Allahşükür Paşazadə: "Qanvermə aksiyası təkcə din xadimləri üçün deyil"

"Aşura günü münasibətilə bütün dünya müsəlmanlarına başsağlığı verir, torpaqlarımızın azadlığı uğurunda həlak olanlara rəhmət diləyirəm". SİA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə qanverdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq illərdir ki, şəhidlərimizi yad edib qan verir bununla başqalarına həyat veririk: "Bu gün bizim adətlərimiz var. Hər yerdə Aşura ilə bağlı tədbirlər keçirilir. QMİ-nin fətvasında yer alan məsələlərə diqqət edilməlidir. Elə məsələlər var ki, buna din yol vermir. Zəncir vurmaq, baş yarmaq düzgün hesab edilmir. Bu gün Azərbaycanda qəbul olunan fətvalari məhdudiyyət kimi qələmə verirlər. Lakin Azərbaycanda hər kəsə məlumdur ki, dindarlar üçün bütün şərait yaradılıb".

QMİ sədrinin sözlərinə görə, Məhərrəm ayından sonra Fatimeyi-Zəhra məscidinin tikintisinə başlanacaq: "Azərbaycanda digər dinlərə də hörmətlə yanaşılır. Din-dövlət münasibətləri yüksək səviyyədədir. Bu yaxınlarda dövlət başçısının tövsiyyəsi ilə İlahiyyat İnstitutu açıldı. Dindarlar adından Prezidentə təşəkkür edirik. Burada təkcə müsəlman deyil, digər dinlərə üçün kadrlar hazırlanacaq. Azərbaycan dini cəhətdən zənginləşir, tanrının bizə verdiyi imkanlar sayəsində ölkəmiz inkişaf edir. Milli-mənəvi dəyərlərimizin bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, bu məsələ dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Aşura gününün Şəhadət günü olduğunu deyən QMİ sədri vurğulayıb ki, bütün müsəlmanlar İmam Hüseyni yada salmalıdırlar: "Bizi birləşdirən Quranı-Kərimimiz var. İnanırıq ki, Məhərrəm ayı dini təlimatlara uyğun şəkildə keçiriləcək. Dindarlarımızı QMİ-nin fətvası uyğun şəkildə addım atmağa çağırırıq. Qanvermə aksiyası təkcə din xadimləri üçün deyil, ümumi azərbaycançılığın təbliğatıdır. Bütün xalqımızı bu işdə yaxından iştirak etməyə çağırıram".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə