Şuranın dəstəyilə həyata keçirilən layihənin yekun tədbiri keçirilib

“Qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirici tədbirlərin təşkili” layihəsinin yekun tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan “Müvəkkil” Hüquq Mərkəzinin sədri Səməd Vəkilov bildirib ki, sözü gedən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə rəhbərlik etdiyi ictimai birlik tərəfindən 5 ay müddətində icra olunub.

Tanınmış hüquqşünas Səməd Vəkilov qeyd edib ki, təşkilatın hüquqşünasları tərəfindən Tərtər, Zaqatala və Lənkəranda “Əmək müqaviləsi: gələcəyə təminat” adlı təlimlər keçirilib. Təlimlərdə ümumilikdə 100-ə yaxın vətəndaş iştirak edib.

Eyni zamanda “Əmək müqaviləsi: gələcəyə təminat” adlı bukletlər çap edilərək vətəndaşlara paylanılıb.

Təşkilat rəhbəri bildirib ki, bundan başqa təşkilatın saytında qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik müddəalarının və digər maarifləndirici materiallardan ibarət “Əmək hüquqları” bölməsi yaradılıb və sosial şəbəkələrdə bu sahədə maarifləndirici fəaliyyətlər həyata keçirilib.

Bu sahədə mətbuat lobbiçiliyinin də aparıldığın qeyd edən sədr, qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi ilə bağlı QHT TV ilə əməkdaşlıqda (internet televiziyası) 1 veriliş hazırlandığını bildirib.

Eyni zamanda maarifləndirici məqalə hazırlanaraq elektron mediada dərc olunub – deyə Səməd Vəkilov qeyd edib.

Təşkilat rəhbəri mövcud vəziyyətlə bağlı təkliflər hazırlanaraq uyğun dövlət qurumlarına təqdim olunacağını diqqətə çatdırıb.

Daha sonra QHT, media və müəssisələrin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb və təkliflər irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə