poliklinikası, Nizami rayonu “Şah Abbas məscidi” , Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı”, Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı ”və “İçəri şəhər Cümə məscidi”, Suraxanı rayonu “Qaracuxur məscidi”, Yasamal rayonunda “Təzə pir məscidi” və “Hacı Soltanəli məscidi”.

Gəncə şəhəri “İmamzadə kompleksi”, Lənkəran şəhəri “Böyük bazar məscidi”, Mingəçevir şəhəri “Heydər məscidi” , Sumqayıt şəhər “Cümə məscidi”, Şəki şəhəri “İmam Əli məscidi”, Mərkəzi Qan bankının Şırvan bölməsi, Ağcabədi Mərkəzi rayon xəstəxanası, Beyləqan Mərkəzi rayon xəstəxanası, Bərdə rayonu “Bərdə İmamzadəsi”, Biləsuvar rayonu “Cümə məscidi”(mərasim zalı), Cəlilabad Mərkəzi rayon Xəstəxanası, Xaçmaz şəhər Məscidi, Ağsu rayon Mərkəzi Xəstəxanası, Qan bankının Quba bölgəsi, Masallı şəhər Cümə məscidində təşkil olunub.

“Təzəpir” Məscidində keçirilən qanvermə aksiyasında da insan axını gözümüzdən yayınmadı. İnsanların növbəyə durması, yüzlərlə insana şəfa vermək istəyi hər birimiz üçün sevindirici məqam idi.

“Builki qanvermə aksiyalarına daha çox insan müraciət edib”

Qanvermə aksiyası ilə bağlı SƏS TV-yə müsahibə verən Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlmirzəyeva söyləyib ki, artıq 15 ilə yaxındır ki, respublikada Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir.

Onun sözlərinə görə, aksiyalar respublika üzrə 28 məntəqədə, eləcə də Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdində yerləşən Mərkəzi Bankında keçirilir: “Ötən illə müqayisədə bu il məntəqlərin sayı artırılıb. 16 bölgədə qanvermə aksiyaları təşkil olunub. Bura Mərkəzi Qan Bankının bölmələri, xəstəxanalar, məscidlər daxildir. Bölgələr üzrə 10 məsciddə, 4 xəstəxanada, 2 Mərkəzi Qan Bankının bölmələrində hazırda qanvermə aksiyaları keçirilir. Bakı şəhərində inzibati rayonda yerləşən 10 məscid, eləcə də xəstəxanalarda qanvermə aksiyaları keçirilir”.

Aksiyalara Mərkəzi Qan Bankının əməkdaşlarının cəlb olunduğunu deyən Z.Əlmirzəyeva söyləyib ki, Milli Onkologiya Mərkəzi, Neftçilər Xəstəxanası, Elmi Tədqiqat və Cərrahiyə Mərkəzi, Klinik Tibbi Mərkəzi, 3 saylı Xəstəxananın Qan Bankının əməkdaşları da bu işdə yardım edirlər: “Builki qanvermə aksiyalarına daha çox insan müraciət edib. Ötən il ümumilikdə 4 minə yaxın insan qan vermişdisə, bu gün günorta saatlarına olan rəqəmlərə nəzər yetirsək, artıq 4 mindən çox insanın qan verdiyinin şahidi olarıq. Günün sonuna qədər bu rəqəmlərin bir neçə dəfə artacağgözlənilir”.

Kimlər qanverməyə buraxılmır?

İnstitutun direktoru qeyd edib ki, qanverməyə gələn insanlar ilk növbədə müayinə olunur, onlarla sorğu aparılır: “Onlarda hər hansı xəstəliyin olub-olmaması mütləq şəkildə araşdırılır. Qanverməyə sağlam qanı olan insanlar buraxılır. Əgər hər hansı bir xəstəliyə şübhə varsa, həmin insanlar qanverməyə buraxılmır. Burada virus xəstəlikləri, infeksion, cərrahi əməliyyatlar, onkoloji xəstələr, digər xroniki xəstəliklər, hər hansı prosedur, müalicə alan, son iki-üç ay müddətində xarici ölkədə səyahətdə olan insanlar infeksiyaya yoluxmaya görə qanverməyə buraxılmırlar. Daha sonra hemoqlobinin səviyyəsi, qan qrupları yoxlanılır və donorlardan qanlar alınaraq Mərkəzi Qan Bankında eləcə də bizim bölmələrdə virusların olmamasına görə müayinələr aparılır. Qanın təhlükəsizliyinə tam əmin olduqdan sonra təmiz qanlar komponentlərə bölünərək ehtiyacı olan insanlara verilir”.

“Bu cür aksiyaları yüksək qiymətləndirirəm ”

Mütəmadi olaraq könüllü qanvermə aksiyalarına qoşulduğunu deyən aksiya iştirakçısı Samir Şirəliyev bu işə xeyr verməyə çalışdığını dilə gətirib: “Qan verməyimin səbəbi qana ehtiyacı olan xəstələrə şəfa verməkdir. Verdiyim qanla kiməsə xeyr vermiş oluruqsa, bu mənim üçün böyük sevincdir. Biz qan verməklə kimlərinsə sağlamlığına təsir edib, onu xilas etmiş ola bilərik. Bu cür qanvermə aksiyalarını yüksək qiymətləndirirəm. Lakin insan axınını nəzərə almaq şərtilə aksiya keçirilən məkanların qarşısında kölgəlilik və ya oturmaq üçün yer yaradılsa daha yaxşı olar. Qanvermə aksiyaları həm də insanların birliyinin göstəricisidir. Mən bütün insanları, xüsusilə də müsəlmanları, xalqımızı birliyə çağırır, onların da könüllü qanvermə aksiyalarına səsləyirəm. Biz bu birlikdə tezliklə işğal altında torpaqlarımızı da geri qaytaracağıq”.

“Qan verməklə insanlara kömək edə bilərik”

Aksiya iştirakçısı Şəlalə İbrahimova könüllü qanvermə aksiyasına ilk dəfə qoşulduğunu deyib: “Mən ilk dəfədir ki, qanvermə aksiyasına qoşuluram. Aksiyada iştirak etməyimin səbəbi, xərçəng və eləcə də digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım etməkdir. Bu gün başqa yollarla qan çıxarmaq istəyən insanları bu cür aksiyalarda iştirak etməyə dəvət edirəm. Çünki, biz qan verməklə xəstə uşaqlara, qəza keçirən insanlara kömək edə bilərik. Mənim kimi indiyədək bu aksiyada iştirak etməyən insanlara çağırış edib onları qan verməyə dəvət edirəm. Allah bütün xəstələrə şəfa versin!”.

“Yardım etmək müsəlman aləmində bəyənilən addımlardandır”

Artıq 15 ilə yaxındır Aşura günündə təşkil olunan qanvermə aksiyalarının aktiv iştirakçısı olan Eldəniz Məmmədovun məqsədi xəstələrə şəfa nəsib etməkdir: “Mənim əsas məqsədim talassemiyalı xəstələrə yardım etməkdir. Qan qrupları arasında daha çox müsbət resurslu birinci qan qrupuna ehtiyac olduğunu bildiyim üçün hər il bu aksiyalara qoşulmağı özümə borc bilirəm. Yardım etmək müsəlman aləmində bəyənilən addımlardandır. Bunu əsas tutaraq Tanrı yolunda qan verib, körpələrə, qana ehtiyacı olanlara yardım etməyə çalışıram. Kömək etmək mənim niyyətimdir və hər il bu niyyəti yerinə yetirirəm. Qanvermə aksiyalarının keçirilməsini, həkimlərin fəaliyyətini yüksək qiymətləndirirəm. Lakin növbə gözləmək üçün yerlər ayrılsa və ya qanvermə aksiyalarının təşkil edildiyi məkanlarda turniketlər quraşdırılsa növbə gözləyən insanların işini daha da asanlaşdırar. Hər kəs insanlıq naminə bu aksiyalara qoşulmalıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə